Məktəb hekayələri. Məhəmməd Tağı Sidqi

Чтение книги онлайн.

Читать онлайн книгу Məktəb hekayələri - Məhəmməd Tağı Sidqi страница 1

Жанр:
Серия:
Издательство:
Məktəb hekayələri - Məhəmməd Tağı Sidqi

Скачать книгу

>

      MƏHƏMMƏD TAĞI SİDQİNİN HƏYATI VƏ ƏDƏBİ-PEDAQOJİ FƏALİYYƏTİ

      Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Lakin Məhəmməd Tağı Sidqi kimi böyük mütəfəkkirin həyatı və ədəbi-pedaqoji irsi layiq olduğu səviyyədə araşdırılıb geniş ictimaiyyətə çatdırılmamışdır. Belə ki, sovet hakimiyyəti illərində M.T. Sidqi haqqında meydana çıxmış tədqiqatlar ideoloji cəhətdən köhnəlmişdir. Müstəqillik dövründə isə onun barəsində barmaq ilə sayılacaq qədər azsaylı məqalələr yazılmışdır. Ədibin elmi və bədii əsərləri, geniş mənada külliyyatı toplanıb indiyədək ayrıca kitab halında çap olunmamışdır. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun «Görkəmli pedaqoq, maarifçi və şair M.T. Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqındakı 11 mart 2004-cü il tarixli sərəncamı bu qüdrətli mütəfəkkirin həyatının və çoxcəhətli ədəbi, elmi və pedaqoji əsərlərinin, əlyazmalarının yenidən araşdırılmasına, əsaslı şəkildə öyrənilməsinə, əsərləri külliyyatının çap olunmasına, adının yeni həyat qazanmasına geniş imkan yaradır.

      Hələ XIX əsrin əvvəllərindən etibarən başlanan maarifçi ideyalar ictimai-ədəbi mühitdə tez bir zamanda vətəndaşlıq hüququ qazanmışdır. Əsrin ortalarında maarifçilik aparıcı ideologiyaya çevrilmişdi. Keçən yüzilliyin 70-90-cı illərində isə maarifçilik Azərbaycanda hərəkat səviyyəsinə yüksəimişdir. Artıq yalnız Tiflis, Bakı kimi inzibati mərkəzlərdə deyil, ayrı-ayrı əyalətlərdə də milli maarifçi tədbirlər geniş şəkildə həyata keçirilmiş, məktəb, teatr və mətbuat uğrundakı səylərin əhatə dairəsi genişlənmişdir. Milli-maarifçi ziyalılığın böyük bir nəsli əyalətlərdə yetişib formalaşmışdır. Bu mənada Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi və Mahmudbəy Mahmudbəyovun Şamaxıda, Ömər Faiq Nemanzadənin Şəkidə, Mirzə Sadıq Fani və Abdulla Surun Gəncədə, Nəriman Nərimanovun Borçalıda, Teymurbəy Bayraməlibəyovun Lənkəranda, Hacı Kərim Şamlının Zəngəzurda, İsmayılbəy Şəfibəyov və Bədəlibəy Bədəlbəyovun Qarabağda, Rəşidbəy Əfəndiyevin Qutqaşen və Xaçmazda, Firudinbəy Köçərlinin İrəvanda, İsabəy Abakarov və Ələsgər Şeyxhəsənovun Vedidə pedaqoji fəaliyyətlə məşğul olmaları Azərbaycan əyalətində maarifçilik hərəkatının yeni yüksəlişinə səbəb olmuşdur. Həmin maarifçi-yaradıcı qüvvələrin fədakarlıq nümunəsi olan çoxcəhətli xidmətləri sayəsində bütövlükdə Azərbaycanda qısa müddətdə milli şüur, ədəbi-mədəni gedişat, ictimai tərəqqi nəzərəçarpacaq səviyyədə irəli getmişdir.

      Göstərilən dövrdə maarifçilik hərəkatı baxımından inkişaf etmiş mərkəzlərdən biri də Naxçıvan idi. Milli ziyalılığın böyük bir nəsli XIX-XX əsrlər Naxçıvan ictimai-ədəbi mühitində ərsəyə gəlmişdir. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Eynəlibəy Sultanov, Hacıağa Fəqir Ordubadi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əbülqasım Sultanov, Əliməmməd, Sadıq və Məhəmmədhüseyn Xəlilovlar, Mirzə Cəlil Şürbi, Qüdsi Vənəndi və onlarla başqaları məhz həmin mühitin içərisindən çıxmışlar. XIX əsrin 80-90-cı illərində Naxçıvan ədəbi mühitinin ağsaqqalı və müəllimi olmuş Məhəmməd Tağı Sidqinin çoxcəhətli fəaliyyəti klassik maarifçilərlə yeni maarifçi nəsil arasında varislik körpüsü funksiyasını yerinə yetirmişdir. Əslində Abasquluağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayılbəy Qutqaşınlı kimi ilk maarifçilərlə başlanan XIX əsrin milli maarifçi ideyaları Mirzə Fətəli Axundov və Seyid Əzim Şirvani tərəfindən bacarıqla davam etdirilmiş, Məhəmməd Tağı Sidqi ilə başa çatdırılmışdır. M.T. Sidqinin maarifçilik fəaliyyəti və görüşləri milli maarifçiliyin inkişafının XX əsrdəki qanunauyğun, məntiqi yekunudur. Eyni zamanda, M.T. Sidqinin pedaqoji irsi həm də yeni tipli maarifçiliyin nəzəri-ideoloji təməlini təşkil edir. Əsrin 70-80-ci illərində yetişib formalaşan yeni maarifçi nəsil 90-cı illərdən etibarən müəyyən mənada M. T. Sidqinin əməl və ideyalarını müstəqil surətdə davam etdirməklə maarifçilik hərəkatı meydanına atılmışdır. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı qüvvələrin isə ustad sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T. Sidqinin adı ilə bağlıdır.

      Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. Sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan Sidqi bilik və məlumatlarını bir qədər də təkmilləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də məşğul olmuşdur. Təxminən 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. Ordubadda ailə həyatı qurmuş, 10 ilə yaxın bu şəhərdə yaşamış, maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. O, ailəsini dolandırmaq üçün çayxana açmışdır. Lakin bu adi çayxana deyildi. Oğlu, tanınmış publisist və tərcüməçi Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci ildə yazdığı «Tərcüməyi-halım» adlı avtobioqrafik xarakterli xatirəsində atasının çayxanasını aşağıdaki kimi səciyyələndirmişdir: «O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur… Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Eyni zamanda, atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetlər də alıb oxuyarmış… Bu qəzetlər çox zaman atamın həmməsləkləri arasında gizlində oxunarmış. Çünki avam camaat qəzet oxumağı böyük günah və qəzet oxuyanları kafir… hesab edirdi.

      1892-ci ildə açıqfikirli, rus və Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı «Əxtər» adlı yeni üsullu məktəblə M.T. Sidqi pedaqoji fəaliyyətə başlamışdır. Şəriət fənnindən başqa, ana dili, hesab, coğrafiya dərslərinin ana dilində keçirildiyi bu məktəbdəki səmərəli məktəbdarlıq işləri onu daha da məşhurlaşdırmışdır. «Əxtər» məktəbinin şagirdi M.S.Ordubadi həmin tədris müəssisəsini «gələcək üçün üsuli-cədid müəllimləri hazırlayan» ciddi təhsil ocağı adlandırmışdır.

      Təcrübəli müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə bura dəvət olunub «Tərbiyə» məktəbinin əsasını qoymuşdur. «Məktəbi-Tərbiyə»də dünyəvi elmlərin tədrisinə ciddi fikir verilmiş, rus dili və ədəbiyyatı da öyrədilmiş, tərcümə dərsləri təşkil olunmuşdur. «Tərbiyə» məktəbi Azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biridir. Belə ki, o vaxta qədər mövcud olan qəza, şəhər, zemstvo və normal məktəblər ana dilinin bir fənn kimi tədris olunduğu rus məktəbləri idilər. Və həmin məktəblərdə rus çarizmi özünə sadiq təbəələr formalaşdırmaq vəzifəsini həyata keçirirdi. XIX əsrin 80-ci illərinin sonlarında meydana çıxmış rus-tatar məktəbləri də adından göründüyü kimi anadilli fənlərin bir qədər də genişləndirildiyi rus məktəbləri kimi fəaliyyət göstərirdi. M.T. Sidqinin «Məktəbi-Tərbiyə»si isə rus dilinin xarici dil kimi ayrıca tədris olunduğu, digər fənlərin ana dilində keçirildiyi milli məktəb idi. Məsələnin bu cəhəti vaxtilə Cəlil Məmmədquluzadənin də diqqətini cəlb etmiş və o, «Tərbiyə» məktəbindən bəhs edərkən «Naxçıvan şəhərində haman məktəbi Həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi» qənaətinə gəlmişdir. M.T. Sidqinin səyi nəticəsində az vaxtda «Tərbiyə» məktəbi ədəbi-mədəni fikrin əsas mərkəzlərindən birinə çevrilmişdir. Cəlil Məmmədquluzadə, Qurbanəlibəy Şərifzadə, Cümşüd-Paşa Sultanov, Mirzə Nəsrulla Əmirov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şürbi, Mirzə Ələkbər Süleymanov və başqaları burada Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış, şeirlərini dinləyib müzakirə etmiş, Rusiya, Qafqaz və Şərq mətbuatını mütaliə etmək imkanı

Скачать книгу