Daş yuxular. Rekviyem romanı. Акрам Айлисли
Чтение книги онлайн.
Читать онлайн книгу Daş yuxular. Rekviyem romanı - Акрам Айлисли страница 6
– Doktor, sənə qurban olum, doktor… öldürürdülər. Bu boyda insanı döyə-döyə məhv eləyirdilər. Yerazlar, doktor, yerazlar. Beş-altı yeraz gədəsi… Bu qaçqın köpəyuşağı heç adam-zad da tanımır, sənə qurban olum, doktor. Bunnar nə artist tanıyır, nə şair-yazıçı tanıyır. Deynən ermənidir, vəssalam. Sal ayağının altına, tapdala, təpiklə vəhşi kimi. Lap dart, ciyərin çıxart, əttövbə, bir adam yaxın düşə… Deyirəm, vurmayın, dayanın, bu adam erməni deyil, öz xalqımızın oğludu, millətimizin fəxridi, vicdanıdı. Ha de, eşidən kimdi. Heç qoymadılar öz adımı deyəm. Böyrümə bir təpik vurdular ki, az qaldı, nəfəsim kəsilə. Bax, buramnan, doktor, sağ böyrümnən. Hələ də göynüyür yeri…
Həkim xəstəni gətirənin dediklərini bir o qədər də yaxşı başa düşmürdü.
Bəlkə, heç başa düşmək də istəmirdi. Dama-dama qəhvəyi köynəyinin yaxasına sarı qalstuk taxmış bu törə, baməzə adamın bir ucdan üyüdüb tökdüklərini həkim, ola bilər ki, hətta heç eşitmirdi də. Ancaq bu gülməli vəziyyətdə də öz zahiri ciddiliyini saxlamaqda olan həkimin arabir bığaltı qımışdığını da arif adam asanca sezə bilərdi. Özü də ona görə yox ki, xəstəni xəstəxanaya gətirən hər sözü, hər ədası ilə əlbəəl komik vəziyyət yaradırdı. Çoxusu ona görə ki, xərəkdə uzanan sarışın adam bədəncə arıq, boyca gözə çarpacaq dərəcədə uzun idi. Və bu iki adamın – xəstənin və xəstəni gətirənin görkəmindəki bu təzad, çox güman ki, Don Kixot və Sanço Panso əhvalatının ən qəmli səhifələrindən birini həkimin yadına salırdı.
Cərrahiyə otağının qapısı ağzına çathaçatda ağxalatlı kişilərdən biri xərəkdən aralanıb, xəstəni gətirənin qabağını kəsib durdu. Yəni səninki buracandı, bu qapıdan içəri keçməyə sənin ixtiyarın yoxdur.
– Qoy keçsin. – Həkim dedi. – Çox sözlü adama oxşayır. Qoy bir az ürəyin boşaltsın görək.
Cərrahiyyə otağı koridordan xeyli kiçik olsa da, böyük-böyük pəncərələri olan hündürtavanlı yekəcə bir yer idi. Otağın tən ortasındakı iri cərrah stolu da elə bir növ xəstənin uzandığı ağörtüklü xərəyə bənzəyirdi. Xərəyi bura gətirən iki nəfər ağxalatlı kişi xəstəni xərəkdən qaldırıb həmin stolun üstünə uzatdı və başlarının hərəkətilə həkimdən icazə alıb otağı dinməz-söyləməz tərk etdi.
– Peroksid! – Həkim xalatının qollarını çırmaya-çırmaya ucadan tibb bacılarına dedi. – Gətirin, yuyun sifətin. Qanına qəltan edilmiş xəstəyə baxa-baxa, deyəsən, dodağının altında bir-iki söyüş söydü və üzünü xəstəni gətirənə tutub, hirsli-hirsli soruşdu: – Bunu kim bu hala salıb?
– Mən sizə dedim axı, doktor, yerazlar. Ermənistandan gələn vicdansız qaçqın gədə-güdəsi. Vurub baş-gözünü şil-küt eləməkləri bəs deyil, hələ yerə sərib, qarın-qursağını da vəhşi heyvan kimi təpikləyirdilər. Yaxşı ki, mən də oralardaydım, doktor. Şəhərə çıxmışdım ki, bir az zehnimi açım. Elə Parapet deyilən o viran qalmış yerdən çıxanda bir də gördüm, fantanın qırağında beş-altı bığıburma gədə bir adamı salıb araya, vur ki, vurasan. Yerazlar, doktor, yerazlar!… Bir xeyli adam da durub qıraqdan tamaşa eləyirdi…
Bu yerdə xəstəni gətirənin birdən-birə dili tutuldu. Dodaqları yenə təprənirdi, ancaq dediyi sözlər, elə bil, xirtdəyindən yuxarıya gəlib çatmırdı, sözlərinin səsi çıxmırdı.
– Perekis qurtarıb, doktor. – Şəfqət bacılarından biri hüznlü səslə, olduqca yavaşdan dedi. (Qadınların biri ahılca qarı, o biri cavanca gəlin idi).
– Spirt olmalıydı. – Həkim ümidsizcəsinə dilləndi.
– Xeyr, doktor. Olanın hamısını dünən işlətdiniz.
– Yaxşı, suyunan təmizləyin. Marqansın az eləyin. Həkim otağın aşağı başındakı əlüzyuyanda sabunla əl-qolunu yuyub, yenə gəlib cərrah stolunun yanında durdu: – Əynində nəyi var çıxardın, bircə trusiki qalsın, vəssalam.
Bığları, ağız-burnu, çənəsi, narıncı köynəyinin yaxası və tündgöyümtül pencəyinin ətəkləri alqırmızı qan içində olan xəstə isə cərrah stolunun üzərində elə qəşəng, elə rahat uzanmışdı ki, elə bil döyülən, təpiklənən, ağız-burnu qana qəltan edilən o deyildi. O “Parapet” deyilən yerdə, o fantanın qırağında sanki onun özünü yox, ən qəddar düşmənini döymüşdülər. Sinəsindən arabir kəsik-kəsik xırıltılı səslər çıxsa da, xəstə əməllicə yatırdı. Və yatmağı öz yerində, hələ, deyəsən, yuxu da görürdü və o yuxuda gördüyü vaqiə ona əməllicə ləzzət verirdi.
Qadınlar xəstənin üz-gözünün qurumuş qanını sürətlə silməkdəykən həkim huşsuz uzanmış pasientin nəbzini yoxlayırdı. Onlar xəstəni trusikinəcən soyundurub qurtarandan sonra həkim onu diqqətlə müayinə edə-edə elə bil eyni zamanda özünə, ya kiməsə aramla hesabat verirdi: – Alt dodağının iki yerindən tikiş qoyulmalıdır. Üst dodağında profilaktik müalicə. Çənə nahiyəsində sınıq yoxdur. Sol qolunun iki yerində çıxıq: dirsəyində, bir də biləyində. Sağ əlinin iki barmağında da çıxıq var: baş barmaq, uzun barmaq. Sol qıçının bir yerində kəskin əzələ zədələnməsi. Sağ qıçının diz qapağının sınığı. Kürəyində, döş nahiyəsində, fəqərə sütununda ciddi anomaliya yoxdur. Kəllə sümüyündə sınıq nəzərə çarpmır.
Həkim sözünə ara verib, görünür, dodağının altında yenə uzun-uzadı söyüş söydü.
– Сотрясение мозга! – Həkim bunu nədənsə rusca lap ucadan dedi və şalvarının cibindən çıxartdığı cib dəsmalıyla tələsmədən alnının tərini silib yenə rus dilində əlavə elədi: – Избиение зверское!
Həkimin dediyi hər sözdən sonra xəstəni gətirənin içinin sarsıntısı onun üz-gözündə də ağrı və əzab şəklində əks olunurdu. O özünü güc-bəla ələ alıb, ağlamağını birtəhər saxlayırdı. Həkim müayinəni bitirəndə bu adamın səbri, dözümü də birdən-birə tükəndi. O, gözünün, burnunun suyunu axıda-axıda günahsız uşaq kimi ürəkdən ağlamağa başladı.
Həkimin əməliyyata başlamağı üçün şıdırğı hazırlıq görən ağxalatlı qadınlardan birinin (cavan gəinin) gözləri yaşla doldu. Xəstəni gətirənin bu halına acıyan ahıl qadın bir müddət gözlərini yumub başını, bədənini dərdli-dərdli yırğaladı. Əsərimizin komik qəhrəmanının bu təhər uşaqsayağı ağlamağı həkimə də təsir elədi. Həkimin xəstəni gətirənə yaman yazığı gəldi. Qayğılı,