Oğluma nəsihət. Низами Гянджеви
Чтение книги онлайн.
Читать онлайн книгу Oğluma nəsihət - Низами Гянджеви страница 7
Dillə vəsfini vermək, bəlkə də, qeyri-mümkün.
Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər,
Dilin, nitqin qüdrəti olur sözlə müyəssər.
Söz tapa bilməsəydi candakı şah damarı,
Can kələfin ucunu – aləmi tapardımı?15
Sözlə kəşf eləyiblər hər qaydanı, hər yönü,
Həm təbiət mülkünü, həm şəriət möhrünü.16
Mədən söz və qızılı təklif edib sərrafa,
Sərraf tərəzisində söz qızıldan çox baha!
Təzə söz, köhnə altun… hansı hakim kəsilir?
Söz hara, qızıl hara? Bunu sözdoğan bilir!
Öz qüvvəsilə gedər söz qasidi17… tövşüməz,
Söz qaldıran dağları qaldıra bilməz heç kəs.
Söz gümüşü yanında qara torpaqdı dirhəm,
Qızıl hansı itdir ki, onu sözə tay biləm?
Heç kəs əyləşə bilməz sözdən yuxarı qatda,
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.
Sözdən xəbərsiz qalır könüldən xəbərsizlər,
Sözün yozumu sözdən daha şux, daha dilbər.
Nə qədər ki cahan var, sözün coşsun qoy səsi,
Qoy sözlə tazələnsin Nizaminin nəfəsi.
Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü
Ölçülüb biçilməmiş dağınıq sözlər belə
Sözsə… zərgər yanında bənzər gövhərə, lələ.
Ölçülüb-biçilərsə incə fikir, incə söz,
Nə qədər gözəlləşər, olar ürəyincə söz.
Kim ki sözə söz qoşub tapar haqqın səsini,
Sözlə iki aləmin açar xəzinəsini.
Bu xəzinəni yalnız açar tapanlar açar,
Yalnız söz ərlərinin dilləridir bu açar.18
Sözün tərəzisini quran ulu hökmdar,
Sözün aşiqlərini19 sözlə etdi bəxtiyar.
Ərşin bülbülləridir20 cahanda söz qoşanlar,
Məgər özgələrinə tay tutularmı onlar?
Düşüncə atəşilə pərişan olan zaman,
Mələklərlə gəzərlər, mənzilləri asiman.21
Sözdoğanlar – nur saçan peyğəmbərin kölgəsi,
Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi.
Mətanət meydanında kimlər tutdu gör səfi,
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!
Şair ilə peyğəmbər – bir nigarın məhrəmi,
Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi.
Şairin süfrəsində şirin xurmalar ki var,
Xurma deyil, bəlkə də, ürək parçasıdırlar.
Ürəyin dişlərilə qoparılmış söz, fikir
Torpağın dimdiyilə cilalanmış incidir.
Hikmət qaynağı şeiri hər gün alçaldıb bir az,
Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.22
Kimin söz pərdəsində ahəngi var, sehri var,
Özü yerdə olsa da, ruhu göylərdə yaşar.23
Dizi üstə söz yazıb, ölkələri tutan kəs
Dünyada heç bir kəsin qapısında baş əyməz!24
Dizinə dirsəklənib fikrə dalan sənətkar,
Sözlə iki cahanın dövlətini qazanar.25
Əyilən məğrur başı ayağını salamlar,
Dirsəklənər dizinə, kamanlaşar sənətkar.26
Öz kaman halqasını qırmaq istəyən şair,
Bükülüb açılınca, təb üstündə dikəlir!27
Bükülmüş qamətilə sanki həlqə olanlar,
Fələyin qulağına bəzən min həlqə taxar.28
Bu hoqqabaz fələyin qarşısına sənətkar,
Bircə hoqqa yerinə neçə daş-qaş çıxardar.29
Söz köhləni qızarkən… sənətkarın ürəyi,
Dodağını öpməkçün yırtar köksü, köynəyi.30
Şairin ləl dodağı o zaman ki, açılar,
Yeddi göyün, Günəşin yaxasını parçalar.
Şairin ilham adlı cəsur bir atası var,
Dünyaya oğul kimi ər misralar bağışlar.
Şair qozbel fələyi qul eyləyər özünə,
Qulluqdan azad olar, özü köçsə sözünə.
Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,
Dilsizlərə dil verər, susmazları susdurar.
Hər gözələ can verən incə söz memarıdır,
Sən şairə vurul ki, o, söz bəstəkarıdır.
Müştəri ulduzumu söz ovsununda şair?
Ya Harutun sehrini qırıb pozan Zöhrədir?
Yəğmaladı bu kəndi qaçaq-quldur atlılar,
Şer adlanan bu dağı alçaqlar alçaltdılar.
Ağıl başımdan çıxır. Görün, sözbaz nə qədər…
Sözü abırdan salır şeir, söz çeynəyənlər.
Mən qanım bahasına yetirdim can meyvəsi,
Neçin su qiymətinə satılsın könül səsi?
Dad
15
Söz – Tanrının “Kun – Ol!” əmri. Candakı şah damar – ruh. Kələfin ucu – maddi aləm. Beytin mənası: Tanrı neməti söz kəşf edilməsəydi, ruhu və bu maddi aləmi tapmaq olardımı? Yox!
16
Təbiətin və şəriətin bütün qanunları yalnız bədii və elmi sözün sayəsində kəşf olunub və möhürlənib, təsdiq olunub.
17
Söz qasidi – qələm və dil
18
Poemanın ilk beytindəki hədisin məzmunu yenidən yada salınır: “Ya Cəbrayıl, bu nə qəsddir?”, “Ya Məhəmməd, bu ərşin altındakı Tanrı xəzinəsidir, onun açarı isə şairlərin nitqidir”.
19
Sözün tərəzisini quran ulu hökmdar – Tanrı. Sözün aşiqləri – peyğəmbərlər
20
Ərşin bülbülləri – şairlər
21
İlham məqamında şairlər mələk səviyyəsinə ucalırlar.
22
Şairlik əvəzinə saray məddahlığı edən, eybəcəri gözəl kimi qələmə verən şeirbazların həyasızlığı, sərvət, şöhrət düşkünlüyü ucbatından poeziyanın ləyaqəti ayaqlar altına salınmışdır.
23
Söz pərdəsində ahəng yaratmağı bacaranlar, yəni yaradıcı qüdrətə malik olan şairlər yoxsul həyat keçirsələr də, mənən zəngindirlər, onların özü yerdə, ruhu göydə yaşar.
24
Qələm, kağız götürüb dizi üstündə şeir yazan şairlər şahlardan fərqli olaraq, qılınca və orduya ehtiyac hiss etmədən ürəkləri, ölkələri tutmağa qadirdirlər. Buna görə onlar məğrur və əzəmətlidirlər, heç bir şahın dərgahında baş əyməzlər!
25
Yaradıcı qüdrət hər iki cahanın hökmdarıdır. Onun ömürdən başqa mənəvi ömrü, dünyadan başqa mənəvi dünyası var.
26
Dizinə dirsəklənib başını aşağı dikən sənətkar bu vəziyyəti ilə gərilmiş kamana bənzər. Kamandan çıxan ox şairin dilindən saçılan bədii sözdür ki, mənəvi şikarı ələ gətirir.
27
Yaradıcılıq məqamında böyük əzablar çəkən şair istədiyi sözü tapanda düşdüyü əzabdan qurtulur, öz kaman həlqəsini qırır, dikəlir.
28
Fələyin qulağına həlqə taxmaq onu özünə qul etmək deməkdir. Yalnız yaradıcı qüdrət sahibləri bu işi görməyi bacarır, zamanı özünə təslim edir, fələyi qulağı həlqəli qula çevirə bilirlər.
29
Hoqqabaz fələk hoqqa, oyun çıxardığı halda, yaradıcı qüdrət sahibi onun qarşısına misilsiz söz inciləri çıxarır və buna görə fələyin belini sındırır, ona qalib gəlir.
30
Yaradıcı ilham məqamında sənətkarın ürəyi köks qəfəsini dağıdır, uçur, qanadlanır və sənətkarın dodağından öpmək istəyir. Niyə? Çünki indicə dodaqlarından dürrə, mərcana bənzər sözlər saçılmışdır.