Daş yuxular. Rekviyem romanı. Акрам Айлисли
Чтение книги онлайн.
Читать онлайн книгу Daş yuxular. Rekviyem romanı - Акрам Айлисли страница 8
Və həkim artisti koridora ötürüb qapıları örtdü.
Cərrahiyyə otağının ikitaylı qapısı örtüləndən sonra Nüvariş Qarabağlı elə bil birdən-birə dünyadan büsbütün təcrid olundu.
Uzun, alaqaranlıq koridorda bir qəribə, ürəksıxan qəbiristanlıq ab-havası vardı. İşıq yanmırdı. Adam gözə dəymirdi. Dəhlizin o biri başındakı iri, laybalay pəncərələr də eşiyin işığını içəriyə buraxmırdı: pəncərələri ya möhkəm toz basmışdı, ya da hava, hələ axşam düşməmiş qaralmışdı.
Koridorun bircə yerində – şüşəbənd tikilidən bir qədər aralıdakı qapının ağzında bir yekə skamya gözə dəyirdi. Dəhlizdə ondan savayı oturmağa yer yox idi. Və yavaş-yavaş o skamyaya sarı gedən Nüvariş Qarabağlının başı hərlənirdi, ürəyi bulanırdı. Bayaqdan siqaret çəkmək istəyirdi, ancaq əlini uzadıb siqaret qutusnu cibindən çıxarmağa da ərdəmi gəlmirdi, gücü çatmırdı.
Skamyaya yaxınlaşanda qapının bir tərəfində alt-alta divara vurulmuş iki yazılı lövhə diqqətini cəlb elədi. Üstdəki lövhədə iri, qara hərflərlə: “ОТДЕЛ ТРАВМАТОЛОГИ И ХИРУРГИИ”, altdakı lövhədə nisbətən kiçik hərflərlə “Зав. отдел ФАРЗАНИ Фарид Гасанович” sözləri yazılmışdı və doktor Fərzaninin kabinetinin qapısı açıq idi.
Oturub dincəlməyə əşhədi-ehtiyacı olsa da, Nüvariş Qarabağlı həkimin kabineti ağzındakı o skamyada oturmaqdan vaz keçdi. Ona elə gəldi ki, əgər otursa, bir də heç vaxt ayağa dura bilməyəcək. Açıq qapının arasından qorxa-qorxa kabinetin içərisinə baxdı: bir stol, bir-iki köhnə stul, divan, seyf, soyuducu, xırdaca köhnə televizor, elektrik çaydanı, əlüzyuyan… Cibindən siqaret çıxartdı, ancaq onu yandırıb çəkməyə yenə ürək eləmədi. Ürəyi bulana-bulana pəncərəyə tərəf getdi və hələ pəncərənin yanına çatmamış cərrahiyyə otağının bu biri tərəfində də bir uzun koridor olduğunu gördü. Girişində doktor Fərzaninin kabineti yerləşən o boş koridordan fərqli olaraq, bu koridorun çoxlu pəncərələri vardı və koridor boyunca yan-yana düzülmüş palataların nömrələnmiş göy qapılarının hər biri o pəncərələrdən birinin kül rəngli tutqun işığına baxırdı.
Pəncərələrdən birinin qabağında ayağının biri gipsə salınmış bir oğlan qoltuq ağacına söykənib siqaret çəkirdi. Bir nəfər qolu sarıqlı yaşlı qadın palatalardan birinin açıq qapısı qabağında dayanmışdı. Koridorda bu iki adamdan savayı ins-cins gözə dəymirdi.
Nüvariş Qarabağlı bayaqdan əlində saxladığı siqaretini yandırdı, ancaq tüstünü bircə qüllab nəfəsinə çəkən kimi gözlərinə qapqara tor gəldi. Qəfildən yıxılacağından qorxub, divardan yapışa-yapışa özünü həkimin qapısı qabağındakı skamyaya çatdırdı. Və o skamyada bir xeyli oturandan sonra onun gözlərinə gələn o tor seyrəlib, yavaş-yavaş çəkilib getdi.
Nüvariş Qarabağlı gözlərinin qaralmağından narahat deyildi. Buna öyrəncəliydi.
İndi onu hər şeydən çox narahat edən bu əhvalatı Saday Sadıqlının arvadı Azadə xanıma necə çatdırmaq idi.
Nüvariş Saday Sadıqlının evinə gedib-gələn adam idi. Onun arvadının iş yerini də tanıyırdı. İndi Azadə xanım, yəqin ki, hələ işdəydi. Ancaq bu saat burdan durub Azadə xanımın iş yerinə getmək Nüvariş Qarabağlıya həddən ziyadə çətin gəlirdi.
Bu xəbəri Sadayın arvadına hansı şəkildə çatdıracağı barədə düşünməyə o hələ vaxt tapmamışdı. Ən yaxşısı, elə buradaca oturub əməliyyatın qurtarmağını axıracan gözləmək idi. Əməliyyat qurtarandan, Sadayın yaraları sarınandan, huşu yerinə gələndən sonra gedib bu xəbəri Azadə xanıma çatdırmaq Nüvariş Qarabağlı üçün hər halda xeyli asan olacaqdı.
İndiyəcən 3 dəfə evlənsə də, indi bu şəhərdə onun yolunu gözləyən kimsə yox idi.
O, hələ 19–20 yaşlarında, ailə qurmağa ilk dəfə cəhd göstərmişdi: sevdiyi qızı nişansız, toysuz, cehizsiz maşına mindirib, Xırdalandakı ata evinə aparmışdı. Toy-nişan bir yana dursun, ər evinə cehizsiz gəlməyini Nüvarişin anası gəlininə heç cür bağışlaya bilməmişdi. Qayınanasının ayyarımlıq dil və dırnaq savaşından sonra qız bir gün pal-paltarını yığışdırıb, üsulluca həmişəlik çıxıb getmişdi.
Yenə də gəncliyində – hələ teatrda yalnız epizodik rollar oynadığı vaxtlarda – teatrın köhnə işçilərindən birinin “mənzil şəraitini yaxşılaşdırıb” onun Montindəki yarızirzəmi, rütubətli mənzilini Nüvarişə vermişdilər və özünün ikinci arvadı ilə Nüvariş o mənzildə cəmi 9 ay yaşamışdı: arvadı böyrək xərçəngindən dünyasını dəyişmişdi. Nüvariş Qarabağlının üçüncü arvadı Cülyetta teatrın adlı-sanlı artistlərindən birinin 36 yaşlı qarımış qızıydı. 4–5 il uşağı olmadı. Sonra bir oğlan uşağı doğdu və körpənin hələ heç 3 aylığı da tamam olmamış, bir gecə uşağa süd verdiyi yerdə dərin yuxuya gedən Cülyetta o yuxudan ayılanda öz döşlərinincə arasında körpənin boğulub-göyərmiş meyidini gördü. Uşağı əmizdirə-əmizdirə o təhər yuxuya getməyini Cülyetta özünə bağışlaya bilmədi. Ölən uşaq öləndən sonra da kirimədi, ağlayıb süd istədi. Özünü o uşağa mümkün qədər tez yetirmək üçün ana əlindən gələni elədi: yemədi, içmədi, yatmadı. Cülyetta uşağın ölümündən sonra heç 10 gün də yaşamadı. Arıqlayıb çöpə döndü, şam kimi əriyib yoxa çıxdı.
İndi 10 ilə yaxındı ki, Nüvarişin şəhərin mərkəzində ikiotaqlı mənzili vardı.
Bu ilin fevral ayının ortasınacan bu mənzildə Nüvariş Qarabağlı, tək də olsa, çox rahat və indiki yaşayışı ilə müqayisədə, bəlkə də, həddən ziyadə xoşbəxt və firavan gün-güzəran keçirmişdi. Və sən dünyanın işinə bax ki, indi Nüvariş Qarabağlı öz sevimli mənzilinə çox vaxt gecədən-gecəyə və yalnız əlacsızlıqdan gedirdi. Daha öz evində onun bir saat da dincliyi, rahatlığı yox idi. Səbəbi də buydu ki, Baksovetdə çox kiçik, ancaq çox pullu bir vəzifədə işləyən yekəpər, qarnıyoğun heyvərənin birisi – Nüşavirin divar qonşusu, onunla eyni gündə və eyni binanın axırıncı – 10-cu mərtəbəsində mənzil alan, teatrın qocaman və stajlı qarderobçusu Qreta Sarkisovna Minasovanın evini zəbt eləyib, orada əməlli-başlı fahişəxana açmışdı. İndi orda gecə-gündüz çalhaçal, vurhavur idi. Təcrübəli qocaman fahişələrin və bu sənətə hələ təzəcə yiyələnən təcrübəsiz gənc qızların seksdən qabaqkı heyvani qəhqəhə və qışqırtısı və onların seks vaxtı (ya orqazmın özündən, ya da onun imitasiyasından aldıqları) həqiqi və yaxud qondarma həzzin ağlı başdan eləyən çılğın ifadəsi nə zamandan bəriydi ki, artisti nə gündüz yaşamağa, nə gecə yatmağa qoyurdu.
Baksovetdə işləyən o yekəpər, deyilənə görə, Şuşanın