Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə
Чтение книги онлайн.
Читать онлайн книгу Son mənzili Xəzər oldu - Qumral Sadıqzadə страница 9
* * *
Qışın sonuna az qalmışdı. Havalar soyuq keçir, tez-tez qar yağırdı. Mehinbanu nəvələrini başına yığıb böyük kürsü yorğanının ucunu ayaqlarının üstünə örtmüşdü. Otaq isti idi. Məşədi Durnısa həyətdə yanıb közərmiş kömürləri indicə çuğun qabda gətirib kürsü yerinə qoymuşdu. Uşaqlar (Zübeydənin vəfatından sonra Ələkbərin dörd qızı yenə də onlarda olurdu) kürsünün ətrafında bir-birinə sataşır, gülüşürdülər. Seyid Hüseyn pəncərə qabağında oturub nəsə yazırdı.
Rübabə Zübeydənin yekə qızı, balaca Kübranı ayaqlarının üstündə yırğaladıb yatırırdı, döşəkcənin üstünə salıb yerini rahatlatdı, gəlib nənəsinin yanında oturdu, mehribanlıqla ona baxdı. Arvadın gözləri yol çəkirdi.
– Nənə, nə fikrə getmisən? – soruşdu.
Mehinbanu böyük nəvəsini özünə tərəf çəkib çiyinlərini qurcaladı, gülümsəməyə çalışdı:
– Heç, elə-belə… – dedi, – sonra əvvəlki qara fikirlərini dağıtmaq istədi, əllərini yuxarı qaldırıb “ah” çəkdi, – a Allah, sən özün rəhm elə, indiyəcən on iki bala dağı çəkdirmisən bizə, barı nəvələrimi sağ-salamat və xoşbəxt elə! Qoy bu uşaqlar həmişə dərddən-qüssədən uzaq olsunlar, onları xata-baladan saxla!..
Bu vaxt küçə qapısı döyüldü. Seyid Sadıq hay-küylə dəhlizə keçib otağın qapısından göründü. Üzü gülürdü. Qapının iki tayını da açıb çuxasının dərin ciblərindən ovuc-ovuc qoz-fındıq ləpəsi, xurma, qaysı qurusu, konfet çıxarıb yerə, xalçanın üstünə səpələdi:
– Hə qoçaqlarım, gəlin, yığın, cəld olun, – dedi, – kim çox yığsa, ona yenə də verəcəyəm.
Seyid Hüseyn, Mirpaşa, Nisəxanım, Səriyyə, Maxviret bir-birilərini itələyə-itələyə evin ortasındakı şeyləri yığmağa başladılar. Qapaqap düşdü. Mehinbanu uşaqların hay-küyündən qulaqlarını tutub ərinə acıqlandı.
– Ay kişi, bu nə oyundur çıxardırsan? Nə var cibində, gətirib tök kürsünün üstünə, qoy sakit-sakit yesinlər də… bax, bu saat bir-birilərini yıxıb əzəcəklər.
Seyid Sadıq uşaqların qışqırığına, sevincinə ləzzətlə tamaşa edərək dedi:
– Eybi yoxdur, arvad, bir balaca əzilsələr də bunun xeyri var. Qoy indidən bərkə-boşa öyrənsinlər, zirək olsunlar, cəld tərpəsinlər.
Bir neçə dəqiqənin içərisində xalçanın üstündə heç nə qalmadı. Baba döşəyin üstündə oturub uşaqlara dedi:
– Hə, gətirin, bir-bir göstərin, görüm, kim nə qədər yığıb?
Uşaqlar kimi ovcuna, kimi cibinə, kimi də ətəyinə yığdıqlarını göstərirdilər. Hamıdan çox Mirpaşa yığmışdı. Seyid Sadıq onu təriflədi.
– Afərin, bu saat sənə əlavə pay verəcəyəm, – deyib Rübabəyə sarı döndü, – qızım, bayırda zənbil qoymuşam, gətirin onu bura. Bəs sən nə qədər yığmısan, heç göstərmədin?
– Mən istəmirəm baba, qoy uşaqlar yesinlər.
– Necə yəni istəmirəm? Get zənbili gətir, tez ol!
Zənbil ortaya gələndə baba əvvəlcə Mirpaşanın ciblərini doldurdu, qalanını kürsünün üstündəki iri məcməyiyə boşaltdı. Uşaqlar həvəslə yeməyə başladılar. Mehinbanu Nisəxanıma dedi:
– Cumaxatandakı balaca sandıqca bayram şamları qoymuşam, gətir yandıraq. Bu gün üsgü axşamıdır.
Bir azdan məcməyinin kənarlarında uşaqların sayına görə yeddi əlvan şam şölələndi.
Axşama yaxın Kəblə Ələkbər İrana növbəti səfərindən qayıdıb evinə baş çəkməmiş uşaqlarının yanına gəldi. Onu sevinclə qarşıladılar. Çəkib kürsüdə oturtdular. Bir-birilərindən hal-əhval tutduqdan sonra ona elə oradaca, kürsünün üstündə yemək, çay verdilər. Süfrə yığışılandan sonra Kəblə Ələkbər qapı ağzına qoyduğu xurcunu gətirib açdı. Oradan əvvəlcə ağ atlasdan tikilmiş bahalı bir ləbbadə çıxardıb qaynatasının çiyninə saldı. Kişi qiymətli hədiyyədən çox mütəssim oldu:
– A, kişi, bu nə zəhmətdir, çəkirsən? Allah bilir bir ətək pul vermisən buna. Mən daha qoca kişiyəm, belə bahalı ləbbadə nəyimə gərəkdir? Uşaqların üçün al gətir, qoy geyinib sevinsinlər, – dedi.
– Uşaqlarçün da var, narahat olma, Ağa! Qoca olanda nə olar? Qocaya geyinmək yaraşmır bəyəm? Sağlıqla gey!
– Çox sağ ol, oğul. Allah cibinə bərəkət versin.
– Dəyməz, Ağa.
Kəblə Ələkbər xurcunu tamam boşaldıb qaynanası, uşaqları və Seyid Hüseyngil üçün gətirdiyi hədiyyələri bir-bir payladı. Uşaqlar təzə parça və paltarlara, örpəklərə doyunca tamaşa etdikdən sonra yatmağa getdilər. Böyüklər çay içir, astadan söhbət edirdilər. Seyid Sadıq kürəkənindən soruşdu:
– İranda təzə nə xəbər-ətər?
Kəblə Ələkbər çayından bir-iki qurtum içib stəkanı nəlbəkiyə qoydu:
– Xəbər deyəndə, nə bilim, vallah, belə bir şayiə, yayıblar ki, guya İranda vəba başlayıb. Bilmirəm düz deyirlər, ya yox.
Mehinbanu tez dua etdi: “Allah, sən özün saxla bizi bu bəladan!”
Seyid Sadıq başını yırğaladı:
– Deyirlər, od olmayan yerdən tüstü çıxmaz. Camaatın dediyi həmişə doğru çıxır. Bircə, Allah eləməmiş, buralara gəlib eləməsin bu bəla!
Kəblə Ələkbər ah çəkib dedi:
– Eh, bunu bilmək olmaz. Özün görürsən də Ağa, Bakıda vəziyyət necədir. Şirin su tapılmışdır. Bu boyda İçərişəhərdə cəmisi iki-üç şirin su quyusu var. Bu quyuların da suyu hələ iyirmi-otuz il bundan qabaq yararsız hesab edilib. Evlərin, həyətlərin zir-zibili, çirkab suları birbaşa küçələrə tökülür. Elə vəba da bunlardan törəyir də…
Seyid Sadıq əlini uzun ağ saqqalına çəkdi:
– Mən bilən bir çarə tapılar. Qoymazlar xəstəlik