Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə
Чтение книги онлайн.
Читать онлайн книгу Son mənzili Xəzər oldu - Qumral Sadıqzadə страница 7
Baba ilə nənə Seyidxanımın da uşaqlarını Mirkazımınkılarla birlikdə tərbiyə etməyə başladılar.
* * *
Seyidxanımın əri Ələkbər, yeznəsi, dövlətli Bakı taciri Ağa Cavad, Haşımovun İranla ticarət əlaqələri yaradan xüsusi agenti idi. İrana tez-tez gedib-gəldiyindən bacısı Şərəbanı xanımın məsləhətilə özü də yavaş-yavaş tacirlik edirdi. Dənizkənarı küçədə bir baqqal dükanı açmışdı.
Ağa Cavad beş-altı il əvvəl vəfat etmişdi. O, qardaşı Haci Hacıbaba ilə şərikli idi. Onlar Qoşa Qala qapısı yanındakı böyük mülkün və eləcə də Bakının başqa yerlərində yaxşı gəlir gətirən bir neçə binanın sahibi idilər. Ağa Cavadın ölümündən sonra qardaşı Hacı Hacıbaba onun uşaqlarının və cavan arvadının qəyyumu oldu. Qardaşının mal-dövlətinə başqası sahib olmasın deyə iki-üç il sonra dul qalmış Şərəbanı xanımı Hacıbabaya ərə verdilər. Hacı Hacıbabanın övladı yoxdu, ona görə də Ağa Cavadın qızı Xədicə ilə oğlu Ağa Kazım mal-dövlətin yeganə varisiydilər. Hacı Hacıbaba qardaşı uşaqlarını çox sevir, tərbiyələrinə xüsusi fikir verirdi. Onları avropalılar kimi böyüdürdü. Hər uşaq üçün ayrıca dayə, quvernatka tutmuşdu. Rus, fars, fransız dillərini öyrənmək üçün evə xüsusi müəllimlər dəvət etmişdi.
Qoşa qala qapısı yanındakı binanın birinci mərtəbəsində kontor, dəftərxana, mühasibat, ümumiyyətlə, ticarətlə əlaqədar otaqlar yerləşirdi. Yuxarı mərtəbələrdə həm bir neçə varlı kirayəşin, on dörd otaqlı mənzildə isə özləri yaşayırdılar.
Xədicəni on dörd yaşında məşhur tacir Məmmədbağırın oğluna ərə vermişdilər. Onların on iki ticarət paraxodu vardı. İlbəil gəlirləri artırdı.
Hacı Hacıbaba, anası Şərəbanı və dayısı Ələkbər Ağa Kazımı çox əzizləyirdilər. Nə desəydi, dərhal yerinə yetirirdilər. Bundan istifadə edən Ağa Kazım tez-tez Rusiyaya, Avropaya, İrana, Türkiyəyə səyahətə çıxır, hər dəfə qayıdanda xaricdə gördüyü adətləri, bəzi yenilikləri burada həyata keçirməyə çalışırdı. Ona görə də Hacı Hacıbaba demişkən gəlirlərinin çoxu boş-boş yerlərə sərf olunurdu.
… Seyidxanımın vəfatından bir neçə ay sonra Ələkbər bacısının və Hacı Hacıbabanın məsləhətilə, həm fikrini dağıtmaq, həm ziyarət və həm də ticarət etmək məqsədilə Kərbəlaya yola düşdü. İndi altı ay sürən Kərbəla ziyarətindən xeyli vaxtdı qayıtmışdı, işlərini sahmana salıb bacısıgilə görüşməyə getdi.
Şərəbanı xanım başdan-başa xalı döşənmiş, Avropa üsulunda bəzədilmiş böyük otağın yuxarı başında, divanda oturmuşdu. Əynində sumağı rəngli şəmsi-qəmərdən paltar, başında naz-naz örpək vardı. Özü ilə üzbəüz oturmuş cavan oğlu ilə söhbət edir, kiçik girdə mizin üstündəki meyvədən yeyib çay içirdi. Ağa Kazım dayısının qapıdan girdiyini görcək cəld ayağa qalxıb səmimi görüşdü, yanındakı kürüsyə oturdu. Şərəbanı xanım da onu sevinclə qarşıladı.
– Xoş gəlmisən, qardaş. Necəsən, uşaqlar neynir?
– Sağ ol, yaxşıdırlar, – Ələkbər kürsünü bacısına yaxın çəkdi, – siz necəsiz? Ağa Kazımı görürəm, maşallah, qıvraqdır.
– Biz də pis deyilik, – Şərəbanı balaca zəngi mizin üstündən götürüb çaldı. Səliqəli geyinmiş, qabağına kurjevalı önlük taxmış cavan xidmətçi qız qapıda göründü – Kəbleyi üçün bir stəkan çay gətir, Sənəm, – deyə qardaşını birinci dəfə “Kəbleyi” adlandırdığına özü gülümsədi, sonra soruşdu:
– Ələkbər, uşaqlar yenə qayınanangildədirlər? O yazıqlar nə vaxtacan yetimlərə baxacaqlar? Qoca adamdırlar. Evləri də çox sən deyən böyük deyil. Oğul nəvələri bəs deyilmiş, üstəlik səninkilər də qalıb üstlərində. Sən çox gözləyə bilməzsən. Rəhmətliyin ili çıxandan sonra gərək evlənəsən. Özü də səninçün elə arvad tapmalıyıq ki, balalarına yaxşı baxsın, onlara əsl ana olsun, – qardaşının gözlərini bir nöqtəyə zilləyib pərişan baxdığını görüb soruşdu, – hə, nə fikrə getdin?
– Vallah, nə deyim bacı, elə Ağa (Seyid Sadıq) özü də bir-iki dəfə bu barədə söz salıb. Mənə elə gəlir ki, uşaqları yad arvadın əlinə salmaq istəmirlər. Deyəsən, fikirləri var, rəhmətliyin bacılarından birini versinlər mənə. Qalmışam məəttəl. Sən, buna necə baxırsan?
– Əgər öz fikirləri varsa, gərək razılaşasan. Doğurdan da, uşaqlarçün yaxşı olar. Doğma xaladır onlara, öz balaları kimi baxar. Ancaq bir iş var: yəqin Zübeydəni nəzərdə tutublar, onun da xasiyyəti bir az tünddür. Kiçik bacı Zəhra yaxşı qızdır, ancaq böyüyünü qoyub onu sənə verməzlər. Hər halda pis olmaz. Fikir eləmə, qardaş, inşallah hər şey düzələr. Götür çayını iç, bəlkə soyuyub, bu saat deyim, təzələsinlər…
– Lazım deyil, bacı, zəhmət çəkmə, eybi yoxdur belə də içərəm. Ələkbər bir az da söhbət edib getməyə hazırlaşdı. Şərəbanı onu qapıyadək ötürdü:
– Tez-tez gəl, lap bizi yaddan çıxarmayasan, uşaqları da gətir, – dedi.
* * *
Zübeydənin ərə getmək vaxtı artıq ötmüşdü. Bir-birinin dalınca qardaşı ilə bacısının vəfatı onun ərə getməsinə xeyli mane olmuşdu. İki-üç il əvvəl onu bir-iki yerdən istəyən olmuşdu. Ancaq həmin ailələri Seyid Sadıq özünə layiq bilmədiyindən elçilərə rədd cavabı vermişdi.
Seyidxanımın ölümündən il yarım sonra Şərəbanı xanım Mehinbanu ilə Zübeydə barədə söhbət etdi. Hər iki tərəf başa düşdü ki, əgər bu evlilik baş tutmasa, Zübeydənin bundan sonra ərə getməsi bir az da çətinləşəcək. Həm də uşaqlara görə hər iki tərəf bu izdivacın tərəfdarı idi. Ona görə də tezliklə razılığa gəldilər və bir balaca məclis düzəldib Zübeydəni Ələkbərin Qız qalası yaxınlığındakı ikimərtəbəli evinə gəlin köçürdülər.
Çox təəssüf ki, həm Ələkbərgilin, həm də o baba ilə nənənin ümidləri boşa çıxdı. Zübeydə öz bacısı uşaqlarına həqiqi ana ola bilmədi. O hər xırda işin üstündə əsəbiləşir, söyüb qışqırır, uşaqları qarğıyır, deyinirdi. Özü iki dəfə doğmuşdu, lakin uşaqlar körpəykən ölmüşdülər. İndi o üçüncü dəfə hamilə idi.
* * *
Seyid Sadıq oğul nəvələrindən razı idi. Hər üçü fərasətli çıxmışdı: On yeddi yaşına girmiş Rübabə oxuyub qurtarmış, Quranı çoxdan başa vurmuşdu. Molla Zeynəbxanımla haqq-hesab çəkib yola salmışdılar. İndi qız nənəsinin köməyilə evin işini görür, tikiş tikmək, corab toxumaq, xörək bişirmək öyrənir, boş vaxtlarında kitab oxuyurdu.