İfşa edilmiş fırıldaqçı. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу İfşa edilmiş fırıldaqçı - Франц Кафка страница 4
Mənim getdiyim kəndarası yol xeyli daşlı idi və dağa qalxırdı, amma bu xoşuma gəldi və yola davam edib, onu daha daşlı və yoxuşlu hala saldım. Tanışım yavaş getməyə başlayan kimi saçlarından yapışıb yuxarı dartırdım, ah-uf etdikcə isə başına yumruq vururdum. Digər tərəfdən, yaxşı əhval-ruhiyyədə və bu gözəl havada atla gəzintinin səhhətim üçün nə qədər faydalı olduğunu hiss edirdim, odur ki, bu gəzintini daha da nəşəli etmək üçün qarşıdan əsən küləyin təsirini bir az da gücləndirdim. İndi tanışımı çaparkən onun enli kürəyində daha tez-tez atılıb düşürdüm, hər iki əlimlə boynundan yapışaraq başımı mümkün qədər yuxarı qaldırdım və məndən yüngül olmalarına baxmayaraq, küləyin təsiri ilə tənbəl-tənbəl uçuşan buludlara baxdım. Güldüm və qəhrəmanlığımdan qorxub titrədim. Paltomun qabağı açıldı və mənə güc verdi. Tanışımın boynudan daha möhkəm yapışdım və özümü elə apardım ki, guya onu boğduğumdan xəbərsizəm.
Mənim iradəmlə yol qırağında bitən ağacların əyr-üyrü budaqları göy üzünü tədricən görünməz edərkən, bərkdən qışqırdım:
– Axı, mənim başqa işlərim də var, elə həmişə məhəbbət haqqında boşboğazlığa qulaq asmalıyam? Bu boşboğaz aşiqə, axı nə üçün rast gəldim? Onlar xoşbəxtdirlər və bunu başqaları bildikdə, daha da xoşbəxt olurlar. Onlar indi xoşbəxt bir axşam yaşadıqlarını düşünürlər və buna görə də, gələcək həyatları üçün sevinirlər.
Birdən tanışım yerə yıxıldı; baxdım, dizi ağır yaralanmışdı. Bundan sonra mənə heç bir faydası olmayacağını görüb, onu elə oradaca daşların üstündə qoydum və fit çalıb göydən bir neçə çalağan endirdim; çalağanlar itaət edib, sərt dimdikləri ilə onu qorumaq üçün tanışım üstünə qondu.
2. GƏZINTI
Təmkinimi pozmadan yoluma davam etdim. Amma yoxuşlu yolla piyada getməyin ağır olacağından qorxduğum üçün yolu tədricən düzləndirdim və nəhayət, irəlidə görünən ovalığa doğru endirdim.
Qayalıqlar istəyimlə yoxa çıxdı, külək kəsdi və axşamın alatoranında səmtini itirdi. Kifayət qədər sürətlə addımlayırdım. Yoxuş aşağı endiyim üçün dikəlib başımı qaldırmış və əllərimi ənsəmdə çarpazlamışdım. Küknar meşələrini xoşlayırdım, ona görə də belə meşələrdən keçib gedirdim, dinib-danışmadan ulduzlu səmaya baxmağı sevdiyim üçün göy üzündə yavaş-yavaş və özlərinə xas bir dincliklə ulduzlar doğurdu. Bir-iki uzunsov bulud parçası gördüm, onları yalnız o yüksəklikdə əsən bir külək qabağına qatıb qovurdu.
Yolumun üstünə, xeyli uzaqda mənimlə arasında çay olan bir dağ qoydum; kolluqlarla örtülmüş zirvəsi göyə söykənmişdi. Ən yuxarıdakı kiçik budaqları və onların hətta titrəyişlərini də açıq-aşkar görə bilirdim. Bu mənzərə nə qədər adi olsa da, məni elə sevindirdi ki, uzaqdakı qarmaqarışıq kolluqların budağında kiçik bir quşa çevrildim, o anda çoxdan dağın arxasında gözləyən və bu qədər yubandığına görə yəqin ki, hirslənmiş olan Aya doğmaq əmrini verməyi unutdum.
Amma bu an Ayın doğacağını xəbər verən sərin parıltı dağın üstünə yayılmağa başladı və birdən Ayın özü də narahat kolluqlardan birinin arxasından çıxıb yüksəldi. Mənsə bu zaman başqa bir tərəfə baxırdım və başımı çevirib birdən qarşımda dəyirmi Ayın parıldadığını gördükdə dumanlı gözlərimi döyə-döyə qaldım; çünki elə bildim, aşağı enən yol məni bu qorxunc Ayın içinə aparır.
Amma çox keçmədən Aya alışdım və onun nə zəhmətlə göyə yüksəldiyini sakitcə seyr etdim. Bir-birimizə doğru xeyli irəlilədik, nəhayət, şirin bir yuxu mənə güc gəldi; məncə bu, geridə qalmış və unutduğum bir günün verdiyi yorğunluğun nəticəsiydi. Bir müddət gözlərim yumulu halda yeridim, yalnız əllərimi bərkdən bir-birinə vurduğum üçün yuxuya getmirdim.
Lakin sonra yol ayaqlarımın altında sürüşməyə və hər şey mənim kimi yorulub gözdən itməyə başladıqda, gecəni keçirməyə hazırlaşdığım qarışıq və hündür küknar meşəsinə vaxtında gedib çatmaq üçün yolun sağındakı yamacla tələsə-tələsə qalxmağa başladım. Tələsmək lazım idi. Ulduzlar qaralmağa başlamışdı, ay sanki bulanıq suda batırmış kimi tutqunlaşmış-dı. Dağ zülmətin bir parçasına çevrilmişdi, yol isə mənim yamaca qalxdığım yerdə qurtarmışdı. Meşənin dərinliyində yerə düşən budaqların getdikcə yaxınlaşan çatırtısını eşidirdim. Yatmaq üçün özümü dərhal mamırların üstünə ata bilərdim, amma qarışqalardan qorxduğum üçün ayaqlarımı budaqların üstünə qoyaraq bir ağaca çıxdım; işə bax, ağac küləksiz havada yırğalanmağa başlamışdı, bir budağın üstündə uzanıb başımı ağacın gövdəsinə söykədim, və o anda mənim istəyimlə orada olan bir dələ quyruğunu yuxarı qaldıraraq, budağın titrək ucunda oturub yellənərkən sakitcə yuxuya getdim.
Röyasız dərin bir yuxuya getdim. Nə Ayın batması, nə də Günəşin doğması məni oyandırdı. Hətta oyanmağa hazır olduqda da özümü sakitləşdirərək dedim: “Dünən bütün günü çox əziyyət çəkibsən, nə üçün yuxuna haram qatırsan” və yenidən yatdım.
Heç bir yuxu görməsəm də, yenə də gecə boyunca yatmağıma azacıq mane olan bir şey vardı. Bütün gecəni yanımda kiminsə danışdığını eşitmişdim. “Çay kənarında skamya”, “dumanlı dağlar”, “tüstüsü işıldayan qatarlar” kimi ayrı-ayrı sözlərdən başqa danışılanları eşitməmiş, ancaq bunların hansı intonasiya ilə deyildiyini duymuşdum. Və yadımdadır, yatdığım üçün ayrı-ayrı sözləri anlaya bilmədiyimə görə sevinmiş, yuxulu olsam da, sevincimdən əllərimi ovuşdurmuşdum.
Gecə yarısından əvvəl bu səs şən və məsum idi. Qorxdum, çünki hələ mən buraya çıxanda yırğalanan ağacı kiminsə aşağıdan mişarladığını düşündüm… Gecəyarısından sonra səs ciddiləşdi, zəiflədi və sözlər arasında fasilə etməyə başladı, sanki o mənim vermədiyim sualların cavabını deməyə çalışırdı. Bu zaman özümü rahat hiss elədim və dikəlmək istədim… Səhərə yaxın səs daha da mehribanlaşdı. Danışanın yeri mənimkindən heç də etibarlı deyildi, çünki onun yaxındakı budaqların arasından danışdığını gördüm. Cürətləndim və kürəyimi ona çevirərək uzandım. Görünür, bu onu məyus etmişdi, çünki danışmağı kəsib uzun müddət susdu, yalnız səhər çağı, artıq bu səsi unutmağa başladığım vaxt sakitcə ah çəkərək məni oyatdı.
Nəinki başımın üzərində olan, hətta bütünlüklə məni əhatə edən buludlu səmaya baxırdım. Buludlar o qədər ağır idi ki, lap aşağıdan mamırların üstü ilə üzür, ağaclarla toqquşur, budaqlara dəyib parçalanırdı. Bəziləri isə külək güclənib onları qovana qədər