Çuğullar. Azər Qismət
Чтение книги онлайн.
Читать онлайн книгу Çuğullar - Azər Qismət страница 6
– “Xəbərvermə formulu” xəbər ötürənin özü tərəfindən dəfələrlə dəyişdirilə bilər və informasiya çatdırılan obyektin ovqatı ilə düz mütənasiblik təşkil etməlidir. İnformasiya ötürülən şəxs əsəbi və çılğın olarsa, onda xəbərvermə anlayışı fiaskoya uğrayar. Mənim xəbərvermə üslubum tam klassikdir: bu, müdirimin kefinin kök vaxtı ilə bağlıdır. Əhvalı yaxşıdırsa, deməli, xəbəri çatdırmaq olar. Burada da müəyyən nüanslar var. Kefi kök olanda sənə lazım olan və şəxsi məqsədin üçün çoxdan planlaşdırdığın işləri gerçəkləşdirə bilərsən. Məsələn, məvacibin artırılması, yaxud vəzifədə irəliləmək xahişləri məhz müdirin psixoloji vəziyyətinin aktiv fazasında alt şüuruna yeridilməlidir. Nəzərdə tutduğun obyektin sıradan çıxmasını istəyirsənsə, müdirin qanı qara olmalıdır. Bu, əla fürsətdir. Əsəbi vaxtda ötürdüyün xəbərlərdə də ehtiyatı əldən verməməlisən. Məhz həmin məqamda xəbər çox incə şəkildə ötürülməlidir, çünki birbaşa xəbər – obyekti infarkt həddinə çatdırar. Yəni, mustafaya uzaqdan – dövrə vura-vura gəlinməlidir.
Bu yerdə peçenyedən bir dişləm alıb dodağını yaladı, axıcı gözlərinin şiddətini artırdı, canıma istilik gətirməsindən qaqqanaq çəkdi. Onun ecazkar baxışlarından ehtiyatlanıb yarıaçılı qapıdan ərinə baxdım ki, hərəkətlərimdən şübhələnib mənzildən qovmasın. Qadın peçenyedən ikinci dişləmi alanda başımı aşağı saldım. Ehtiraslı anlar özündə qaldı. Bunu etməyin mənasızlığını anlayıb yenidən xəbərvermə formuluna qayıtdı:
– Tutaq ki, bir xəbər verirsən: “Filankəs dünən sizi işçilər arasında söyürdü”. Belə birbaşa xəbər onunla nəticələnər ki, müdir hirslənib həmin işçini təcili otağına çağırar və affekt vəziyyətdə informasiyanın kim tərəfindən ötürülməsini tələb edər. Nəticədə ifşa olunarsan. O, bunu qəsdən etmir, sadəcə xəbərin ötürülməsi elə birbaşa və anidən alınır ki, qan təzyiqi avtomatik olaraq qalxır, əlləri əsir, həmin əməkdaşı axtarıb ortadan bölmək istəyir. Belə olan surətdə taktika təxminən belə qurulmalıdır: “Çox təəssüf ki, Sizin kimi müdirin xeyirxahlığını çörəyi dizləri üstündə olanlar dəyərləndirə bilmir”. Onu tərifləyir, çörək verən adam olduğunu söyləyirsən… Və opppaaa, yaltaq sözlərdən pərvazlananda xəbəri ötürürsən. Sonda xahiş edirsən ki, “mənim adım olmasın”. Birinci dərsim bu, – deyə yarıaçılı qapıdan hərdən bizə baxan ərini səslədi, – Cem, gələ bilərsən.
Əri televizoru söndürüb yenidən yanımıza keçdi.
– Hər şey yaxşıdır?
– Yaxşı olmayıb, necə olasıdır ki? – Senyora lovğalanıb ərinin saçını tumarlaya-tumarlaya qullab aldığı siqaret tüstüsünü nazla üfürdü.
– Bir məsələni də unutma. O turşumuş qıza üz vermə. Gözünü zilləmə, söhbət Adilədən gedir. Səni caynağına keçirmək istəyir. Bizimlə otur-dur, onun səviyyəsi nədir ki, axşamlar evə ötürüb gətirdiyi qutablardan yeyirsən… Fuuuu… Ağlını başına yığ. Əgər nəsə duysan, bunu müdirə xəbər verməyə çəkinsən, taktikanı müəyyənləşdirə bilməsən, mənə yaxınlaş. Özüm çatdıraram ona. Təbii ki, müəlliflik hüququnu pozmayacam, xəbərin mənbəyini söyləməklə onu sevindirəcəm. Belə etsən, laboratoriyada işləyib saç-saqqalını ağardarsan. Bizim ailəyə xoş gəldin, gənc həmkar.
* * *
… İş yerindən yenə kif iyi gəlirdi, “pəncərəni açmaq olar” sualını verməyib özüm açdım. Nəzərlər Adiləyə dikilsə də, bunu etdim, sanki o qızdan icazəni əbədilik almışdım.
Pıçıltılar artdı. Gözümü mikroskopun obyektivinə dikməklə demək istədim ki, pıçıltıları yığışdırın, mən işləyirəm, faydalı əməklə məşğul olun, bura qeybət yeri deyil, sizə təmiz hava bəxş edirəm.
Müdirin içəri girməsi ilə bu mənzərəni sakitcə sezməsi – süni kübarların müştüklə siqaret çəkməsi, Adilənin qulaqlıqla musiqi dinləməsi, qaşqabaqlı müavinin arvadına telefonla hədə-qorxu gəlməsi bir anda yığışdırıldı, hamı səpələnib iş başına keçdi. Mənim müdirim, mənim ağam gülərüz olmaqla yanaşı, həm də qoca vaxtında bir gənclik obrazı yaradırdı.
– Sabahınız xeyir, – deməsi ilə xor kapellası dilə gəldi.
– Sabahınız xeyir.
– Balaca yığıncaq keçirək.
Əməkdaşlar onun kabinetinə keçdi. Laklanmış masanın arxasında əyləşdik.
– Yay mövsümü ilə bağlı nə düşünürsüz?
Əsəbi müavin dedi ki, “yay mövsümü ilə bağlı ciddi işlər görməli, fermer və sahibkarları bu barədə maarifləndirməliyik”. Senyora bəyan etdi ki, “gücləndirilmiş iş rejiminə keçməliyik”. Adilə qayıtdı ki, “daha da məhsuldar işləməliyik”. Beləliklə, on beş işçinin dilindən çıxan kəlmələrdən belə məlum oldu ki, bu barədə ciddi şəkildə düşünürlər.
– Bəs, yeni əməkdaş bu barədə nə fikirləşir?
Düşündüyümü təklif kimi kabinetində səsləndirəcəkdim, əgər burada demək lazımdırsa, deyərəm.
– Biz mövsümlə bağlı meyvə-tərəvəz topdansatış bazalarında yoxlamaya başlamalıyıq. Nəzarət tədbirləri paytaxtın bütün bazarlarında aparılmalıdır.
İlahi, görəsən, bu təklifi verəndə beynimlə ürəyim razılığa gəlmişdimi? Görəsən, bu təklifi verəndə taxta, yoxsa aliminium medala ümid etmişdim? Altımış beş yaşlı müdirin köpü artanda da, belə pörtməmişdi. Adilənin baxışlarında matəm musiqisi səsləndi, Senyora nırçıldadı, qaşqabaqlı müavinin qaşları alnına qədər gərildi, bu ona necə də yaraşırmış. Onların gözlərində – az qala elə indicə ömürlük qapanacaq gözlərində, təklifimlə həmrəylik ifadə edən məqamlar görmək istədim, görə bilmədim. Sanki Venera Marsla toqquşmuşdu, Çaves xəstə Fidelin çarpayısının başında imperialistləri söymüşdü. Qaranlıqda böyüyüb bəslənən və gün işığına çıxanda matadorların qarınlarını cırmağa hazır öküz iş yoldaşlarımda Taleyranın Napoleonun atmacalarına inciyən gözlərini gördüm. Məni çayın mənbəyində dayanıb mənsəbindəki quzuya “sən suyumu bulandırdın” deyən canavara oxşatdılar. Əslində, bu mehriban düşmənlər ocağına bir caxnaşma salmaqla, özümü qınamaq istədim, bacarmadım. Daş bostana atılmışdı, özü də məlum istiqamətdən.
– Yeni əməkdaşın təklifinə münasibətiniz necədir?
Kübar qadın Senyora dedi ki, bazara çıxmağa ehtiyac