Hacı Zeynalabdin Tağıyev. Müsəllim Həsənov
Чтение книги онлайн.
Читать онлайн книгу Hacı Zeynalabdin Tağıyev - Müsəllim Həsənov страница 4
H.Z.Tağıyevin vəfat etdiyi tarix dəqiq məlumdur: 1924-cü il sentyabrın 1-i, axşam saat 7:30…
«Bakinski raboçi» qəzetinin 3 sentyabr tarixli nömrəsində Sona xanım və İlyas Tağıyevlər əzizlərinə və tanışlarına H.Z.Tağıyevin sentyabrın 1-də axşam saat 7:30-da Mərdəkan kəndində vəfat etdiyi barədə məlumat verirlər. Onu da bildirirlər ki, mərhum sentyabrın 4-də səhər saat 10-da Mərdəkanda dəfn ediləcək. Yas mərasimi sentyabrın 1-dən 4-nə qədər Mərdəkanda təşkil olunacaq.
Qəzetdə Sara xanım və onun həyat yoldaşı Zeynal bəy Səlimxanovun, başqa qohum və əzizlərinin adından da elanlar var.
Oxşar elanlar Azərbaycan dilində nəşr edilən «Kommunist» qəzetində də verilir.
Tağıyevin vəfatı ilə bağlı bir əfsanə var. Deyirlər ki, guya Hacının vəfatından sonra Nəriman Nərimanovun tapşırığı ilə qəzetlərdə onun haqqında nekroloq dərc edilib.
Tağıyev vəfat edəndə Nərimanov artıq Moskvada işləyirdi. Və Bakıda söz sahibi deyildi. Həmin vaxt bu şəhərdə, bu respublikada söz sahibi S.M.Kirov idi. Deməli, Nərimanov tapşırıq verə bilməzdi.
Yəqin ki, Nərimanovun imkanı olsa, necə deyərlər, əli çatsaydı, ən azı Hacının vəfatından bir neçə gün sonra «Kommunist» qəzetində onun haqqında tənqidi yazı dərc olunmasına icazə verməzdi.
Həmin yazı isə belə başlayırdı: «Bu gün ölüm xəbərini verdiyimiz Hacı Zeynalabdin Tağıyev Azərbaycanın sərvətdarlıq həyatında böyük rol oynayan milyonçulardan biri idi.
Tağıyev varlı idi. Minlərcə əməkçini istismar edəcək müəssisə və fabriklərə sahib idi. Lakin eyni zamanda öz gələcək mənfəətini düşünən bir şəxs olub, xalqın rəğbətini cəlb etmək üçün Bakı, ümumiyyətlə, Azərbaycan camaatı arasında maarif sahəsindəki xidmətləri ilə şöhrət qazanmışdı. Bu cür «xidmət» onun uzaqgörücülüyünün nəticəsi idi. O, maarifə xərclədiyi pulların müqabilində avam camaatın hüsntəvəccöhünü qazanmış və bu sayədə yağlı tikələrin ən dadlısını rəqibləri olan Musa Nağıyev, Əsədullayev və başqalarının boğazından çıxarıb öz əlində saxlamaq istəmişdi».
Təbii ki, bu fikirlər ağ yalan idi. Çünki Şəmsi Əsədullayevin müflis olduğu vaxtda Tağıyevə müraciət etdiyi, onun köməyi ilə xilas olduğu barədə sənədlər var.
«Kommunist» davam edir: «Kapitalist rəqabətin hökm-fərma olan qanunlarını o gözəl anlamışdı. Bu səbəblə də o, başqalarına nisbətən «qabaqda gedənlərdən» idi.
Çoxdan bəri söylənmiş bir kapitalist şüarı gərəyincə «Reklam ticarətin mihrakıdır1».
İştə Tağıyevin maarifçilik və camaata «bir parça çörək vermək» siyasəti həmən özünə reklama yaratmaqdan başqa bir şey deyildi».
Həmin yazı bu cür insafsız ruhda davam edir.
Məsəl var, deyirlər, ölənin dalınca ya yaxşı danışarlar, ya da heç danışmazlar. Bunu «Kommunist»də «nekroloq» yazan müəllif də yaxşı bilir. Elə həmin məsəli də xatırladır. Bununla belə, Hacını son mənzilə tikanlı sözlərlə yola salır: «Hacı öldü. Onun vəfatı olduqca pür-əlamət bir zamana təsadüf etdi. O da Azərbaycanda, ümumiyyətlə, burjuaziya sinfinin bir sinif kimi ölüb məhv olmaq zamanıdır.
Hacının vəfatı gücdən düşmüş və unudulmuş burjuaziyanın son nəfəsi olacaqdır.
Ölmüşlər haqqında ya yaxşı söylərlər, ya heç danışmazlar.
Azərbaycan əməkçiləri kinli və ədavətli deyildirlər. Əllərində olan ixtiyar və hakimiyyət keçmişin acısını onların yadından çıxarmaq üzrədir. Ona görə də vəfat etmiş Hacı haqqında fəna danışmayacaqlar. Onu bu gündən etibarən, sadəcə, unudacaqlardır.
Nasıl ki keçmişdəki bütün sinif düşmənlərini unuduyorlar».
«Bakinski raboçi» qəzeti isə Tağıyevi kiçik bir xəbərlə yada salır: «Z.A.Tağıyevin vəfatı (bolşevik qəzeti «Hacı» titulunu ixtisar edir: «Zeynal Abdin Tağıyevin vəfatı» yazır – M.H.). Zeynal Abdin Tağıyev sentyabrın 1-də 105 yaşında Mərdəkanda ağ ciyər iltihabından vəfat etmişdir. Mərhum nəhəng sənayeçi, maliyyəçi və böyük filantroplardan2 biri kimi məşhur idi».
Hacı, həqiqətən, 105 yaşındamı vəfat edib? Bu suala birmənalı cavab vermək mümkün deyil. Əgər təsdiq cavabı verilsə, onda belə çıxır ki, məşhur milyonçu 1819-cu ildə doğulub. Lakin…
1900-cü ilin sentyabrında Tağıyevin fəaliyyətinin 50 illiyi tamam olur və bu münasibətlə Nəriman Nərimanov ilk dəfə onun haqqında kiçik bir kitab yazır: «Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaətə xidmətləri». Həmin kitabda Hacının doğum tarixi barədə belə bir qeyd var: «Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Badkubədə (Bakının tarixi adlarından biri – red.) təvəllüd olubdur. Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırırdı. On yaşınadək Hacı Zeynalabdin atasının tərbiyəsində olubdur».
Bu, Tağıyevin müasiri və onu yaxından tanıyan Nərimanovun qeydləridir. Nərimanovdan təxminən on il sonra – 1912-ci ildə H.Z.Tağıyev Bakı Dairə Məhkəməsinin müttəhimlər kürsüsündə oturmalı olub. «Tağıyev–Behbudov» qalmaqalına görə… Məhkəmədə Tağıyevin tərcümeyi-halı səsləndirilir və onun 74 yaşı olduğu elan edilir. Bu fakt da Hacının 1838-ci ildə doğulduğundan xəbər verir.
Təəssüf ki, doğum tarixi ilə bağlı bu məlumatların heç biri yazılı kağızla, sənədlə təsdiq olunmur. Həm də ona görə ki XIX əsrin ortalarında, xüsusən əsrin əvvəllərində Bakıda yazı-pozu işi bir az pərakəndə olub. O vaxt doğum tarixinin dəqiq qeydə alınması o qədər də real deyil. Belə olan təqdirdə Tağıyevin neçənci ildə doğulduğunu dəqiq söyləmək mümkün olmur.
Əvəzində əfsanə üçün meydan açılır. Deyirlər ki, guya Tağıyev doğum tarixini sonralar özü «irəli çəkib» ki, ikinci dəfə general Ərəblinskinin azyaşlı qızı ilə evlənəndə yaş fərqi çox görünməsin.
Nə dərəcədə inandırıcıdır? Bilmirik. Bununla belə, Dövlət Tarix Arxivində H.Z.Tağıyevin özünün 1916-cı ildə Rusiya imperatoruna ünvanlanmış bir məktubunun surəti saxlanılır. Məsələ ondadır ki, həmin 1916-cı ildə Hacı özünün, həyat yoldaşının və övladlarının adının ümumi zadəgan şəcərə kitabına daxil olunması üçün müraciət edir. Əslində, Hacı zadəgan nəslindən deyildi. Atası sadə başmaqçı olmuşdu. Amma həqiqi dövlət müşaviri rütbəsi aldığına görə artıq əsilzadə sayılırdı. Lakin Ali Senat Hacının özünün və ailə üzvlərinin adının zadəgan şəcərə kitabına daxil edilməsi barədə vəsatətini rədd
1
2