Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə
Чтение книги онлайн.
Читать онлайн книгу Son mənzili Xəzər oldu - Qumral Sadıqzadə страница 13
Mehinbanu, əlində kitab yuxarıdan gələn nəvəsinə məhəbbətlə, nəvazişlə baxdı. Gizlində ağlayıb ürəyini boşaltmaq üçün durub mətbəxə getdi.
* * *
Şərabanı xanım qonaq otağında qardaşı ilə üzbəüz oturub, yenə onun ailə vəziyyəti barədə söhbət edirdi. Ələkbər fikirli idi. Axır vaxtlar çox yorğun görünürdü, bir qədər arıqlamışdı.
– Qardaş, niyə belə bikefsən? – deyə mehribanlıqla soruşdu.
– Eh… necə deyim, arvad sarıdan mənimki əvvəldən düz gətirmədi.
– Elə demə, bütün bunlar allahın işidir, səndə nə təqsir? – Şərəbanı gülümsədi, – Ələkbər, Allahın üç kərəmindən deyiblər. Üçüncü dəfə evlənəndə hər şey yaxşı olar inşallah. Heç fikir eləmə, bacın bu dəfə səninçün elə bir arvad tapsın ki, buz baltası kimi…
– Eh, deyirsən də, kimdir mənim kimi qoca kişiylə dörd uşaq üstünə qız verən?
– Qocaltma özünü, əşi! Əvvəla sənə hələ qoca demək olmaz, ikincisinə qalanda arvad adama qoca vaxtında daha çox lazım olur.
Ələkbər cavab vermədi.
– İstəyirəm bir iş görəm, ancaq bilmirəm sən buna necə baxarsan, – deyə Şərəbanı sözə başladı.
– Nə iş?
– Deyirəm, gəlsənə səninçün Rübabəni alaq? Bilirəm, deyəcəksən, o çox cavandır, babası razı olmaz…
Ələkbər gözlərini bir nöqtəyə zilləyib gülümsədi:
– Babası razı olar, – dedi və tez ürəyində özünü qınadı, sözünü bir qədər dəyişdi, – mənə elə gəlir ki, babası, bəlkə də, uşaqlara görə razı olar. Ancaq Rübabə xanım özü razı olmaz. Mən hara, o hara? O cür ağıllı, savadlı, cavan, qəşəng qıza özü kimi də ər lazımdır. Yox, yox, bu iş baş tutmaz!
– Mənə bax, bir de görüm, işdir-şayəd baş tutsa, sən özün necə, razı olarsan?
Ələkbər qızardı, bir xeyli dinmədi.
– Səndən nə gizlədim, bacım, – dedi, – mənim o qızdan xoşum gəlir. Neçə ildir fikir verirəm, hər barədə yaxşıdır. Ancaq onunla evlənmək heç vaxt ağlıma gəlməyib. Yox, yox, heç elə şey olar? O mənim qızım yerindədir. Deyəsən, Nisəxanımdan cəmisi bir yaş böyükdür. Yox, qız razı olmaz, boş yerə ağız açma!
– Qardaş, sənin işin olmasın, fürsət düşəndə mən bir Mehinbanu xanımla söhbət elərəm, Allah kərimdir, bəlkə düzəldi?
– Nahaq yerə məni qohum-əqrəba arasında pis vəziyyətdə qoyma, bacı. Birdən düzəlməz, biabr olaram. Onda gərək uşaqlarımı görmək üçün onlara gedib-gəlməyim.
– Yəni mən o qədər ağılsızam ki, bunu camaat arasında yayam? Təkcə nənəsinə deyərəm, o da qızın fikrini öyrənib mənə deyər. Əgər “hə” cavabı alsam, onda qoy hamı bilsin. “Yox” cavabı alsam, bir Mehinbanu ilə Rübabə bilər, bir də səninlə mən, vəssalam…
Kəblə Ələkbər tərəddüdlə dedi:
– Nə deyim, vallah, bax gör də neynirsən?
O daha ləngiməyib bacısından ayrıldı.
Bu məsələni həll emək üçün elə həmin gün axşam Şərəbanı İçərişəhərə getdi. İkilikdə Mehinbanu ilə söhbət edib ürəyini ona açdı. Mehinbanu ağlamsındı, titrək səslə dedi:
– Mən səninlə açıq danışacağam, Şərəbanı xanım. Bu günlərdə Seyid Sadıq da bu barədə söhbət salmışdı. O da istəyir, qızı Ələkbərə versin. Deyir, belə olsa uşaqlardan xatircəm olaram, bilərəm ki, kürəkənim o biri nəvələrimə də əsl atalıq eləyəcək… Əvvəlcə mən buna razı deyildim, ancaq sonra fikirləşib gördüm ki, kişi düz deyir, – arvad həyəcanından qabağındakı çay süfrəsinin saçaqlarını didişdirirdi.
Şərəbanı sevincək əlini arvadın dizi üstünə qoydu:
– Bax, görürsən, Seyid Sadıq əmi də yaxşı fikirləşib, – dedi, – lap yaxşı, indi qalıb qızın özü ilə danışmaq. Onu da razı sala bilsəydik, tamam xatircəm olardıq.
Mehinbanu gözünün yaşını silib dedi:
– Onunla da danışmışam… Əlbəttə, ağladı, razı olmadı, amma sonra… özün bilirsən də o babasının xətrini nə qədər istəyir. Heç vaxt bizim sözümüzdən çıxmayıb. Mən bilən bir az da təkid eləsək, razı sala bilərik onu…
– Onda Mehin xanım, icazə versəydin elə indi qızı çağırıb danışardıq, sonraya niyə qoyaq?
– Nə deyirəm, danış, görək, nə deyir…
Rübabəni çağırdılar. O utana-utana içəri girib qapı ağzında dayandı. Deyəsən, hiss etmişdi ki, bu dəfə Şərəbanı xanım onlara boş-boşuna gəlməyib.
Nənə nəvazişlə nəvəsinə baxdı:
– Gəl, otur, qızım, Şərəbanı xanımın sənə vacib sözü var.
Rübabə keçib nənəsinin yanında oturdu. Şərəbanı onu özünə tərəf çəkib qucaqladı, üzündən öpdü:
– Qızım səninçün elçiliyə gəlmişəm, – dedi, – bilirəm, qardaşım sənin kimi ağıllı, gözəl, cavan qıza layiq deyil. Amma ona ərə getməyə razılıq versən, peşman olmazsan, xoşbəxt olarsan! Cavan ərlərin gözü bayırda-bacada olur. Günü kefdə, yeyib-içməkdə keçirir. Yaşlı ər isə həmişə arvadının qədrini bilir, onu əzizləyir, qazandığını evə gətirir…
Mən bunu yaxşı bilirəm, öz başıma gəlib. Birinci ərim, rəhmətlik ağa Cavad məndən iyirmi iki yaş böyükdü. Amma onun barəsində bir kəlmə də pis söz deyə bilmərəm. Bilirsən, məni necə saxlayırdı? Yağ içində böyrək kimi… Elə Hacı Hacıbaba da iyirmi yaş böyükdür, o da onun kimi. Hə, nə deyirsən, qızım?
Rübabə başını aşağı dikib fikirləşirdi. O həmişə böyüklərin dediyi ilə oturub durmuşdu. Bilirdi ki, ərə gedən qızların rəyini çox vaxt heç soruşmurdular. Ata-anasının, ya əmi-dayısının arzusu ilə yaşına baxmadan istədikləri adama verirlər. Oxuduğu kitablardanda bilirdi ki, böyüyün sözü ilə, onun məsləhətilə bir iş tutanda axırı pis olmur. Yeniyetmə olmasına baxmayaraq vəziyyəti də nəzərə alırdı. Qardaşlarına görə babasının bu qərara gəldiyini bilirdi. Ələkbəri də bir insan kimi yaxşı tanıyır və ona hörmət edirdi. Ona görə də hələ