Həbsxana . Qənimət Əlisaoğlu
Чтение книги онлайн.
Читать онлайн книгу Həbsxana - Qənimət Əlisaoğlu страница 11
«О gün gələcək»!
Siz «bir balaca gərgin vəziyyət yarananda… təbəssümləri dərhal çəkilib gedən çox adam görmüsünüz». Ona görə də güman etmək olar ki, özünüz belə xislətdən uzaqsınız və mənim yazdıqlarımı təbəssümlə oxuyacaqsınız. Həm də yazdıqlarımın hər üç cümləsindən biri Sizin olduğu üçün oxumalısınız!
Hələ 16 yaşım olanda Sizin «MƏNİ İNSAN ÖMRÜNÜN UZUNLUĞU YOX, ONUN MƏNASI MARAQLANDIRIR» kəlamınızı şüar kimi qəbul etmiş, illər keçdikcə yaradıcılıq nailiyyətlərinizlə fərəhlənmiş, ondan qidalanmış, nəhayət, bu günə gəlib çatana kimi çırpınmış, məhz bu dəm, bu an oxuduqlarımla gördüklərim arasındakı uçurumun nəhəngliyinə təəccüblənmiş, ondan heyrətə gəlmişəm!
Əcəba, necə olur ki, «İRAN İNQİLABINI İNKİŞAF ETDİRMƏYƏ QOYMADILAR» deyə təəssüflənirsiniz, ancaq inqilabın qələbəsindən sonra getdikcə tənəzzülə uğrayan Sovet qanunlarını qorumağa çalışmırsınız?
Necə olur ki, min verstlik məsafədən «BU GÜN İRANDA, AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA ON MİNLƏRLƏ MÜTƏRƏQQİ, NAMUSLU VƏTƏN ÖVLADLARININ QANI TÖKÜLÜR, YENƏ AZAD FİKİRLƏR BOĞULUR, YENƏ ZİNDANLAR ON MİNLƏRLƏ ADAMLA DOLUR» deyib yana bilirsiniz, ancaq burada, Sizdən iki kilometrlik məsafədə yerləşən Bayıl zindanında müasir istibdadın qurbanı olan iki min millət balasının halına acımayırsınız? Niyə iranlıların «ÇOXMU SÜRƏCƏK BU ƏMƏLLƏR?» sualına «MƏZDƏK, BABƏK, KOROĞLU, SƏTTƏRXAN, ŞEYX MƏHƏMMƏD, XOSROV RUZBEH, QAZI MƏMMƏD TARİX KİTABININ SƏHİFƏLƏRİNDƏN BAŞ QALDIRIB – YOX!» – deyə bilir, ancaq Siz, mənim bir ideal kimi inanıb, yazdıqlarıma səcdə etdiyim xalq yazıçımız öz yumşaq kreslosundan qalxıb, səhər günəşinin qabağını kəsənlərə özünü göstərmir, məhbuslar ordusunun «Çoxmu sürəcək bu zülm?» sualıma «Yox!» deyə cavab vermək istəmirsiniz? Bacarmırsınız, yoxsa şəxsiyyətinizə sığışdırmırsınız?
Həyatın özünü bədii çalarlarla tərənnüm etmək üçün qırmızı boya yox, Hüqo dühası, Balzak inamı, Drayzer zəkası, Dostoyevski dərrakəsi gərək!
Yaradıcılığının əvvəli isti yorğan-döşək, sonu rahat kabinet olanlar nə qədər Xalq, Xalq!» deyib qışqırsalar da, Xalq onları eşitməyəcək! Firon qüruru, Neron qeyrəti ilə vəzifə başında oturanlara Xalq deyilməz. Əzilən, qara çörək həsrəti ilə başında qoz sındırılan kimsəsizlər, indisini və sabahını «O GÜN GƏLƏCƏK» deyən möhtərəm yazıçılara bağlayan milyonlardı Xalq!
«MƏNİM XALQIM ƏSRLƏR UZUNU AZADLIĞI VƏ İŞIĞI SOVET QURULUŞUNDA TAPMIŞDIR» deyərkən Siz hansı azadlığı, hansı işığı nəzərdə tutursunuz? Şəxsən özünüzün və Sizin kimilərin, yaxud yeddi qıfıl arxasında – beton döşəmə, beton divar, beton tavan və dəmir barmaqlıq arxasında yaşayanların azadlığından danışırsınız? Geniş kabinetinizə, yaraşıqlı mənzilinizə lay pəncərənin tül pərdələrindən düşən günəş işığından, yoxsa 40 vatlıq elektrik lampasının dəmir çərçivə arxasında süzülən zəif işığından?
«MƏNƏVİ DÜNYAMIZDAN, HƏYAT EŞQİNDƏN VƏ XEYRƏ İNAMDAN QİDALANMIŞ DAXİLDƏN GƏLƏN NUR» qoyun Sizi bəzəsin; o nur, o işıq «SƏNƏT MƏBƏDİNDƏ XİDMƏT Sizi İKİQAT NÖVRƏQLƏNDİRSİN»; bəlkə, ondan sonra geniş kabinetinizdən bir anlıq ayrılıb, ömür boyu dediklərinizin, yazdıqlarınızın həyatda təcəssümünü görmək üçün insanlara diqqət yetirəsiniz. Axı, Siz «GÖZÜNƏ QULAQLARINDAN ÇOX ETİBAR EDƏN yaradıcı şəxssiniz! Bəlkə, ağ gününə fərəhləndiyiniz millətin adıyla aldığınız «Ulduz» Sizə ilham verə, neçə illərdən bəri nağıllaşıb daşlaşmış ürəyiniz riqqətə gələ, bu müdhiş məbədə ayaq basıb deyəsiniz: «Mənəm. Gələcək günün carçısı, Sovet qanunlarının tərənnümçüsü. Mən büt Mirzə İbrahimov yox, insan Mirzə İbrahimovam».
Mən də nəvazişlə Sizin yazan əllərinizdən tutam, öpüb qoyam gözlərimin üstünə və gəzdirəm Sizi Bayıl türməsinin çoxsaylı kameralarını.
Yox! İstəmirsiniz! Burda məskən salan iri tarakanlardan iyrənirsiniz! «Osujdyonka»da 60 nəfər «zek»in doldurulduğu 25-30 kvadratmetrlik kameralarda üfunət iyi boğar Sizi! Ağ rəngli bitlər daraşar canımıza! Siz, axı, nə günahın sahibisiniz ki, gəlib bu yerlərə düşəsiniz? Gəlməyin! Biz də Sizin yazdıqlarınıza inanıb, bu yol ayrıcında tərəddüdlər içində cana doyaq və intihar yolunu daha məqsədəuyğun hesab edək! Özümüz özümüzdən, öz cismimizdən intiqam alaq!
«O günün» gəlməyəcəyinə əmin olub intiqam alaq! Və intiqam qabağı deyək: «Qatilimiz qalın kitabları ilə gözlərimizi pərdələyən, həqiqəti bizə başqa rəngdə çatdıran İbrahimovdur!
Qoy mənim bu bir ovuc qanım Sizin qələm tutan əllərinizə tökülsün! Qoy bundan sonra bir sətir belə yazmaq istəyəndə, əllərinizdə qan ləkələri görünsün ki, heç olmasa bundan sonrakı nəsil üçün qırmızı boyalı dünya yaratmayasınız!
Sizin öyrətdiklərinizlə həyatın diktə etdikləri uzlaşmırsa, mənim aldığım mənəvi tərbiyə prokuror həzrətlərinin tərbiyəsinə və müasir tələblərə uyğun gəlmirsə, Sizin yazmağa, mənim yaşamağa haqqımız yoxdur! Bizə çatdıra bildiyiniz ideya tərənnüm etdiyiniz millətin çox-çox övladlarının gözünə mil çəkib, boğazına ərinmiş qurğuşun töküb. Milyonların həyat həqiqətindən bixəbər böyüməsində xüsusi xidmətiniz olub!…
Nəhayətdə xatırladıram:
«…SAHİLƏ GEDİB DƏNİZİN GAH LİRİK, GAH DA GURULTULU, ÜSYANKAR NƏĞMƏLƏRİNƏ QULAQ ASARKƏN…» yada salın ki, gözünüzü oxşayan anamız Xəzərin suyuna neçə «vışak»ın qanı qoşulub.
Qırçın dalğaların üstünüzə çilədiyi duzlu damlaların bir qismi də mənim Bayıl divarları arasında axıtdığım göz yaşlarıdır. Körpələrimin də ata həsrətindən tökülən göz yaşlan qarışıb bu suya!
İçin bu göz yaşlarından doyunca!
«Millət, millət!» deyən diliniz bu göz yaşlarının duzundan cadar-cadar oluncayadək için! İçin – mənim bu al qanımı və duzlu göz yaşlarımı! Sizə halal edirəm!
P.S: Böyük hərflərlə yazılanlar Sizin öz sözləriniz, kiçik hərflərlə yazılanlar mənimdir».
Bu məktubdan əlavə Nəsimi rayon, Bakı səhər, Respublika və SSRİ prokurorluğuna, Sov. İKP MK-ya, Azərbaycan KP MK-ya, «İnsan və qanun» jurnalı redaksiyasına da məktub yazıb yola saldım. Mətn demək olar ki, hamısında eyni idi: haqqımda qaldırılmış cinayət işi əsassız olduğundan, şəxsi ədavət hissinin qurbanı kimi məsuliyyətə cəlb edildiyimdən, yazdığım çoxsaylı şikayətlərə cavab almadığımdan 23 mart 1985-ci il saat 8-dən etibarən etiraz əlaməti olaraq aclıq elan edirəm!
Kameranın pullarını və hesabatı Əzizalıya təhvil verib nəticəni gözləməyə