Balaca və Karlson. Астрид Линдгрен
Чтение книги онлайн.
Читать онлайн книгу Balaca və Karlson - Астрид Линдгрен страница 4
Bu vaxt mətbəxdən ananın səsi eşidildi:
– Balaca, nahar hazırdır, tez ol, əllərini yu!
Balaca nimçəni döşəməyə qoyub Karlsona dedi:
– Mən getməliyəm. Ancaq tez qayıdacağam. Söz ver ki, məni gözləyəcəksən.
Karlson dedi:
– Yaxşı, gözləyərəm. Bəs mən burda sənsiz nə edim? – Karlson aşağı şığıdı. Balacanın yanında yerə endi. – Sənsiz qaldığım müddətdə maraqlı bir işlə məşğul olmaq istəyirəm. Sənin, doğrudan, daha buxar maşının yoxdur?
Balaca dedi:
– Yoxdur. Maşınım yoxdur, kubiklərim var.
Karlson dedi:
– Göstər görüm.
Balaca oyuncaqları yığılmış şkafdan içində tikinti materialları olan yeşiyi götürdü. Bu, doğrudan da, gözəl tikinti materialları idi: hərəsi də müxtəlif rəngdə və ölçüdə. Onları bir-birinə bərkidib istədiyin şeyi düzəldə bilərdin.
Balaca dedi:
– Bunlarla oyna. Bax, bunlardan avtomobil də, qaldırıcı kran da, bir sözlə, nə istəsən düzəldə bilərsən…
Karlson Balacanın sözünü ağzında qoyub dedi:
– Məgər dünyanın ən məşhur tikinti ustası onlardan nə düzəltmək mümkün olduğunu sənin qədər bilmir?
Karlson küftələrdən birini də ağzına soxdu və içində kubik olan yeşiyə sarı cumdu. Kubikləri döşəməyə boşaldaraq dedi:
– İndi düzəldərəm, görərsən.
Balaca gedib nahar etməli idi. O, məmnuniyyətlə burada qalar, dünyanın ən gözəl tikinti ustasının işinə baxardı! Amma o, nahara getməli idi.
Balaca yemək otağına gələndə ana, ata, Bosse və Betan artıq stolun dövrəsində oturmuşdular. Balaca öz yerində əyləşdi, önlüyünü taxıb dedi:
– Ana, mənə söz ver. Ata, sən də söz verməlisən.
Ana soruşdu:
– Biz niyə söz verməliyik ki?
– Əvvəl söz ver, sonra deyərəm!
Ata heç nə bilmədən, kor-koranə söz verməyin əleyhinə idi. O dedi:
– Bəlkə, sən yenə it istəyəcəksən?
Düzdür, Balaca itinin olmasını çox arzulayırdı. Amma indi onun başqa sözü vardı. Odur ki dedi:
– Yox, it istəməyəcəyəm. Ancaq ürəyin istəyirsə, mənə it də boyun ola bilərsən! İndi deyəcəyim isə tamam başqa məsələdir. Söz verin.
Ana dedi:
– Yaxşı da, oldu.
Balaca sevincək dilləndi:
– Deməli, söz verdiniz ki, damda yaşayan Karlsona buxar maşını barədə heç nə deməyəcəksiniz…
– Qəribədir, – Betan söhbətə qarışdı, – bir halda ki onlar Karlsonla görüşməyəcəklər, buxar maşını ilə bağlı necə sorğu-sual edə bilərlər?
– Yox, görüşəcəklər, – Balaca arxayın cavab verdi, – çünki Karlson mənim otağımdadır.
Bosse çığırdı:
– Oy, az qalmışdı boğulam! Deyirsən Karlson sənin otağındadır?
– Bəli, ordadır! – Balaca məğrur nəzərlərlə ətrafa baxdı.
Kaş ki onlar naharı tez qurtarıb Karlsonu gözləri ilə görəydilər…
Ana dedi:
– Karlsonla görüşmək bizə xoşdur.
Balaca dedi:
– Elə Karlson da bu fikirdədir!
Nəhayət, kompotu içdilər. Ana stolun arxasından qalxdı. Son dəqiqələr gəlib çatdı.
Balaca dedi:
– Hamımız gedək!
O irəlidə, ailə üzvləri isə arxada gedirdi. Otağının qapısına çatanda Balaca dedi:
– Ancaq verdiyiniz sözün üstündə durun. Buxar maşını barədə bir kəlmə də danışmayın!
Sonra o, qapının dəstəyini dartıb açdı.
Karlson otaqda yox idi. Həm də bu dəfə doğrudan yox idi. Balacanın yatağındakı xırdaca yumaq da tərpənmirdi.
Yerdə kubiklərdən bir qüllə ucaldılmışdı. Qüllə çox hündür idi. Üstəlik, o, kubikləri, sadəcə, bir-birinin üstünə yığmışdı. Nəticədə uzun və ensiz bir qüllə alınmışdı. Qüllənin son kubikinin üstünə isə günbəz əvəzinə, o, xırdaca küftə qoymuşdu.
Karlson çadır oyunu oynayır
Balaca lap dilxor idi. Kubiklərin küftə ilə bəzənməsi, əlbəttə, ananın xoşuna gəlməmişdi. O, şübhə etmirdi ki, bu elə Balacanın öz işidir.
Əvvəlcə ata dilləndi:
– Bilirsən, Balaca, biz daha sənin Karlson barədəki uydurmalarını eşitmək istəmirik!
Sonra Betan kinayə ilə dedi:
– Bu Karlson yaman hiyləgərdir ha! Həmişə biz gələndə yoxa çıxır.
Pərt olmuş Balaca soyumuş küftəni yeyib kubikləri yığmağa başladı. Karlson barədə danışmağın indi qətiyyən yeri deyildi. Amma Karlson da yaxşı iş görmədi, onu pis vəziyyətdə qoydu.
Ata Balacanın üzünü sığallayıb dedi:
– Gəlin gedək qəhvə içək, Karlsonu da unudaq.
Onlar birlikdə qəhvə içmək üçün yemək otağına qayıtdılar. Bir müddət sonra ana ilə ata kinoteatra getdilər. Bosse isə stadiona yollandı. Betan isə dostu Pelle ilə qonaq otağında söhbət edirdi.
Balaca öz otağına gəldi. O nə edəcəyini bilmirdi. Çox darıxdığı üçün pəncərədən küçəyə baxmağa başladı. Bu vaxt mühərrik səsi eşitdi. Heç bir dəqiqə çəkmədi ki, Karlson