KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.
Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 8
Dərzilik formasında, həmçinin toxuculuq formasında, insan iş qüvvəsi sərf olunur. Deməli, bu hər iki fəaliyyət insan əməyi olmaq kimi ümumi bir xassəyə malikdir və bəzi müəyyən hallarda, məsələn, dəyər istehsalında bunlar ancaq həmin nöqteyi-nəzərdən götürülməlidir. Bunda mistik heç bir şey yoxdur. Lakin əmtəə dəyərinin ifadəsində məsələ başqa şəkil alır. Məsələn, kətanın dəyərini toxuculuğun öz konkret formasında deyil, insan əməyi olmaq kimi özünün ən ümumi keyfiyyəti ilə yaratdığını ifadə etmək üçün toxuculuğa dərzilik, – kətanın ekvivalentini yaradan konkret əmək abstrakt insan əməyi təcəssümünün əyani forması kimi qarşı qoyulur.
Beləliklə, ekvivalent formanın ikinci xüsusiyyəti ondan ibarətdir ki, burada konkret əmək öz əksliyinin, abstrakt insan əməyinin təzahür forması olur.
Lakin bu konkret əmək, dərzilik, burada fərqlərdən məhrum olan insan əməyinin sadəcə ifadəsi kimi meydana çıxdığına görə, o başqa bir əməklə, kətandakı əməklə bərabərlik formasına malik olur; buna görə də o, əmtəə istehsal edən hər bir başqa əmək kimi, xüsusi əmək olduğuna baxmayaraq, hər halda bilavasitə ictimai formada olan əməkdir. Məhz buna görə də həmin əmək başqa əmtəəyə bilavasitə mübadilə oluna bilən bir məhsulda ifadə olunur. Beləliklə, ekvivalent formanın üçüncü xüsusiyyəti ondan ibarətdir ki, xüsusi əmək öz əksliyinin forması olur, yəni bilavasitə ictimai formada əmək olur.
Bir çox təfəkkür formaları ilə, ictimai formalarla və təbii formalarla yanaşı olaraq ilk dəfə dəyər formasını təhlil edən böyük tədqiqatçıya müraciət etsək, ekvivalent formanın hər iki son xüsusiyyəti bizim üçün daha aydın olar. Mən Aristoteli nəzərdə tuturam.
Aristotel hər şeydən əvvəl tamamilə aydın göstərir ki, əmtəənin pul forması sadə dəyər formasının ancaq daha da inkişafıdır, yəni bir əmtəə dəyərinin hər hansı başqa bir əmtəə dəyərində ifadəsinin daha da inkişafıdır; o deyir:
«5 yataq = 1 evə»,
«eynilə o deməkdir» ki:
5 yataq = filan qədər pula
Daha sonra, o başa düşür ki, bu dəyər ifadəsini ehtiva edən dəyər nisbəti özü də evlə yatağın keyfiyyətcə eyniləşdirildiyini bildirir və fərqləri hiss edilən bu şeylərin mahiyyətləri arasında belə bir eyniyyət olmasaydı, bunlar bir-birinə ortaq ölçülü kəmiyyətlər nisbətində ola bilməzdi.
O deyir: «Bərabərlik olmadan mübadilə ola bilməz, ortaq ölçü olmadan isə bərabərlik ola bilməz». Lakin o burada çətinlikdə qalıb dayanır və dəyər formasının təhlilini daha davam etdirmir. «Lakin həqiqətdə mümkün deyildir ki, bu qədər müxtəlif şeylər ortaq ölçülü olsun», yəni keyfiyyətcə bərabər olsun. Belə bir bərabərləşdirmə şeylərin əsil təbiətinə ancaq yabançı ola bilər, deməli, ancaq «əməli tələbatı ödəmək üçün süni bir üsul» ola bilər.
Beləliklə, Aristotel öz təhlilini davam etdirə bilməməsinin səbəbini özü bizə göstərmiş olur, bu, dəyər anlayışının olmamasıdır. Yataqların dəyər ifadəsində yataqlar üçün evin təmsil etdiyi bərabər cəhət, yəni ümumi substansiya nədən ibarətdir? Aristotel deyir ki, belə bir şey «həqiqətdə mövcud ola bilməz». Nəyə görə? Ev yatağın qarşısına bərabər bir şey kimi çıxır, çünki ev bunların hər ikisində – həm evdə, həm də yataqda olan həqiqətən ümumi cəhəti təmsil edir. Bu isə insan əməyidir.
Lakin əmtəə dəyərləri formasında bütün əmək növlərinin bərabər və, deməli, eyni əhəmiyyətə malik insan əməyi kimi ifadə olunması faktını Aristotel dəyər formasının özündən aşkara çıxara bilməmişdi, çünki yunan cəmiyyəti qul əməyinə əsaslanırdı və buna görə də onun təbii bazisi insanların və onların iş qüvvəsinin bərabərsizliyi idi. Bütün əmək növləri ümumiyyətlə insan əməyi olduğundan, onların bərabərliyini və eyni əhəmiyyətə malik olmasını, – dəyər ifadəsinin bu sirrini yalnız o zaman açmaq olar ki, insanların bərabərliyi ideyası xalqın beynində artıq möhkəm kök salmış olsun. Bu isə ancaq elə bir cəmiyyətdə mümkündür ki, orada əmtəə forması əmək məhsulunun ümumi forması olsun və, deməli, əmtəə-sahibləri olaraq insanların bir-birinə münasibəti hakim ictimai münasibət olsun. Aristotelin dühası özünü məhz bunda göstərir ki, o, əmtəələrin dəyər ifadəsində bərabərlik münasibətini kəşf edir. Yalnız onun yaşadığı cəmiyyətin tarixi çərçivəsi ona «həqiqətdə» bu bərabərlik münasibətinin məhz nədən ibarət olduğunu aşkara çıxarmaqda mane olmuşdur.
Əmtəənin sadə dəyər forması həmin əmtəənin onunla eyni cinsdən olmayan əmtəəyə dəyər nisbətindən, yaxud onun bu axırıncıya mübadilə nisbətindən ibarətdir. Keyfiyyətcə A əmtəənin dəyəri B əmtəənin A əmtəəyə bilavasitə mübadilə edilə bilməsində ifadə olunur. Miqdar cəhətdən isə o, müəyyən qədər B əmtəənin məlum miqdar A əmtəəyə mübadilə edilə bilməsində ifadə olunur. Başqa sözlə: əmtəənin dəyəri o zaman müstəqil ifadə olunur ki, bu dəyər bir «mübadilə dəyəri» kimi götürülsün. Biz bu fəslin əvvəllərində ümumən qəbul edilmiş şəkildə demişdik ki, əmtəə istehlak dəyəri EƏ mübadilə dəyəridir, lakin ciddi yanaşsaq, bu doğru deyildir. Əmtəə istehlak dəyəri, yaxud istehlak şeyidir və «dəyərdir». Əmtəə bu ikili təbiətini o zaman aşkara çıxarır ki, onun dəyəri onun natural formasından fərqli olan xüsusi bir təzahür forması alır, məhz mübadilə dəyəri formasını alır, həm də təcrid edilmiş halda nəzərdən keçirilən əmtəə heç zaman bu formaya malik olmur, lakin bu formaya həmişə ancaq başqa əmtəəyə, onunla eyni cinsdən olmayan əmtəəyə dəyər nisbətində, yaxud mübadilə nisbətində malik olur. Bir halda ki, bu bizim yadımızdadır, onda yuxarıda dürüst işlədilməyən ifadə səhv doğurmur, ancaq ixtisar xatirinə işlədilir.
Təhlilimiz göstərdi ki, əmtəənin dəyər forması, yaxud dəyər ifadəsi əmtəə dəyərinin təbiətindən irəli gəlir, heç də bunun əksinə deyildir, dəyər və dəyərin kəmiyyəti onu mübadilə dəyəri kimi ifadə etmək üsulundan irəli gəlmir. Lakin istər merkantilistlər və onların Ferye, Qanil və i. a. kimi müasir pərəstişkarları, istərsə bunların antipodları, Bastia və kompaniyası kimi müasir azad ticarət tərəfdarları məhz belə xəyal edirlər. Merkantilistlər ağırlıq mərkəzini dəyər ifadəsinin keyfiyyət cəhəti üzərinə, əmtəənin pulda öz mükəmməl ifadəsini tapan ekvivalent forması üzərinə keçirirlər, – öz malını hər necə
26
Orijinalda bir qədər dəyişdirilmiş şəkildə belə bir məşhur alman məsəli vardır: „Kleider niachen Leute“ (hərfi mənası belədir: „paltar adamları yaradır“, mənası isə bu cürdür: „kötüyü bəzəsən, kötük də yaxşı görünər“, yaxud: „adamı libasına görə qarşılayarlar“). Red.