Həbsxana . Qənimət Əlisaoğlu
Чтение книги онлайн.
Читать онлайн книгу Həbsxana - Qənimət Əlisaoğlu страница 7
– Hamı yeyəndə o, öz yerində uzanır. Biz durandan sonra oturub yeyir. Qayda belədir… Onun qaşığının dəstəyinə, krujkasına xüsusi nişan vurulur ki, tanınsın…
«Petux» hər kamerada olur. Bəzən kamerada çox böyük qəbahət etmiş, yaxud arxasınca «qara ox» gəlmiş məhbusu da kamera məhkəməsinin hökmünə görə «petux» edirlər. Nə qədər inandırıcı olmasa da, bu əməliyyat bütün türmələrdə, bütün kameralarda aparılır.
Fakt faktlığında qalır. Mənim də faktları, danmağa mənəvi haqqım, hüququm yoxdur. «Petux»un qabında kiçik deşik açırlar ki, onun qabları əlamətinə görə fərqlənsin. Yoxsa, Allah eləməmiş, onun qabından kimsə təsadüfən istifadə edə bilər.
Əsas «vəzifəsi» ilə yanaşı, «petux» qulluqçu, zibildaşıyan, «işverən» vəzifələrini də icra edir.
Kamera məhkəməsi özlüyündə dövlət məhkəməsindən ciddi şəkildə fərqlənmir. Onun da müttəhimi, hakimi və iclasçısı, prokuroru və vəkili var.
Məhbuslar əsl məhkəməyədək özləri sınaq məhkəməsi qururlar. Bu sınaq məhkəməsini məhkəmə prosesinə gedəsi «bratan» üçün bir neçə dəfə təkrar edir, eynilə məhkəmədə olduğu kimi, hətta, bir az da ciddi suallar qoyulur. Burada da vəkil müdafiə edir, prokuror iş «oxuyur», hakim və iclasçılar məşvərətə gedir və nəhayət, hökm elan edilir. Maraqlıdır ki, oxunan hökm əksər vaxtlarda əsl hökmlə eyni olur. Özü də kamera hakimi xalq hakimindən daha sərt mövqe tutsa belə, ondan daha ədalətli, daha insanpərvər olur. Çünki, kamera hakimi müttəhimi başa düşür, onun çəkdiyi mənəvi əzabları görür.
Bir də… Kamera hakimi hakim statusu almaq üçün bir qucaq rüşvət vermədiyindən «zek»dən də rüşvət tələb etmir; burda nə güzəşt var, nə də təmənna.
Məhbus kamerada istər pis, istərsə də yaxşı cəhətdən formalaşır, daha prokuror həzrətləri onun üçün elə bir məna kəsb etmir. Hakimin onsuz da standartdan kənara çıxmayacağını bilən şəxs üçün əvvəlcədən planlaşdırılmış və kamera «hakimi» tərəfindən oxunmuş 12 il əvəzinə xalq hakiminin oxuyacağı 13, yaxud 14 il sayının fərqi yoxdur. Ümumiyyətlə, təcridedilmə müddəti uzandıqca əsəbləri kütləşən, məhəbbətini nifrəti ilə əvəz edən məhbus üçün ilk ayların çətinliyi, çox iş almaq qorxusu aradan qalxır, «nazor» da, «oper» də cılızlaşır. Çoxları üçün hər şey adiləşir, göz yaşı azalır, sırtıqlıq və şit zarafatlar ürəklərə yol tapır…
«ÇEFİRŞİK»
Eyni çəmənlikdə öküz – ot, it – dovşan, durna – kərtənkələ axtarır…
21 yanvara «avşaq» seçkisi təyin olundu. «Avşaq» «obşak» sözünün təhrif olunmuş formasıdır və yalnız Bayıl türməsində «avşaq» kimi tələffüz olunur. «Obşak» həbsxanada ümumi kassaya deyilir. Bu kassa bir nəfərə həvalə olunur ki, həmin şəxs də müəyyən imtiyazlara malikdir.
İndi bütün İttifaqda56 səs-küyə səbəb olan aşkarlıq və demokratiya türmədə yüz illərdir ki, hökm sürür, məxsusən «avşaq» seçkisində.
Məhbus saxlaya bildiyi bircə gilə sərbəstliyi də «avşaq»a həvalə edərək özünü müəyyən mənada yüngülləşdirir. «Avşaq» qanunun keşiyini çəkməli, kameradakıların sözünü, tələb və xahişini yuxarılara çatdırmalı, ədalətli pay bölgüsünə rəhbərlik etməlidir.
Çox vaxt isə… «avşaq» ədalətsiz pay bölgüsü yaradır, özü müftəxor parazitə çevrilir, yuxarıda oturub öz «dolya»sını alır, iş görmür, əmrlər verir, «razborka» aparır.
«Razborka», yəni, hər hansı bir mübahisənin çözülməsı əksər hallarda güclünün, imkanlının, sözükeçənin xeyrinə həll olunur. Bir sözlə, ədalətsizliklə dörd divar arasına düşmüş gücsüz, pulsuz və kimsəsiz məhbus daha acınacaqlı halla rastlaşır, ədalətsizliyin astarını da görür, üzünü də.
«Avşaq» toxunulmazlıq statusuna malikdir. Onun sözünün qabağına söz deyilə bilməz. Əks təqdirdə söz deyənə «maya» qoyulur. «Oper»lərin birinə 200 re rüşvət verib adamı başqa kameraya göndərirlər. Kameranın ümumi kassası, yəni «obşak» pulları da «avşağın» sərəncamında olur.
38-ci kamerada bu pullar qeyri-qanuni xərcləndiyi, yəni aidiyyəti üzrə xərclənmədiyi üçün tez-tez mübahisə yaranırdı. Nəhayətdə ikitirəlik alındı və türmə praktikasında, bəlkə də, ilk dəfə bir kamerada iki «avşaq» fəaliyyət göstərəsi oldu.
Axşam, Baloğlan «srok»un alandan sonra «kormuşka»dan bizimlə əhvallaşıb ayrıldı (məhkəmədən sonra imkansız «zek» kameraya girə bilmir, çünki girib yoldaşlarla görüşmək üçün «nazor»a ən azı 50 re pul verməlidir). Ayrılanda da öz təqdimatını verib:
– Müəllimə mən də səs verirəm, – dedi.
Sən demə, «avşaq» seçkisində mənim namizədliyim nəzərə alınıbmış.
Hər gün, təqribən saat 10 radələrində «zek»i proqulkaya57 çıxardırlar. Heyvan saxlayanlar bu işin nədən ibarət olduğunu yaxşı bilirlər. Eyni ilə qoyunları otlamağa aparan kimi «nazor» «zek»ləri qabağına qatıb «proquloçnıy» həyətə aparır. Bu həyət Bayıl türməsinin I korpusunun kəllə tərəfində, üstü üç sıra qalın armatur çərçivə ilə qaynaqlanıb örtülmüş dəmir qapılı balaca bir sahədir. «Zek»in ayaqları tutulmasın və üzünə hava dəysin deyə, gün ərzində bir dəfə onu bu tövləyə çıxarır və 15-20 dəqiqə burda saxlayırlar. Tövlələrdən bircəsi 40 kv. metrdir. Digərlərində heç gəzmək, daha doğrusu «tasovka»58 üçün yer də çatışmır. Məhz, həmin tövlədə «tasovka» etmək üçün «burjuylar» arasında rəqabət aparılır. Hansı kamera 5 re versə, həmin gün böyük tövlədə «tasovka» edir, həm də düz bir saat. Yalnız bu gəzinti «zek»i hələ də həyatın mövcudluğuna inandırır. Tavan yerindəki dəmir barmaqlığın arasından görünən mavi səma, qara bulud bir də Bayıl türməsinin həyətindəki böyük tut ağacı ona həyatın varlığını andırır.
İybilmə qabiliyyətini, qismən də olsa, saxlamış burnumuz çöldən kameraya qayıdarkən bizə it damına girdiyimizi xatırladırdı. İnsanın iyi itin iyindən də pis olarmış, İlahi! Bu iyin heç olmasa azalması xatirinə hər həftə hamamçıya 10 re pul verməlisən ki, kameraya hamam günü təyin etsin.
Bütün bu təşkilatçılıq işi, ərzaq məhsullarının alınması və səmərəli bölüşdürülməsi, kamera haqlarının vaxtında verilməsi «avşaq»m vəzifə borcudur…
56
Keçmiş Sovet İttifaqının 1985-86-ci illəri nəzərdə tutulur.
57
Gəzintiyə (rusca).
58
Burada var-gəl etmə (rusca).