Səməd Vurğun xatirələrdə. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Səməd Vurğun xatirələrdə - Коллектив авторов страница 7

Səməd Vurğun xatirələrdə - Коллектив авторов Xatirə ədəbiyyatı

Скачать книгу

Atam razılıq vermir, deyirdi ki, Xavər uşaqdır, hələ heç yeddiillik məktəbi bitirməyib!

      Elə həmin gün Səməd bacımın böyük oğlu, sonralar tanınmış elm xadimi olan Kamal Talıbzadəni dilə tutub onun vasitəsilə mənə məktub göndərmişdi. O, mənimlə görüşmək istəyirdi. Səmədin fikrindən dönmədiyini görüb qərara aldılar ki, son söz mənim olsun. Çünki Səməd inad edirmiş ki, əgər mənimlə şəxsən görüşsə, onunla evlənməyə razılıq verəcəm. Nəhayət, görüşümüz Şaiq əfəndigildə təşkil olundu. Otaqda ikimiz oturmuşduq, Səməd indiyədək keçirdiyi çətin və əzablı həyat yolundan danışıb, kasıb olduğuna görə qızların onunla ailə qurmaqdan imtina etdikləri haqqında danışdı…

      Böyüklər razılıq verdikdən sonra nişanlandıq və iki il nişanlı qaldıq. Toy günümüz indiyədək yadımdadır – 1934-cü ildə 16 yaşım tamam olan kimi bizə məclis qurdular. Toyumuzda şair və yazıçılardan Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə İbrahimov, Sabit Rəhmangil, Mehdi Hüseyn, Cəfər Xəndan, Yusif Vəzir Çəmənzəminli, Yazıçılar İttifaqının sədri Məmməd Kazım Ələkbərli və digər tanınmış şəxslər – ailəli olanlar ailəsi ilə, olmayanlar özləri iştirak edirdilər. Rəhmətlik Əhməd Cavad məclisdə tamadalıq edir, xanəndə Hüseynağa Hacıbababəyov oxuyur, Qurban Pirimov isə tarda onu müşayiət edirdi.

      Biz məclisə daxil olan kimi Müşfiq ayağa qalxıb bu şeiri dedi:

      Gecəyə aydımı, bəy gəlib çıxdı,

      Günəşmi, yanında gəlinə bir bax?!

      Taledəndimi bu, qənirsizdiər,

      Çəmənmi, əlində gülünə bir bax?!

      Bu el, bu obanın əziz Xavəri,

      Olmaz gözəllikdə tay bərabəri.

      Çağırın, kimlərin yoxdu xəbəri,

      Səmədə saldığı meylinə bir bax!

      Şairlər yığnağı qan qardaşıdı,

      Səməd bəy bu gülün sarmaşığıdı,

      Xavər məclislərin yaraşığıdı,

      Sünbülmü, süsənmi, telinə bir bax?!

      Bu yerdə süfrəyə plov gətirdilər, Müşfiq dayandı, plov dolu buludlara baxdı, güldü, gülüşü indi də qulaqlarımdadı, elə gülə-gülə də şeirin ardını tamamladı:

      Plov gəldi, Müşfiq, təbin dayandı,

      Boşqablar səsləndi, məclis oyandı,

      Alın çəngəlləri, o yan-bu yandı,

      Boşqabın içinə, çölünə bir bax!

      Yer-yerdən gülüşdülər, əl çaldılar, keçib başda əyləşdik. Birdən hamı dönüb, Səmədə baxdı – şeir istəyirdilər. Səməd ayağa durub bu şeiri dedi:

      Sevgilim, Xavərim, son bahar çağı,

      Uçub tökülürdü ömrümün bağı,

      Həyata küsmüşdüm sözümün sağı,

      Üzümə ilk dəfə gülən sən oldun,

      Şairin qədrini bilən sən oldun.

      Qaşların sürməsiz, üzün boyasız,

      Budur xəyalımda aradığım qız,

      Deyərək, nə qədər sevindim, yalnız –

      Qızların vəfası olmayır deyə,

      Düşdüm əvvəlləri ümidsizliyə…

      Rəng alıb, rəng verən ismətinlə sən,

      Həyata qaytardın məni yenidən.

      O ilk təsadüfün xəyalıyla mən,

      Həftələr yaşadım, aylar yaşadım–

      Bir gün evinizdə çəkildi adım.

      Sən ey bağçaların, bağların barı!

      Könlümün sultanı, qəlbimin yarı!

      O gün qapınıza gəldi çoxları,

      Fəqət, sən dedin ki, ölməz sənətkar,

      Mənim ölməzlərə məhəbbətim var.

      … Başıma xırda pullar səpə-səpə məni Səmədin bir otaqlı mənzilinə apardılar.

      Yeni evə ayağım düşərli olmuşdu. Təkgözlü otağımız sevinclə, məhəbbətlə çağlayırdı. Ölən günədək də Səmədlə “can” deyib, “can” eşitdik.

      Böyük oğlum Yusifə hamilə qalmışdım. Səməd çox sevinirdi. Məni xəstəxanaya aparanda o, evdə yox idi, xəbəri eşidib dərhal özünü oraya catdırmışdı. Doğum evinə axşam aparılsam da, Yusif dünyaya ertəsi günü – səhər saat 9-da gəlmişdi. Yanıma gəlib dedi ki, sən məni həm ata etdin, həm də mənə atamı bağışladın. Uşağa atasının adını – Yusif qoydu.

      Repressiyalar başlayanda həyəcanlı günlərimiz çoxaldı. Onda Aybənizə hamilə olduğumdan Səməd çox şeyi mənə demirdi. Həmin günlərdə eşitmişdim ki, Yazıçılar İttifaqının sədrini həbs ediblər. Səməd İttifaqın katibi vəzifəsini daşıdığından daha çox həyəcan keçirirdik. Həbs ediləcəyindən ehtiyatlanan Səməd bizi anamgilə apardı. Ancaq orada da sakit ola bilmədik. Gecələr qonşu qapılar döyülər, kimlərisə camaatın “qara qarğa” adlandırdıqları qara maşınlara basıb aparırdılar. Sentyabrın 9-da Aybəniz dünyaya gəldi. Ancaq həmin il Səmədin əsərləri çap edilmədiyindən imkanımız aşağı idi. Mehdi Hüseynlə birlikdə məni doğum evindən çıxarmağa gələndə ikisinin cibində bircə manat tapılmadı…

      Bir neçə il çox kasıb yaşadıq. Bir gün dərsdən evə gələndə Səmədin yolumu gözlədiyini gördüm. Evə girəndə gözlərimi yummağı tapşırdı. Bir az sonra gözlərimi açdım. Əvvəlcə elə bildim ki, gördüklərim yuxudur. Mənzilimizin döşəməsinə 30 manatlıq əsginaslardan sanki xalça salınmışdı. Səməd çaşqınlığımı görüb, əlimdən tutdu və pulların üstü ilə yeriməyimi israr etdi. Məlum oldu ki, döşəməyə səpilən pullar “Yevgeni Onegin”in tərcüməsinə verilmiş qonorardır…

      Qucağımda körpə uşaq olmasına baxmayaraq, Səməd axşamlar məni tək qoyub, harasa gedir, bir də səhər açılanda qayıdırdı. Harada olması barədə bir kəlmə də danışmır, xəyallara dalırdı. Məndə qısqanclıq hisləri baş qaldırmağa başladı. Bir həftəni bu minvalla yaşadıqdan sonra əşyalarımı toplayıb, uşaqlarla birlikdə valideynlərimin yanına getmək istəyirdim ki, Səməd içəri girdi…

Скачать книгу