Balaca lord. Фрэнсис Элиза Бёрнетт

Чтение книги онлайн.

Читать онлайн книгу Balaca lord - Фрэнсис Элиза Бёрнетт страница 3

Balaca lord - Фрэнсис Элиза Бёрнетт Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

Meri dünən buna görə məni evə aparmağa gəlmişdi.

      Cənab Hobbs özünü kürsüyə yıxıb əlindəki dəsmalla alnının tərini sildi.

      – Deyəsən, səni yox, məni gün vurub… – o, güclə dilləndi.

      – Yox, cənab Hobbs, heç birimizi gün vurmayıb. Babam vəkil Hevişemi İngiltərədən göndərib ki, bunu bizə xəbər versin.

      Qoca baqqal çaşqınlıqla uşağın üzünə baxıb soruşdu:

      – Sənin baban kimdir ki?

      Sedrik əlini cibinə salıb səliqə ilə dörd qatlanmış bir kağız çıxardı. Kağızda iri hərflərlə nəsə yazılmışdı.

      – Babamın adı çox uzundur, yadda saxlamaq çətindir, ona görə kağıza yazmışam, – uşaq izahat verdi.

      Sonra uca səslə yazılanları oxumağa başladı:

      – «Dorinkort qrafı Con Artur Molino Errol» – babamın adı belədir, – Sedrik dedi. – O, İngiltərədə bir qəsrdə yaşayır. Daha doğrusu, iki qəsrdə… Bəlkə də, üç… Mən dəqiq bilmirəm. Atam onun ən kiçik oğludur. Əgər o, sağ olsaydı, mən nə lord, nə də qraf olacaqdım. Əslində, əmilərim yaşasaydı, heç atam da qraf ola bilməyəcəkdi. Ancaq onların hamısı ölüb, odur ki qraflıq növbəsi mənə çatıb. Ona görə də babam adam göndərib ki, məni İngiltərəyə aparsın. İndi mənim adım – lord Sedrik Errol Fauntleroydur.

      Qoca baqqal nə deyəcəyini bilmirdi. O, təəccüblə oğlana baxırdı.

      – Cənab Hobbs, İngiltərə buradan çox uzaqdır? – Sedrik soruşdu.

      – Hə, gərək Atlantik okeanının o tayına keçəsən, – qoca mızıldandı.

      – Sizdən ayrılacağıma görə çox pis olmuşam…

      – Nə etmək olar, dostlar nə vaxtsa bir-birindən ayrılmalı olurlar…

      – Heç vaxt ağlıma gəlməzdi ki, haçansa qraf olmaq məcburiyyətində qalaram…

      – Bəs sən bundan imtina edə bilməzsən? – cənab Hobbs soruşdu.

      – Təəssüf ki, bu, mümkün deyil. Anamın dediyinə görə, atam da belə olmasını istəyərdi… Əgər bundan qaçmaq mümkün deyilsə, mən də ən azından yaxşı qraf olmağa çalışacağam, qəddarlıq eləməyəcəyəm. İngiltərə ilə Amerika arasında yenidən müharibə başlasa, onu dayandırmağa cəhd göstərəcəyəm.

      Bundan sonra qoca baqqalla balaca lord uzun-uzadı söhbət elədilər.

* * *

      Vəkil Hevişemi Amerikada gördüyü hər şey heyrətə salırdı. Bütün həyatı boyunca İngiltərədə yaşamış bu adam artıq qırx ildən çox idi ki, Dorinkort qrafına vəkillik eləyirdi. O, qrafın öz kiçik oğlunun evlənmə xəbərini necə qəzəblə qarşıladığını görmüşdü. Qraf bu fikirdə idi ki, missis Errol onun oğlu ilə var-dövlətinə görə ailə qurub. Bu səbəbdən də gəlininə nifrət eləyirdi. Cənab Hevişem də missis Errolu görənə kimi onun haqqında bu cür düşünürdü. Lakin təcrübəli vəkil qara libaslı, məsum çöhrəli bu gənc qadını görəndə qrafın yanıldığını anladı. Cənab Hevişem insan sərrafı idi, o dəqiqə başa düşdü ki, bu qadının var-dövlətə tamah salması mümkün deyil və qrafın oğlu ilə yalnız ona aşiq olduğu üçün evlənə bilərdi.

      Vəkil gəlişinin məqsədini missis Errola deyəndə qadının rəngi ağappaq ağarmışdı.

      – Necə?! Oğlumu məndən alacaqlar? – o, həyəcanla soruşmuşdu. – Axı mənim bu həyatda Seddidən başqa heç kimim yoxdur!

      – Sizə bildirməyə borcluyam ki, cənab qraf nəvəsinin öz himayəsi altında tərbiyə olunub boya-başa çatmasını istəyir. Qrafın Londondan zəhləsi gedir, vaxtının çox hissəsini səs-küydən uzaq Dorinkort qəsrində keçirir. Yəqin ki, balaca lord da həmin qəsrdə yaşayacaq. Sizə isə qəsrin yaxınlığındakı Kort-Loc malikanəsində yaşamaq təklif olunur. Qraf eyni zamanda sizə müəyyən qədər vəsait ayıracaq. Yalnız bir şərtlə: heç vaxt oğlunuzu görməyə gəlməyəcəksiniz. Balaca lord özü istədiyi vaxt sizə baş çəkəcək.

      Missis Errol dillənmədi, pəncərəyə tərəf gedib bir neçə dəqiqə orada dayandı. Vəkil başa düşdü ki, qadın özünü ələ almağa çalışır.

      – Kapitan Errol Dorinkortu çox sevirdi, – qadın, nəhayət, sözə başladı. – O bütün İngiltərəni sevirdi. Mən bilirəm… əminəm ki, o, oğlunun İngiltərəni görməsini istəyərdi… Bu, Seddi üçün də çox yaxşı olar. Ümid eləyirəm ki, qraf oğlumu məndən uzaqlaşdırmağa çalışmayacaq, onun bu qədər qəddar adam olmadığına inanmaq istəyirəm. Lakin o, istəsə belə, buna gücü çatmaz! Çünki oğlum xasiyyətcə eynən atasına oxşayır. Atası kimi sədaqətli və xeyirxahdır. Biz heç görüşməsək də, o məni unutmaz!

      – Xanım, – vəkil dedi, – mən sizi əmin edirəm ki, balaca lord ən yaxşı şəraitdə böyüyəcək. Cənab qraf onun xoşbəxt olması üçün nə lazımdırsa, edəcək.

      – Ümidvaram ki, o, həqiqətən də, Seddini nəvəsi kimi sevəcək… – qadın titrək səslə dedi.

* * *

      Vəkil Hevişem uşağı birinci dəfə qonaq otağında görəndə çox təəccüblənmişdi. Sedrik böyük adamlar kimi onun əlini sıxıb bütün suallarına səlis cavab vermişdi. Nə utanıb-çəkinmiş, nə də şıltaqlıq eləmişdi.

      – O, bəzən özünü böyük adam kimi aparır, – missis Errol vəkilə demişdi. – Bununla belə, hələ də balaca uşaqdır.

      Cənab Hevişem ikinci dəfə oğlana küçədə rast gəlmişdi. Bu dəfə anasının dediyi sözlər öz təsdiqini tapmışdı. Vəkil faytonla küçədən keçəndə Sedrikin yaşıdları ilə oynadığını gördü. Oğlan ayaqqabılarını çıxarmışdı, ayağında qırmızı corab vardı. Uşaqlar cərgəyə düzülüb hakim seçdikləri yaşıdlarının fit çalmasını gözləyirdilər. Fit səsi eşidilən kimi hamı bir nəfər kimi yerindən götürüldü. Qırmızı corablı Sedrik də onların arasında idi.

      – Məncə, o hamıdan tez çatacaq, – faytonda oturub uşaqları izləyən vəkil öz-özünə mızıldandı.

      Çox keçmədən uşaqların çığırtısı eşidildi. Seddi dostu Billi Vilyamsı iki saniyə fərqlə ötərək hamıdan birinci özünü finiş nöqtəsinə – fənər dirəyinə çatdırmışdı.

      – Yaşasın Seddi Errol! – oğlanların hamısı bir ağızdan qışqırışdılar.

      Cənab Hevişem gülümsəyib faytonun oturacağına yayxandı.

      – Afərin,

Скачать книгу