Türk hekayələri. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Türk hekayələri - Коллектив авторов страница 8
Küçənin ən tənha yerində bir dalana dönərkən qabağına bir neçə qaraltı çıxdı. Sinəsinə tapança dayadılar:
– Tərpənmə!.. Əllər yuxarı!
Dayandı. Əllərini yuxarı qaldırdı. Qorxub eləmirdi.
Daldan boğuq bir səs:
– Oyan-buyan eləmə, pulları çıxart! – dedi.
Qüdrət qeyri-ixtiyari güldü. Bir an içində yanıb tez də sönən əl fənərinin işığı Qüdrətin gözlərini qamaşdırdı. İndi məchul qaraltılar da gülürdü…
Üzünün yarısını qara parça ilə gizlədən soyğunçu tapançanı cibinə qoydu. Qüdrətin çiynindən tutub onu silkələyə-silkələyə hırıldadı:
– Adə, sən də bizdən imişsən ki!
Soyğunçu o qədər bərk silkələyirdi ki, Qüdrət müvazinətini güclə saxlayırdı.
– Bah atonnan, adə, üfürsələr yıxılarsan ki, sən…
Qüdrət mızıldandı:
– Acam!
Üçü də güldü:
– Acsan?
– Onda sən avara adamsan…
– Bivecsən!
Onlardan biri Qüdrətin saralmış üzünə yaxından baxdı, yazığı gəldi:
– Gəl bizimlə gedək. İndi biz bir iş görəcəyik. Sən bayırda gözləyərsən. «İt» görünsə fit verərsən. Sənə də çörək çıxar bu işdən. Başa düşdünmü!.. Çalış ki, qarnın doysun. Yoxsa vallah-billah acından gəbərərsən. Sənə yazığı gələn olmasa, leşini də köpəklər didər.
Qüdrət heç nə demədi, divarlara sinə-sinə onların dalınca getdi.
– Al bu da sənin payın!
Qüdrət ovcunda iki lirəliyi görəndə heyrətdən, sevincdən nə edəcəyini bilmədi. Himayədarlarının ayaqları altına döşənmək istədi… Təcrübəli quldur onu danladı:
– Dil-ağız etmək üçün sən də vaxt tapıbsan? Hələ başın salamatkən əkil get burdan. Get, isti şorba iç. Yallah!.. Yaxan ələ keçsə, özünü dama girmiş bil, atanı yandırarlar.
Qüdrət gücsüz ayaqlarını sürüməyə çalışdı.
Qüdrət gedirdi…
Küçədə ondan başqa heç kim yox idi. Sadəcə o və onun kölgəsi vardı.
Qüdrətin qulağına acı bir hıçqırıq səsi gəldi. Qorxdu. Qaçmaq istədi, lakin ayaqları sözünə baxmadı.
Adam öldürən bir canini qan necə tutarsa, yaralı qəlbdən qopan bu qışqırıq da Qüdrəti eləcə tutub saxladı. Ovcunda bərk-bərk sıxdığı pul əlini yandırırdı. Yuxuda gəzən adamlar kimi qorxa-qorxa geri qayıtdı. Bir az əvvəl soyulan evə yaxınlaşdı.
Divardan aşıb, üzüm çardağına dırmandı.
Səs gələn yerə yaxınlaşdı. Bir dəqiqədən sonra boş və xaraba bir dəhlizə girdi. Yavaş-yavaş irəli getdi. Ən axırdakı sınıq qapıdan zəif işıq gəlirdi.
Qudrət qapını yavaşca açdı. Gördüyü mənzərə onu sarsıtdı. Bu böyük və boş otaqda kiçik lampa yanırdı. Xəstə balasının üstünə əyilmiş bir ana dərdli-dərdli hıçqırırdı.
– Get!.. Gedin. Bəsdir artıq. Allah eşqinə, get! Bizə dəyməyin…
Qüdrətin tükləri biz-biz oldu. «Mən quldur deyiləm, mən cani deyiləm!» demək istədi. Lakin boğazı qurudu. Səsi çıxmadı.
Dərdli qadın hey hıçqırırdı:
– Qalmayıb… Heç nəyim qalmayıb… Hamısını aldınız… Uşağımın dərman puluna qədər…
Qüdrət də ağlayırdı. O da hıçqıra-hıçqıra ağlayırdı.
Dərdli qadın hönkür-hönkür ağlayan pərişan geyimli bu «quldurun» halına baxıb təəccübləndi…
Qüdrət ovcunu od kimi yandıran pulu xəstə uşağın yatağına qoyub evdən çıxdı. Çardaqdan sürüşüb küçəyə tullandı. Qəlbində elə rahatlıq hiss etdi ki…
Ay batmışdı. Ulduzlar qaranlıq göylərə sancılmış qəndillər kimi titrəşirdilər.
Bir evin alt mərtəbəsindəki divar saatı gecə yarısını vurdu.
O biri küçədə dolaşan qarovulçu yoğun əl ağacını on iki dəfə səkiyə vurdu…
Qüdrət gedirdi.
Küçədə ondan başqa heç kim yox idi. Təkcə o və kölgəsi vardı. Gah div boyda uzanan, gah ayaqları altında qeyb olan, sağa düşən, sola qıvrılan, divara dəyən oynaq bir kölgə. Gedə-gedə bir az əvvəl köpəklərin qabağından qapdığı çörək parçasını gəmirirdi…
Elə xoşbəxt idi ki!.. Mədəsinin boş olduğunu, quru çörəyi gəmirərkən qaynayan diş ətinin sızıltısını duymurdu…
Said Faiq Abasıyanıq
SİNAQRİT BABA
«Cəhənnəm nişanı» deyilən yerdə beş balıqçı qayığı vardı. Gözəl yanvar axşamı idi. Gilavar əsirdi. Dənizin üzündə yeddi rəngin hər çeşidini görmək olurdu. Bərk qaynadılmış cökə çayı rəngində dalğalar oynaşırdı. Qayıqlar ağır-ağır tərpənir, tilovlar gözləyir, adamlar susurdular.
Kim bilir, suyun otuz səkkiz qat dərinliyində, kələ-kötür qayalar arasında bu rənglər görünürmü? Görəsən Sinaqrit8 baba ovdan qayıdıbmı? Göy qurşağı kimi par-par parıldayan pullarını göstərərək, qədim dövr kralları kimi ağır-ağır, möhtəşəm, varlı, əliaçıq, alicənab və müstəbid ədası ilə gəzirmi? Bəlkə də qızıl, zümrüd, inci, mərcan, sədəf içində alışıb-yanan sarayı üçün darıxdığına görə tələsir?
Sinaqrit baba ömründə danışmamış, ömrü boyu evlənməmiş, həmişə tək yaşamışdı. Sinaqrit baba qovuğunun zümrüd pəncərəsindən nə qədər faciələr seyr etmişdi, nə qədər tilovlar qırmışdı!
8
Sinaqrit—mərcan balığına bənzəyən bir balıq növüdür.