İfşa edilmiş fırıldaqçı. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу İfşa edilmiş fırıldaqçı - Франц Кафка страница 6
Xərəkçilərin ayaq səsləri mənim sahilimə qədər gəlib çatırdı, amma üzlərinin qaranlıq dördbucağında heç bir şeyi aydın seçə bilmirdim. Amma daşıdıqları yük qeyri-adi olduğu üçün başlarını yana əydiklərini, bellərini bükdüklərini görə bilirdim. Onlara görə narahat olmuşdum, çünki yorulmuşdular. Bu səbəbdən, sahildəki çəmənliyə ayaq basdıqlarını gördükdə onları maraqla izləməyə başladım. Sonra düzgün addımlarla nəm qumların üstündə yeriməyə başladılar, nəhayət qamışlı bataqlığa daldılar; arxadakı xərəkçilər xərəyi üfüqi vəziyyətdə saxlamaq üçün bellərini daha aşağı əymişdilər. Barmaqlarımı bir-birinə keçirtdim. İndi onlar hər addımda ayaqlarını daha da yuxarı qaldırmalı idilər, buna görə də bədənləri bu dəyişkən günün sərin havasında tərdən işıldayırdı.
Gombul əllərini budlarının üstünə qoyaraq sakitcə oturmuşdu; qamışların uzun ucları irəlidəki xərəkçilər keçərkən gərilir, sonra gombulun bədəninə çırpılırdı.
Suya yaxınlaşdıqca xərəkçilərin hərəkəti daha da nizamsız olurdu. Bəzən xərək sanki dalğaların üstündəymiş kimi möhkəmcə yırğalanırdı. Qamışlıqdakı gölməçələrin üstündən tullanmaq ya da yanından keçmək lazım idi, çünki onlar dərin ola bilərdilər. Birdən çöl ördəkləri qıyya çəkərək havaya qalxdı və qara buludun içinə girdi. Bir anlığa gombulun üz ifadəsini gördüm; bərk narahat olduğu sezilirdi. Ayağa qalxıb, məni sudan ayıran daşlı yamacla yöndəmsiz sıçrayışlarla aşağı endim. Bunun təhlükəli olduğuna əhəmiyyət vermirdim, ağlımda yalnız bir fikir vardı: nökərlər gücdən düşüb gombulu apara bilmədikdə, onun köməyinə çatmalıyam. Elə ağılsızca qaçırdım ki, aşağıda çayın kənarında özümü saxlaya bilməyib, ətrafa sıçrayan suların arası ilə bir müddət qaçmağa davam etdim və yalnız su dizimə çatanda dayana bildim.
Qarşı sahildə nökərlər xərəklə birlikdə suya girmişdilər və bir əlləri ilə özlərini azğın sularda saxlamağa çalışarkən, dörd tüklü qol da xərəyə dayaq vermişdi; bu zaman onların qeyri-adi dərəcədə şişmiş əzələləri görünürdü.
Su xərəkçilərin əvvəlcə çənəsinə çatdı, sonra ağızlarına qədər çıxdı; başları geriyə qanrıldı, xərək isə çiyinlərinin üstünə düşdü. İndi su burunlarına çırpılırdı, amma onlar öz səylərin-dən əl çəkmirdilər, hərçənd çayın heç ortasına da çatmamışdılar. Bu zaman çox da hündür olmayan bir dalğa qabaqda gedən xərəkçilərin başına çırpılaraq onları suya batırdı və dörd adam çabalayan əlləri ilə xərəyi də özləri ilə aşağı çəkərək səssiz-səmirsiz boğuldu. Və sürətlə gələn dalğalar onların yerini tutdu.
Bu an böyük bir buludun kənarlarından sızan axşam günəşinin zəif işığı üfüqdəki təpələri və dağları aydınlatdı. Buludun altında qalan çay və ərazi tutqun şəkildə işıqlanmışdı.
Gombul yavaş-yavaş suyun axın istiqamətinə döndü və artıq lazımsız olan, buna görə də suya atılan parlaq taxtadan düzəldilmiş tanrı heykəli kimi çayın aşağısına tərəf sürüklənib getdi. Qara buludun kölgəsi isə onun arxasınca düşmüşdü. Uzunsov buludlar gombulu qabaqdan dartır, kiçik və büzüşmüş buludlar isə arxadan itələyirdi; bu isə böyük çalxalanmaya səbəb olurdu, dizlərimə və sahildəki daşlara çırpılan dalğalar bunu açıq-aydın göstərirdi.
Gombulla birlikdə yol getmək üçün tez yamacla yuxarı dırmandım, çünki onu həqiqətən sevirdim. Həm də ilk baxışdan təhlükəsiz görünən bu ölkənin təhlükələri haqqında ondan bəlkə nə isə öyrənə bilərdim. Beləcə, ensiz qum zolağı ilə yeriməyə başladım, amma qum zolağının darlığına əvvəlcə alışmaq lazım idi. Əllərimi ciblərimə salmış, üzümü düz bucaq altında çaya tərəf çevirmişdim, çənəm demək olar ki, çiynimə yapışmışdı.
Sahildəki daşlara qaranquşlar qonmuşdu.
Gombul dedi:
– Sahildə dayanmış əziz cənab, məni xilas etməyə çalışmayın. Bu suyun və küləyin qisasıdır; mənim işim bitib. Bəli, bu qisasdır, çünki dostum İbadətkarla indiyə qədər neçə dəfə qılıncların cingiltisi və kimvalların2 gözqamaşdırıcı parıltısında, boruların və litavraların möhtəşəm və parlaq şüaları altında bunların üzərinə hücum çəkdik.
Bu zaman balaca bir qağayı sürətini azaltmadan gombulun qarnının üstündən uçub keçdi.
Gombul sözünə davam etdi:
b) İbadətkarla söhbətin başlaması
– Bir vaxtlar bir kilsə vardı, hər gün oraya gedərdim; çünki aşiq olduğum qız axşamlar burada yarım saat diz çöküb ibadət edər, mən də ona rahatca tamaşa edərdim.
Bir gün bu qız kilsəyə gəlmədi; ibadət edənlərə narazı halda baxırdım ki, çəlimsiz bədənini döşəmənin üstünə uzatmış gənc bir adam gözümə sataşdı. Zaman-zaman bütün gücünü toplayaraq başını qaldırır və ah çəkərək onu daşların üzərinə sərilmiş əllərinin içinə qoyurdu.
Kilsədə yalnız bir neçə yaşlı qadın vardı; örtüklü başlarını tez-tez yana çevirib İbadətkara baxırdılar. Deyəsən, gənc adam onların diqqətini cəlb etdiyi üçün özünü xoşbəxt hiss edirdi, çünki ibadət zamanı hər dəfə cuşa gəlməzdən əvvəl gözlərini gəzdirir və ona baxan adamların çox olub-olmadığını yoxlayırdı.
Mənsə bunu yaxşı hərəkət hesab etmədim, kilsədən çıxar-çıxmaz gedib onunla danışmağa və nə üçün bu cür ibadət etdiyini soruşub öyrənməyə qərar verdim. Bəli, acıqlı idim, əsəbiləşmişdim, çünki sevgilim kilsəyə gəlməmişdi.
Lakin o ancaq yarım saatdan sonra ayağa qalxdı, canfəşanlıqla xaç vurdu və tənbəl addımlarla müqəddəs piyaləyə doğru yeridi. Mən qapı ilə suçiləyicinin arasında dayandım, söhbət etmədən ona yol verməməyi qərara almışdım. Danışmağı qətiləşdirdiyim zaman buna hazırlaşmaq üçün həmişə etdiyim kimi ağzımı büzdüm; sağ ayağımı irəli uzadıb bədənimin ağırlığını onun üstünə saldım, sol ayağımı isə barmaqlarımın ucu ilə yerə dayadım; yoxlamışdım, bu mənə mətinlik verirdi.
Bəlkə bu adam üzünü müqəddəs su ilə isladarkən mənə çəpəki baxmışdı, bəlkə də məni daha əvvəl görüb təşvişə düşmüşdü, çünki birdən-birə götürülüb özünü qapıdan çölə atdı. Şüşə qapı çırpılaraq
2
Kimval və litavra – zərb alətləri