Balaca və Karlson. Астрид Линдгрен
Чтение книги онлайн.
Читать онлайн книгу Balaca və Karlson - Астрид Линдгрен страница 3
– Gözəl şəkillərdir! Son dərəcə gözəldir. Ancaq hər halda, mənim çəkdiklərimdən gözəl deyil.
Balaca ayağa durdu. Sevincinin həddi-hüdudu yox idi, axı Karlson gəlmişdi.
Balaca soruşdu:
– Orda, damda sənin çox şəklin var?
– Bir neçə min olar. Axı mən özüm boş vaxtlarımda şəkil çəkirəm; məsələn, dünyanın ən məşhur xoruzçəkəni mənəm.
Belə deyib Karlson ehtiyatla Balacanın yanında yerə endi.
Balaca təəccüblə dedi:
– Doğrudan elədir?! Olar ki, mən də səninlə dama qalxım? Sənin buxar maşınlarına, şəkillərinə elə baxmaq istəyirəm ki!
Karlson cavabında dedi:
– Əlbəttə ki, olar. Evimin əziz qonağı olarsan… Ancaq indi yox, başqa vaxt apararam.
– Kaş o gün tez gələydi, – Balaca ürəkdən arzuladı.
Karlson dedi:
– Sakit, bircə sən sakit ol! Mən əvvəl evimi yığışdırıb səliqəyə salmalıyam. Doğrudur, bu, çox vaxt aparmayacaq. Sən, yəqin, bilirsən ki, dünyanın ən tez ev yığışdıranı kimdir?
Balaca ehtiyatla dedi:
– Görünür, sənsən!
Karlson əsəbiləşdi:
– Hələ bir «görünür» də deyirsən?! Sən bu işə necə şəkk gətirə bilərsən! Damda yaşayan Karlson otağı tez təmizləməkdə dünyanın ən məşhur və yeganə ustasıdır. Bunu hamı bilir.
Balacanın artıq heç şübhəsi yox idi ki, hər işin «ən məşhur ustası» Karlsondur.
Bu vaxt Karlson ətrafa maraqla nəzər salaraq dedi:
– Ürəyim bir balaca əylənmək istəyir. Sənə təzə buxar maşını almayıblar ki?
Balaca başını buladı. O, buxar maşınını xatırlayıb düşündü: «Bax indi Karlson burdadır. Atamla anam onu görüb əmin ola bilərlər ki, mən Karlsonu uydurmamışam, o həqiqətdir». Əgər Bosse ilə Betan da evdə olsaydı, Karlsonu Balaca elə onlara da göstərərdi.
Balaca soruşdu:
– Anamla, atamla tanış olmaq istəyirsənmi?
Karlson cavab verdi:
– Əlbəttə! Böyük məmnuniyyətlə! Məni gördüklərinə çox şad olacaqlar, axı mən çox qəşəng və ağıllıyam…
Bu vaxt mətbəxdən ət qızartmasının ətri gəldi. Balaca başa düşdü ki, nahar vaxtı yaxınlaşır. O, bir qədər fikirləşib qərara aldı ki, Karlsonu valideynləri ilə nahardan sonra tanış etsin. Əvvəla, ana ət qızardanda gərək onun əl-ayağına dolaşmayasan. Bundan başqa, ana ilə ata Karlsonu buxar maşını, kitab rəfindəki ləkələr barədə sorğu-suala tuta bilərlər… Belə söhbətə isə qətiyyən yol vermək olmaz. Nahar vaxtı Balaca dünyada buxar maşınlarının ən məşhur mütəxəssisi ilə necə rəftar etməyi valideynlərinə başa salar, onlar da hər şeyi qabaqcadan bilər. Yalnız bundan sonra Balaca ailə üzvlərinin hamısını öz otağına dəvət edər. Ən yaxşısı elə budur!
Balaca bu planı qurarkən Karlson birdən axtarış iti kimi ətrafı imsiləməyə başladı. O dedi:
– Ət qızardırlar. Qızarmış xırdaca küftələr üçün ürəyim gedir.
Balaca özünü itirdi. Əslində, Karlsonun bu sözünə yalnız belə cavab vermək lazım idi: «İstəyirsən qal, bizimlə nahar elə». Lakin Balacanın bu təklifi söyləməyə cəsarəti çatmadı. Axı valideynləri ilə razılaşmadan Karlsonu nahara dəvət etmək olmazdı. Əvvəla, onlar Karlsonla tanış deyildilər. İkincisi də bu şəxs buxar maşınını partlatmış, kitab rəfini korlamışdı.
Ancaq Karlson indicə söylədi ki, ləzzətli, xırda küftələrdən xoşu gəlir. Deməli, Balaca mütləq onu küftəyə qonaq etməli idi. Yoxsa Karlson Balacadan inciyər və daha onunla oynamazdı… İndi bütün işlər bu ləzzətli, xırdaca küftələrdən asılı idi!
Balaca dedi:
– Bir dəqiqə gözlə, gedim mətbəxdən küftə gətirim.
Karlson başı ilə razılıq verdi.
Balacanın arxasınca:
– Tez ol, gətir gəl, – dedi, – şəkilnən qarın doymaz!
Balaca mətbəxə getdi. Dama-dama önlük bağlamış ana pilətənin qabağında durub ləzzətli küftələr qızardırdı. O, tez-tez böyük tavanı silkələyir, bir-birinə söykənmiş xırdaca küftələr çevrilirdi.
Ana dedi:
– Balaca, nə istəyirsən? İndicə nahar edəcəyik.
Balaca az qala yalvara-yalvara dedi:
– Anacan, zəhmət olmasa, nəlbəkiyə bir-iki dənə qızarmış küftə qoy. Mən onları öz otağıma aparacağam.
Ana dedi:
– Oğlum, indicə oturub nahar edəcəyik.
– Bilirəm, ancaq bu küftələr mənə lazımdır… Nahardan sonra hər şeyi sənə söyləyərəm.
– Yaxşı, yaxşı, – deyən ana xırda nimçəyə altı küftə qoydu. – Al, apar!
Küftələr elə gözəl idi ki! İyi adamı bihuş edirdi, özləri də qıpqırmızı qızarmışdı.
Balaca nimçəni ikiəlli tutub öz otağına getdi. Qapını açanda ucadan dedi:
– Karlson, mən gəldim!
Lakin Karlson gözə dəymirdi. Balaca əlində nimçə otağın ortasında durub ətrafa göz gəzdirdi. Karlson yox idi. Balaca elə kədərləndi ki, o saat qanı qaraldı və məyus halda ucadan dedi:
– O çıxıb gedib. O gedib!
Birdən Balaca qəribə ciyilti eşitdi, başını çevirdi. Çarpayıda, balışın lap yanında, yorğanın altında xırdaca bir yumaq tərpənir və ciyildəyirdi.
– Ciy, ciy!
Sonra Karlsonun hiyləgər üzü yorğanın altından göründü.
– Hi-hi! Sən dedin ki, «o gedib», «o gedib…» Hi-hi, «o» heç də getməyib, «o», sadəcə, gizlənib.