Daş yuxular. Rekviyem romanı. Акрам Айлисли
Чтение книги онлайн.
Читать онлайн книгу Daş yuxular. Rekviyem romanı - Акрам Айлисли страница 7
– Mən sizi görən kimi tanıdım! – Cavan tibb bacısı o yandan fəxrlə bəyan elədi.
– Sizin hər ikinizi mən də televizorda çox görmüşəm. – Yaşlı qadın nədənsə nazlana-nazlana dedi. – Ancaq həkimdə taxsır yoxdur. Həkim 30 ildən çox Moskvada yaşayıb. Doktor Fərzaninin Moskvadan Bakıya gəldiyi heç üç il də deyil.
Tanınmağından aşkarca fərəhlənmiş Nüvariş Qarabağlının hələ yaşı qurumamış gözlərindən indi bir dünya işıq yağırdı. Həkimin nə onu, nə də onun xəstəxanaya gətirdiyi Saday Sadıqlı kimi məşhur bir adamı tanımamağının səbəbini biləndən sonra artistin bu sarıdan da heç bir narahatlığı qalmamışdı. Onların hər ikisini əvvəlcədən tanıyan şəfqət bacılarının bu tanışlığı bayaqdan üzə vurmamağını isə Nüvariş Qarabağlı bu dünyanın mütrifanə əməllərindən biri kimi çoxdan görüb qəbul eləmişdi. (O, insanlara yalnız gülmək üçün lazım idi. Bunu bilirdi və buna həmişə hazır idi. Ancaq insanlardan ona bir şey lazım olanda bu insanlar onu çox vaxt tanımırdılar, daha doğrusu, özlərini tanımamazlığa vururdular. İnsanlardakı bu xasiyyəti o, hər hansı bir rəisin yanına girməyə tələsəndə və ya hər hansı aztapılan bir şeyi növbəsiz almağa cəhd göstərəndə o rəisin qəbulunda oturan və o aztapılan şeyin növbəsində duran adamların rəftarında dönə-dönə müşahidə eləmişdi. Bu iki ağxalatlı qadının iki məşhur artisti tanıdığını əvvəldən boynuna almamağınınsa yalnız bir səbəbi ola bilərdi: qadınlar bu məsələnin həkim tərəfindən yaxşı qarşılanmayacağından, ola bilər ki, ehtiyatlanmışdılar.)
Nüvariş Qarabağlı başa düşdü ki, bayaqdan nə deyibsə, hamısı həkimin qulağından yan keçib.
Ya həkim çox fikirli olub, ya da onun özü hissindən, həyəcanından demək istədiyni aydın deyə bilməyib. Buna görə də fikrini mümkün qədər cəmləşdirib, Parapet bağının yanındakı fantanlı hovuzun qırağında baş vermiş əhvalatı həkimə bəsit və primitv şəkildə təzədən danışmağa başladı:
– Məsələ belədi, doktor: mən bu gün şəhərə çıxmışdım. Saat neçəydi, dəqiq deyəmmərəm – 10 olardı, 11 olardı. Parapet bağının yanında bir yer var – fantan olan yer – yəqin görmüş olarsız. Həmin o fantan olan yerdən bir dəhşətli səs gəlirdi, doktor. Kim idisə elə bil ulayırdı. Sən demə, bir qoca erməniymiş. Evindən çıxıb çörək dükanına getdiyi yerdə yerazların girinə keçibmiş. Ev paltarında… Ayağındakı başmağı da yumşaq ev başmağıydı. Özüm gördüm suyun dibində. Çünki mən ora çatanda ermənini öldürüb sərmişdilər hovuzun ortasına.70–80 yaşlı qoca kişiydi. Gözləri açıq idi, doktor, altdan-yuxarı adamın üzünə baxırdı. Görən deyərdi, bu adam heç ölməyib, sağdı. Onun necə öldürülməyini mən özüm görmədim, doktor. Əvvəldən orda olanlar deyirdi ki, ermənini əvvəlcə götürüb atıblar hovuza, buz kimi soyuq suyun içinə. O da – o qoca erməni soyuq suda dura bilmirmiş axı. İstəyirmiş ki, birtəhər çıxsın hovuzdan. O gədələr də düzülüb hovuzun qırağına, təpiyi təpik dalınca erməninin kəlləsinə döşəyirmişlər. Bunun da – bu Saday Sadıqlı Allah köməyi olmuşun bəlası həmişə başının üstündədi. Yoxsa buna nə düşmüşdü ki, günün o vədəsində gedib o müsibətin üstünə çıxaydı… Dözməyib də, dözməyib, doktor!.. Sənətkardı, humanist adamdı. Ürəyi dözməyib, özün verib qabağa. O yeraz gədələr də nə bilsin ki, kimdi bu adam. Ermənistannan dünən gəlmiş adamlardı. “Erməni” deyib düşüblər üstünə. Mən ora çatanda ermənini öldürüb meyidin hovuza sərmişdilər. Bunu da öldürəcəkdilər, doktor. Mən ora bircə dəyqə gec çatsaydım, bunu da o qoca erməninin yanına göndərəcəkdilər. Allah rəhm elədi, sağ qaldı. Sizə qurban olum, doktor, bu dahi insanın həyatı indi sizin əlinizdədi.
Həkim əməliyyata başlamağa tələsirdi. Ancaq bundan ötrü elə bil nəsə çatışmırdı, nəsə azlıq eləyirdi. Bir də, artistin dedikləri həkimi bir qədər sarsıtmışdı deyəsən. Cərrah stolunun üstündə ağır beyin silkələnməsindən huşsuz uzanmış bu Hamletin, Otellonun və Kefli İskəndərin bir qoca, günahsız insanı ölümdən qurtarmğa cəhd göstərməyində həkim qeyri-adi heç nə görmürdü. Həkimə görə, adını insan qoyan hər kəs belə yerdə yalnız bu cür hərəkət etməliydi. Ancaq bu şəhərin adamları sanki sözü bir yerə qoyub, məhz bu “insanlıq” deyilən şeydən indi hamılıqla uzaq olmağa çalışırdılar. İnsan olub insan sifətində qalmaq bu şəhərin adamlarına elə bil daha sərf eləmirdi. İnsanların bir qismi sifətini gizlətmişdi, bir qismi sifətini dəyişmişdi, bir qismi sifətini itirmişdi. İnsanların bir qismində isə bu insanlıq sifəti, görünür, heç əvvəldən də olmamışdı.
Cəmi 10–15 gün bundan qabaq doktor Fərzani xəstəxanaya, Allah bilir ki, hansı yolla çatdırılmış 14–15 yaşlı bir erməni qızının üzərində elə bu otaqdaca ağır cərrahiyyə əməliyyatı aparmışdı.
Metroda – insanın gur yerində 5-10 müsəlman arvadı birdən üstünə cumub, yüz adamın gözü qabağında qıza divan tutmuşdu. Əllərinin on barmağının onunu da qırmışdılar. Saçını yolmuşdular. Əyninin paltarını cırmışdılar. Üz-gözündə salamat yer qoymamışdılar. Və lap bir neçə gün bundan əvvəl gözünün biri dağa, o biri arana baxan çəpgöz, bədheybət bir şair özbaşına xəstəxanaya dürtülüb, kardioloji şöbənin 40 illik həkimini, erməni olduğuna görə, kabinetindən çıxarıb döyə-döyə küçəyə qovmuşdu. Bu hadisədən sonra xəstəxanada nə həkim, nə qeyri-həkim bir nəfər də erməni qalmamışdı. Kimisi gedib evində gizlənmişdi, kimisi Bakıdan həmişəlik köçüb getmişdi…
– Aydındı, Nümayiş müəllim! Fars deyər: məsələ məlum əst. – Şəfqət bacılarının ayrıca stolun üstündə səliqə ilə yan-yana düzdüyü cürbəcür cərrahiyyə alətlərinin əvvəlki düzülüşünü tələsmədən dəyişə-dəyişə, xeyli susandan sonra, həkim içinin bədbin ovqatı ilə uyuşmayan gümrah səslə dedi.
Nüvariş Qarabağlı adının təhrif edilməyindən incimədi. (30 ildən çox Moskvada yaşayanın buna haqqı vardı.) Ancaq o bu təhrifə təcili düzəliş verməyin vacib olduğunu da yaddan çıxarmadı:
– Nüvariş Qarabağlı kimdi ki, doktor, – dedi. – Adi aktyordu. O gədələr bunun yerinə kaş məni bu günə salaydılar. Yüz Nüvariş Qarabağlı bir Saday Sadıqlının heç çeçələ barmağına da dəyməz.
– Bu da qarabağlıdı? – Xəstənin nəbzini bir də yoxlaya-yoxlaya həkim yavaşca soruşdu.
– Heç mən də qarabağlı deyiləm, doktor. Əslimiz Kürdəmirdəndi. Özüm Xırdalanda doğulmuşam. “Qarabağlı”nı özümə təxəllüs götürmüşəm… Bunun kəndi Naxçıvandadı. Ordubad rayonunda bir kənd var – Əylis kəndi. Çox da qədim kənddi, doktor, özüm gedib görməsəm də, bilirəm ki, o Əylisdə bir vaxt ermənilər də çox olub. Onların 7–8 kilsəsi orda, deyirlər, indi də durur. O ermənilər, görünür, çox sakit,