Çuğullar. Azər Qismət
Чтение книги онлайн.
Читать онлайн книгу Çuğullar - Azər Qismət страница 7
Senyora çölpişiyinə çevrildi, müavinin qaşları dartıldı, geniş alnı göründü, təkrar edirəm, bu ona necə də yaraşırmış. Və Senyoranı sakitləşdirdi:
– Senyora, səbirli ol. Yeni əməkdaş adından da göründüyü kimi, hələ yenidir. Cənab müdir (müavin “cənab müdir” deyəndə ətim tökülürdü), məsələ burasındadır ki, zəhərlənmə faktları qeydə alınmayıbsa, reydə çıxmaq əlavə məsrəfə gətirib çıxaracaq.
Müdir yenə üzünü tutaraq:
– Yeni əməkdaş bu barədə nə deyir?
– Bir ay əvvəl qonşum zəhərlənmişdi.
Yerdən “nə olsun ki”, “nə demək istəyirsən”, “bəlkə, sənin qonşun anadangəlmə xəstədir” atmacaları eşidildi.
– Onu xəstəxanaya yerləşdirəndə Toksikologiya şöbəsinin baş həkiminin telefon nömrəsini götürdüm. İcazə versəniz indi ona zəng vuraram.
– İcazə verirəm, vur. Yoldaşlar, maraqlı oldu, hə? – deyə müdir şaqqanaq çəkdi.
Toksikologiya şöbəsinin müdirinə zəng edib danışığı səsgücləndiriciyə keçirdim. Qısaca deyim ki, o, aşağıda söylədiklərini hamı eşitdi:
– Təkcə bostan-tərəvəz məhsulları yetişəndən bu günə qədər ölkədə yetmiş beş zəhərlənmə faktı qeydə alınıb ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
Daş. Üzüaşağı gələn daş. Həyatımı cəhənnəmə çevirəcək daşı görə bilmədim. Çünki çox sürətlə başıma düşdü. Heç nə xatırlamıram. Onlar – nifrətli baxışların sahib və sahibələri nifrinlərini üstümə saldılar, qarğışlarını qabırğama döşədilər. Bütün bunları eşidən müdir isə “yoldaşlar, bu necə də maraqlı oldu” – deyə qəhqəhə çəkirdi.
Müavin söz atdı ki, bu yolla fermerləri, sahibkarları pis öyrətmiş olarıq, qoy elə laboratoriyaya gəlsinlər. Adilə dedi ki, insan hüquqları təşkilatları bunu özlərinə ağ bayraq edərlər ki, fermerlərə dövlət səviyyəsində sataşılır, onlara öz məhsullarını sərbəst şəkildə satmalarına imkan verilmir. Hətta sürücü Vəli də yerdən söz atdı ki, bir bazar o biri bazardan ən azı beş-on kilometr uzaqda yerləşir, nə qədər benzin israfına yol veriləcək.
– Və son sözünüz? – deyə müdir gülməkdən qarnını tutmuşdu. Bilmirəm onların sözlərinəmi, ya yeni əməkdaşın təklifinəmi, yaxud təfriqənin artmasına görəmi…
Əlavə etdiyim bir cümlə isə göz yaşları çıxana qədər şaqqanaq çəkmələri ilə nəticələndi, əslində, əl meymunu deyildim, yalnız işdən danışmışdım.
– Laboratoriya analizlərinin nəticələri əldə olunana qədər standartlara cavab verməyən məhsulların satışına qadağa qoymalıyıq, – bu cümlədən sonra az qala gülməkdən ürəkləri dayanacaqdı.
Müavin kinayə ilə qımışdı:
– Əzizim, indi guya yeni söz dedin də, hə?
Müdir danışıqlara son qoydu:
– Yeni əməkdaş və bütün günü qulaqlıqla musiqiyə qulaq asan Adilə sabah sübh tezdən analizlər götürmək üçün bazarlarda olsunlar.
Daha şaqqanaq çəkmədilər. Müdirin getməsini gözlədilər ki, dağ çaylarından sel yaradıb qarşılarındakı mikrobu həmin seldə üzən talaşaya döndərsinlər, istəsələr uşaqlar üçün qayıq düzəltsinlər, istəsələr qulaqlarını təmizləsinlər. Araşdırmalara əsasən, dünya okeanlarının səviyyəsi ildə bir millimetr qalxırsa, bugünkü iclasda onu üç millimetr qaldırmışdım. Nə iş tutdum? Rica edirəm, bağışlayın, ən ülvi məhəbbətinizə and verirəm, məni bağışlayın, vallah, özümdən asılı olmadı, belə edəcəyimi düşünməzdim, heç bilmirəm məni hansı milçək dişlədi.
Sarsaq, ya qeyri-sarsaq, dilimdən çıxmışdı, vəssalam. Budur, düşmənləri artırdım, heç əməlli-başlı düşmən var idi ki? Yaxın gələcək üçün onların hədəfi məlum oldu. İlahi, müdirin yenidən qayıdıb təzə bəyanat verməsi, kürkə bürünən şamanlar kimi ruhumu marallar qoynuna apardı. Qardan ağ yorğana bürünən çöllərə… O çöllərdə qaralan aullara. Müdirin bəyanatı üçüncü dünya müharibəsinin başlanmasına qığılcım oldu.
– Qərarımı dəyişirəm. Sabah on beş işçinin hamısı bazarlara reydə çıxsın. Yeni əməkdaş düz deyir, analizlər götürülməli, nəticələr elan edilənə qədər məhsulların satışlarına qadağa qoyulmalıdır. Biz öz hökmümüzü yeridib sübut etməliyik ki, hələ mövcuduq.
Göydən iri daşın əvvəlcə sakit, sonra yüksək sürətlə düz təpəmin ortasına yaxınlaşdığını görürəm. Ağrı… Dözülməz ağrı…
O getdi. Gözlər, bütün gözlər, yox-yox, qoyun, belə ifadə edim, gözlərin içindəki ağlar qaralara qarışdı, damarlar daraldı. Orda nələr vardı. Kin, sui-qəsd istəyi, ayaqdan asmaq, qulağın divara mıxlanması, qəbirə diri-diri yumaltma, barmağın çərtilib yerinə duzun basılması, başın gərdəndən ayrılması, hətta kəllənin su damcısı ilə deşilməsi.
Müdir yenidən qayıtdı. O, bu gün məni öldürəcək.
– Son sözüm budur. Heç kim orda-burda gizlənib yalandan akt tərtib etməsin. Yeni əməkdaşın təklifi idarəmizin hörmətini ən yüksək səviyyyə qaldıracaq. Kim hara gedəcəksə, məkanları öz aranızda bölüşdürün. Yaxşısı budur ki, qrafik tutun.
Nəinki, üçüncü dünya müharibəsi, artıq ulduz müharibəsi başlandı. Bu, gənc bir oğlanın bundan sonra müsibətlər içində keçəcək taleyinin başlanğıcı idi. Qorxuram. Çox qorxuram. Qoy, məni öldürsünlər, qoy dərimi soysunlar, burdan gedə bilməyəcəyəm. Çünki bu işi çətinliklə tapmışdım.
* * *
Müdir öz otağına çəkildi. Qalmaqal yaradıb kabinetində sərinlənməyə getdi. Qoruqçu başı ilə işarə etdi ki, çöl qapısının ağzındakı köşkünə gəlim. Görəsən, niyə çağırırdı? Yəqin, darıxdığından nərd çırpmağa adam axtarır. Köşkə girəndə qapını tez arxadan bağladı ki, heç kim görməsin, hələ pərdəsini də çəkdi.
– Gəldiyini heç kim görmədi?
– Mən bilən yox. Nəsə olub?
– İnan