Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə
Чтение книги онлайн.
Читать онлайн книгу Son mənzili Xəzər oldu - Qumral Sadıqzadə страница 15
Kəblə Ələkbər kişinin axrıncı sözlərindən çox mütəssir oldu.
– Yaxşı, ağa, – dedi – tapıb gətirərəm, fikir eləmə…
Bu söhbətdən bir həftə sonra Seyid Sadıq balışa dirsəklənib təsbehini çeviridi, Ələsgər saymazyana otağa girib təəccüblə soruşdu:
– Olmasın azar, belə niyə, ağa, nə olub sənə?
– Heç bir balaca kefsizəm… Oğul, elə birdən çıxıb, bir getdin Bakıdan, bir gəlib görüşmədin bizimlə, xüdahfizləşmədin? Bilirsən ki, arvad-uşaqlar Əlabbası çox istəyirlər, heç olmasa, uşağı göndərəydin, görəydik… axı nəvədir?!
Ələsgər deməyə söz tapmadı, dodaqaltı nəsə mızıldandı. Seyid Sadıq diqqətlə keçmiş kürəkəninə baxdı:
– Sənə bir sözüm var, bala. Bu yaxınlarda evimdən qiymətli bir şey itib. Şübhələndiyim bütün tanışlar, qohumlar gəlib Qurana and içiblər ki, xəbərimiz yoxdur. Bircə sən qalmısan. İndi xahiş eləyirəm ki, zəhmət çək, sən də Qurana and iç ki, arxayın olum.
Kənarda oturmuş Kəblə Ələsgər qaynatası danışdıqca zəndlə bacanağına baxırdı. Bu sözlərin ona necə təsir etdiyini görmək istəyirdi. Ələsgər bir an, elə bil özünü itirdi, susub ətrafına boylandı. Seyid Sadıq arvadını çağırdı:
– Mehin xanım, gətir Quranı bura – dedi.
– Mehinbanu ağ parçaya bükülmüş, vərəqləri saralmış köhnə meşin cildli Quranı götürüb “bismillah” dedi, ərinə uzatdı. Kişi, Quranı öpdü, gözünün üstünə qoydu.
– Buyur, əlini qoy Quranın üstə, de ki, əgər mən sizin evdən bir şey götürmüşəmsə, qoy bu Quran mənə qənim olsun.
Ələsgər xeyli susandan sonra təmkinlə dedi:
– Ağa, mən murdaram, əlimi Qurana vura bilmərəm. İcazə ver, hamama gedib pak olum, sonra gəlim əl basım.
Seyid Sadıq onun bu gözlənilməz cavabı ilə razılaşmalı oldu:
– Yaxşı get, ancaq tez qayıt, yubanma. Günün batmağına az qalıb. Deyirlər, gün dalınca Qurana əl basmaq yaxşı deyil.
Ələsgər çıxıb getdi. Seyid Sadıq səbirsizliklə onun qayıtmasını gözləyir, heç kəslə danışmırdı. Hamama gedən iki saat sonra qayıtdı. İçəri girən kimi birbaşa qocanın yanında balaca məcməyiyə qoyulmuş Qurana yaxınlaşdı, bir dizi üstə çöküb sağ əlini onun üstünə, sol əlini sinəsinə qoydu, təntənə ilə dedi:
– Əgər bizlər bu evdən bir şey götürübsə, qoy bu Quran ona qənim olsun – sonra kişinin üzünə baxdı – indi razı qaldınmı, ağa? İcazə ver hüzurundan müxərrəs olum gedim, işim çoxdur.
O hamıya baş əyib otaqdan çıxdı.
Kəblə Ələkbər and içənin özünü cəm halında göstərməsinə bir az təəccüblənsə də, buna bir o qədər əhəmiyyət vermədi, bunu onun lovğalığına, həmişə özünü artist kimi aparmasına yozdu.
Bu hadisədən sonra birdaha onu və oğlunu görən olmadı. Hərdən Mehinbanu sonbeşiyi Zəhranın yeganə yadigarını – Ələbbası xatırlardı. Sonralar onu nə qədər axtarıb soraqlaşdılarsa, gördüm deyən olmadı.
Bir neçə ildən sonra Ələsgərin Qurana əl basarkən dediyi müəmmalı sözlərdən söhbət gedəndə təsadüfən məlum oldu ki, demə o, and içməmişdən qabaq hamam bəhanəsilə evdən çıxanda Gülsənəmin yanına gedib ondan bir-iki döşək sırıyan biz istəyibmiş. Yəqin, həmin bizləri köynəyinin altından sinəsinə sancıb ki, and içəndə əlini bu bizlərin üstünə qoysun və arxayınçılıqla desin: “Əyər bizlər bu evdən bir şey götürüblərsə, qoy bu Quran ona qənim olsun”.
Beləliklə də, Seyid Sadığın qızıllarının heç olmasa, yarısını geri almaq ümidi boşa çıxdı. Bəlkə də, onunla başqa cür söhbət etsəydilər, yaxud hədə-qorxu gəlsəydilər, kişi demişkən, pulun, heç olmasa, yarısını geri almaq mümkün olardı. Ancaq Seyid Sadığın Qurana çox böyük inamı vardı. O heç cür təsəvvürünə gətirmirdi ki, Qurana yalandan əl basmaq, yaxud başqa bir kələk işlətmək olar.
Seyid Sadıq indi nahaq yerə Ələsgərdən şübhələndiyinə görə də əzab çəkirdi. Ona elə gəlirdi ki, şübhələndiyi adam çəkinmədən Qurana əl basırsa, deməli, onun heç bir günahı yoxdur. O yatağında çox çətinliklə o tərəf – bu tərəfə çevrilərək, axşamdan öz-özünə təəccüblə deyirdi: “Axı ondan başqa pulları kim apara bilər, heç kimin o yerdən xəbəri yoxdu?..”
Xəstə kişi getdikcə zəifləyirdi.
Bir gün səhər Mirpaşanı göndərdi ki, Ələkbəri dükanından çağırsın. Ona deməli vacib sözü vardı. Hiss edirdi ki, artıq ömrünün son anlarını yaşayır. Nə qədər ağlı başındaydı, kürəkəni ilə bəzi məsələləri həll etməli idi.
Günortaya yaxın Mirpaşa Ələkbərlə gəlib xəstənin yanında əyləşdilər. Seyid Sadıq nəvəsinə:
– Məni qaldır, oturmaq istəyirəm, – dedi, – yerini rahatlayandan sonra – indi get, bala işinə, nənənə de, hələlik bizi narahat eləməsinlər…
Mirpaşa gedəndən sonra Seyid Sadıq zəif səslə sözə başladı:
– Oğul, ömrüm daha sona yetir… Allah mənə on iki övlad verdi, hamısını da bir-bir əlimdən aldı. Elə bil mənim ömrümü ona görə uzun eləyib ki, bütün uşaqlarımın müsibətini görüm, əzab çəkim… Nə isə, sözüm ondadır ki, indi ən yaxın adamım, mənə doğma övlad əvəzi olan bircə sənsən. Sən mənə kürəkən yox, oğul olmusan. Allah sənə uzun ömür versin, işini avand eləsin, balalarını xoşbəxt eləsin… o dərindən nəfəsini dərdi – sənə ərkim çatır, ona görə də bu axır günlərimdə iki arzumu, iki xahişimi sənə demək istəyirəm… vəsiyyət eləmək istəyirəm… – Seyid Sadıq ömrü boyu özünə dəyən zərbələri, nəhayət ən axırıncı zərbəni xatırlayıb acı-acı gülümsədi: mən görmüşəm ki, –