Oğluma nəsihət. Низами Гянджеви
Чтение книги онлайн.
Читать онлайн книгу Oğluma nəsihət - Низами Гянджеви страница 15
Nifrətə çevrilincə qızmış təəssübləri,
Qərara gəldilər ki, boşaltsınlar evləri.
Bacaları suvayıb, gecə yola düşdülər,
Evi satmaq üstündə dilləşib, didişdilər.
Bu işdən vaz keçdilər, seçdilər başqa bir fənd,
Bir-birinə verməyə şərbət düzəldək, şərbət.
Bacardıqca elmdə görək kim kimi ötür?
Kimin şərbətindəki zəhər daha güclüdür?
Kimin ağlı üstünsə, bina qalsın qoy ona,
İki bədəndəki ruh qovuşsun da bir cana.
Birinci iddiaçı düşündü yaxşı-yaxşı,
Bir ağu düzəltdi ki, dəysə yandırar daşı.
Uzatdı rəqibinə: – Zəhər deyil, şərbətdir,
Qəlbə qanadlar verən meydir, nazlı nemətdir.
Aslan ürəkli mərdin titrəmədi əlləri,
“Qənddir, baldır!” – deyərək aldı içdi zəhəri.
Qorxmadı “Nuşiqiya”79, çünki içmişdi öncə,
Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.
Pərvanə kimi yandı, yenidən qanadlandı,
Gəldiyi məclis yenə onu öz şamı sandı.
Yol üstdəki bağçadan bir qızılgül qopartdı,
Dərhal əfsun oxuyub, düşməninə uzatdı.
Gülü verdi ki, onu öldürsün asan, yüngül,
Rəqibin zəhərindən daha kəsərliydi gül.
Düşmən əfsunlu gülü elə ki ələ aldı,
Qorxudan dizi əsdi, çökdü, bağrı yarıldı.
Bəli, çarə taparaq o, qurtuldu ağudan,
Busa bir gül iyləyib, dünyadan getdi əlan.
Dünya bağında hər gül, demə, güllər xasıdır,
Bir insan ürəyindən sızan qan damlasıdır.
Zəmanə bağının da baharı, başı sənsən,
Zəmanə bir qəm mülkü, onun naxışı sənsən.
Fənər kimi asılı ərzi çal öz daşına,
Külü qoy su səpilmiş ulduzların başına.
Aləmin xəyal, uyğu büsatından uzaqlaş,
Bərbadından uzaqlaş, abadından uzaqlaş.
Gözün qalmasın çərxin şəfəq, işıq payında.
Qaralt küsuf kimi sən Günəşi də, Ayı da.
Dünya çadırı göydə Ay qulyabanı kimi,
Azdırıb İbrahimi yolundan etmədimi?80
Gəncliyinə dağ çəkib, fələk sürüklər hara?
Nəşəli günlərini dərdli, qəmli çağlara!
İşıqlandıra bilsən, inan, könlünü bir gün,
Ağ günü, səadəti qaytarmaq yenə mümkün…81
Ümid gülabı kimi təmiz göz yaşı tök ki,
Təmizləyə biləsən bu qara, ağ lövhəni.82
Ölçüb-biçsən işini bu dünyada sən əgər,
Məhşər tərəzisində qazancın artıq gələr.83
O din ki, qüvvət verir qoluna axşam-səhər,
Sənin tərəzinin də əyarını düzəldər.
Düşüncəli, hünərli, qəlbi azad olan kəs,
Din qəmi çəkər ancaq, dünya qəmini çəkməz.
İstəsən ki, bu aləm daim məskənin olsun,
Dini Nizamiyə ver, dünya qoy sənin olsun.
Xain sofu ilə hacının dastanı
Bir Kəbə mübtəlası hazırlaşdı səfərə,
Öyrənib bələd oldu qaydalara, dəblərə.
Ehtiyacından artıq bir az qızılı vardı,
Öz halal dinarını kisəsində saxlardı.
Düşündü: filan sofu əl çəkibdir dünyadan,
Tanrı bəndəsidir o, azdır bu cür düz adam.
Ürəyimə damıb ki, dəyanət də ondadır,
Qoy verim zəri, deyim: əmanət də ondadır.
Bu niyyətlə sofuya o baş çəkdi bir gecə,
Kisəsini əmanət verdi ona gizlicə.
– Yaxşı saxla bu sirri, – tapşırdı dönə-dönə,
– Qayıdaram, kisəni yenə verərsən mənə.
Xacə səfərə çıxdı, düşdü yolun ağına,
Şeyx də sərin qızılı basdı yanan bağrına.
Titrəyirdi ürəyi neçə illərdən bəri,
Bu qızılın sapsarı şöləsindən ötəri.
– İşlərimi bununla düzəldərəm! – söylədi,
– Yolunu gözlədiyim xəzinəm əlimdədi.
Tanrının mənə bir az gec verdiyi neməti,
Gərək tez ötürüm ki, qaçırmayım fürsəti.
Kisənin boğazından ilgəyi açdı səfil,
Neçə gecə kef çəkib, şadlıqdan uçdu sofu.
Yaxasına keçirdi qızıl dolu kisəni,
– Göbəyimin üstündə görüm, – dedi, – qoy səni.
Cingildətdi pulları, bu səsdən xumar oldu,
Gözəllərin saçları boynunda zünnar oldu.
Heyhat, parçalanınca şeyxin dərviş xirqəsi,
Zövqün yerini tutdu günah, qəm düşüncəsi.
Sofu elə yedi ki, əlinə düşən ovu,
Çırağı da bir gilə yağın möhtacı oldu.84
Bizim hacı elə ki, Kəbədən geri döndü,
79
“Nuşiqiya” – “novruzotu” deyilən bitkidən hazırlanmış məlhəm (“Bürhani qatı”)
80
Beytin məzmunu Qurani-şərifin “əl-Ənam” surəsinin 77-ci ayəsindən iqtibas olunub: “O (İbrahim) çıxan Ayı görəndə dedi: “Bu, mənim Tanrımdır!” O batandan sonra isə (İbrahim) dedi: “Mənim Tanrım məni düz yola hidayət etməsə, mən yolunu azmış adamlardan olacağam.
81
Nizamiyə görə, könlü işıqlandıra bilmək – maddi dünyadan əl çəkib mənəvi dünyaya qovuşmaqdır. Ən böyük səadət heç də maddi aləmdə deyil, yalnız ruhun qüdrəti sayəsində qazandığın mənəvi aləmdədir.
82
Ağ, qara lövhə – gündüz, gecə. İnsan öz ömrünün gecəsini, gündüzünü təmizə çıxardıb pak etmək üçün tövbə qılmalı, suçlarının, günahlarının bağışlanmasını sidq ürəkdən ulu Tanrıdan diləməli və tövbəsinə layiq yaşamalıdır. Bu halda göz yaşı tökmək mənən təmizlənməyin rəhnidir və bu göz yaşı ümid gülabıdır. Başqa sözlə desək, sən bağışlanacağına və bundan sonra insan kimi yaşayacağına ümid bəsləyə bilərsən.
83
Nizamiyə görə, ölçü-biçi əsasında yaşamaq özünü nəfsə, tamaha, yırtıcı ehtiraslara təslim etməməyi bacarmaq deməkdir. Yalnız bu dünyada gözəl yaşamaqla, o dünyanı qazana bilərsən.
84
Yəni əmanət pulu son qəpiyinədək xərclədi. Keçmişdə başqalarının heyvanı ilə qarışıq salmamaq üçün mal-qaranı damğalarmışlar. Bununla bağlı ideomatik ifadə yaranmışdır. “Filankəs ovunu elə yedi ki, heç damğa yeri də qalmadı”. Şeyx də əlinə keçən əmanəti ilə bu cür davranır.