Oğluma nəsihət. Низами Гянджеви
Чтение книги онлайн.
Читать онлайн книгу Oğluma nəsihət - Низами Гянджеви страница 11
Sənin ədalətinə, mənim də ismətimə.
Mənim yaralı köksüm yanır dağdan, düyündən,
Bezmişəm, əl çəkmişəm, inan, ömürdən, gündən.
Şəhriyar! Yerdə qoysan bu zülmü, bu əzabı,
Səndən sorulacaqdır qiyamətdə hesabı.
Adillik eşqindəsən, bəs hanı ədalətin?
Haçan sona yetəcək sitəmin, qəbahətin?
Qaydadır ki, sultandan xalqa güc, qüvvət gələr,
Bəs niyə səndən bizə daim həqarət gələr?
Yetim malını yemək ədalətmidir məgər?
Hələ də lənətlənir Abxazda qarətçilər55.
Dulların əmlakını soyma, çapma, talama!
Utan ağ saçlarımdan, dəymə olub-qalana.
Sən qul olduğun halda şahlıq sövdasındasan,
Canidən şah olarmı, ey haqqı dardan asan?
Şah ölkədə hər işi sahmana salsın gərək,
Xalqın səadətinə keşikçi olsun gərək.
Adil olsa şah əgər, hamı ona baş əyər,
Bəslər məhəbbətini bütün canlar, könüllər.
Nə hünər göstərmisən taxt başına gələli?
Alt-üst etdin, taladın, viran qoydun bu eli.
Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,
Sarmışdı məmləkəti ədaləti, şəfqəti.
Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san,
Demək, sən türk deyilsən, yağmaçı bir hindusan.
Əllərinlə dağıldı şəhərlərin əsası,
Biçinçinin xırmanı, əkinçinin tarlası.
Yığ başına ağlını əcəl gəlib yetməmiş,
Bir ədalət qəsri tik, əlindən gəlirsə iş.
Ədlin çilçıraq kimi işıqlatsın gecəni,
Bu gün, sabah, həmişə bəxtiyar etsin səni.
Yadda saxla, nə söylər sənə ağbirçək qarı:
Qanadlandır, şadlandır yetimləri, dulları.
Qapazını geri çək yoxsulların başından,
Yoxsa oxlanacaqsan məzlumlar qarğışından.
Sən ki ox yağdırırsan hər guşəyə bu qədər,
Girəcəyin guşədən bixəbərsən, bixəbər.
Cahan qalalarını açan bir açardı şah,
Qapılar bağlamağa gəlməmisən, ol agah!
Səni şah dikdilər ki, azaldasan cəfanı,
Bir könül yaralansa, sən olasan dərmanı.
Zəiflərin adəti – nazla sığınmaq sənə,
Sənin borcun – onların sığal çəkmək telinə.
Qulağını geniş aç, bu möhtac, bu yalavac,
Bu ac zavallıların komasına işıq saç.
Xorasan ölkəsinin hökmdarı Səncərə,
Kar etmədi bu sözlər, düşdü başı cəncələ.
Bu dövrdə ədalət ərşə çəkilmiş, inan,
Asılmışdır o yalnız Simurqun qanadından.56
Daha bu torpaq üstə nəşədən bir əsər yox,
Bu göy qübbə altında həyadan bir xəbər yox.
Qalx, ey dərdli Nizami, bu dünyanı qucaqla,
Ürəklər qana döndü, elə sən də qan ağla.
Kərpickəsən qocanın hekayəti
Şam şəhəri tərəfdə qoca bir kişi vardı,
Uzaqlaşıb bəşərdən, mələk kimi yaşardı.
Toxuyardı özünə otdan, əncərdən köynək,
Dolanardı minnətsiz, hər gün kərpic kəsərək.
İşdi, əldən düşsəydi əmirlərin sipəri,
Deyərdi: – Sipər edin qəbrimə kərpicləri.57
Onun kərpiclərindən tikdirsəydi kim məzar,
Sanardı rahat yatar, olsa belə günahkar.
Bir gün yenə o qoca tərini silə-silə,
Əlləşərkən palçıqda, saman ilə, su ilə.
Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı,
Xitab etdi qocaya, dili ahlı, amanlı:
“Bu nə işdir, görürsən?.. Bu nə düşkünlük, qoca,
Yalnız qullar, kölələr dözər zillətə bunca!
Qalx ayağa, torpağa qılınc58 vurma bu qədər,
Bir qarınlıq çörəyi səndən kim əsirgəyər?!
Bu qəlibi at oda, yandır, qoy külə dönsün,
Bambaşqa bir qəliblə gün ağla sən özünçün.
Axirət dünyasını qazanmağa çalış sən,
Salma özünü həkdən, əl çək bu daş-kəsəkdən.
Qocasan, qocalarla sən oturub-dur ancaq,
Cavanların işini cavanlar görsün, burax!”
Qoca dedi: “Ay oğul, dəliqanlılıq etmə!
Öz işinlə şuğullan, mənə ağıl öyrətmə!
Hər sənətin sahibi sənətilə yaşayar,
Qocalar kərpic kəsər, kölələr yük daşıyar59.
Əziyyətli olsa da, öyrəndim bu sənəti
Ki, boynumda qalmasın bir kimsənin minnəti.
Xəzinə yığmıram ki, məsxərəyə qoyulum,
Əlimin zəhmətilə dolanıram, ay oğlum!
Çörək qazanıram mən, götürmə babalımı,
Min harama dəyişməm birgünlük halalımı”.
Alovlandı gözəl gənc qocanın sözlərindən,
Gedəndə… gildir-gildir yaş axdı gözlərindən.
Yetər,
55
Abxaz qarəti – 1139-cu ilin sentyabrında Gəncədə baş vermiş fəlakətli zəlzələdən sonra şəhəri dağılmış və viran görən Gürcüstan çarı Gəncəyə hücum edərək yağmalamış, dinc əhalini qarət və əsir etmişdir.
56
Xeyirxahlığın və ağ günün timsalı olan Simurq quşu. Əfsanəyə görə, Elbrus dağının əlçatmaz zirvəsində yaşadığına görə Nizami ədalətin cəmiyyətdə yoxa çıxdığını və qalxıb yalnız Simurq qanadı altına sığındığını bildirir.
57
Əmirlər, sərkərdə və qəhrəmanlar basıldıqda (məğlub edildikdə), ölüm məqamının yaxınlaşdığını hiss edincə vəsiyyətlərində arzu edərdilər ki, məzarlarının üstü həmin qocanın kəsdiyi kərpiclər ilə götürülsün. Bu halda onlar ümid bəsləyirdilər ki, bu sipər (bu kərpiclər) onları himayə edəcək, qəbir əzabından qoruyacaqdır.
58
Misrada yer səthi qalxana, torpaqqazan bel isə qılınca oxşadılıb.
59
Kölələr yük daşıyar – zülmə boyun əyənlər, təslimçilər və fərarilər özlərinə layiq rəzil həyata məhkumdurlar. Mən belələrinə nifrət bəsləyirəm, öz zəhmətimlə dolanıram.