Oğluma nəsihət. Низами Гянджеви
Чтение книги онлайн.
Читать онлайн книгу Oğluma nəsihət - Низами Гянджеви страница 13
Burda bir yavru gördü – gözəl ceyran yavrusu.
Qulaqları, gərdəni o qədər zərif, hamar…
Gözləri, qılçaları səndən mərhəmət umar.
Şah baxdı heyran-heyran, lapdan sıçradı ceyran,
Bircə göz qırpımında uzaqlaşdı ovçudan.
Ovçunu ovladı ov. Şahın ürəyi uçdu,
Bütün marağı, eşqi ovun ardınca qoşdu.
Yanan ciyəri kimi Rəxşi od-alov aldı,
Ahunun göbəyitək kaman neçin yumşaldı?67
Nə at çatır tozuna, nə ox tutur ceyranı,
Şimşək sürətli Rəxşin ox sürəti bəs hanı?
Oxdan sorur: – Hanı bəs o kin dolu uçuşun?
Atdan sorur: – Hanı bəs o ildırım qaçışın?
Heç biri kara gəlmir, hər ikisi yorulmuş,
Otyeyən bir heyvanın önündə məğlub olmuş.
– Məgər elə indicə, ey şah, – dil açdı kaman, –
Qarşında deyildimi dilsiz-ağızsız heyvan?
Gəzirdi zirehinin himayəsində yazıq,
Kimin həddi var ki, de, zirehinə sanca ox?68
Böyüklərə xoş gəlməz, bəlkə, dəyər kefinə,
Gəlib özgə əl vursa çalğıçının dəfinə.69
Ucalan, dağları ara, ey şahım, müdam,
Ta ki yüksək durarsan ucaların dağından.
İnsanlıq sifətidir hər yaxşılıq, duysanız,
Xidmətidir kişiyə şərəf gətirən yalnız.
İlkin yaranışdakı əhdə sadiq olmaqdan,
Ülvi nə var? Qoy desin hünərli, məğrur insan!
Əhdin kəmərinə qoy vəfa əlini hər an,
Ta ki verdiyin sözü heç vədə pozmayasan.
Keşik çəkən ilanın xəzinədə gözü yox,
Çünki başdan-ayağa xidmət kəməridir o.70
Kainatın tacıdır xidmət edən kəhkəşan,
Hər şey xidmət kəməri bağlamışdır binadan.
Hünər riştəsi tutan dilavərlər, qoçaqlar,
Belinə öz əlilə xidmət kəməri bağlar.
İşıq qaynağıdır mum – bal şanının zinəti,
Arıya xidmətilə qazanmış bu dövləti.
Sən ki xidmət yolunda kəmərini bağladın,
Qalx, ey Nizami, yüksəl, açıqdır qol-qanadın.
Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti
Yəməndə meyvə satan bir dükançı yaşardı,
Dükanını qoruyan tülkü yavrusu vardı.
Təlim-tərbiyə görmüş gözətçiydi bu yavru,
Sahibinin malını diqqətlə qoruyurdu.
Yüz cür oyun çıxartdı, fənd işlətdi cibkəsən,
Əsərlənmədi əsla bala tülkü kələkdən.
Fikirləşdi cibkəsən, yumdu gözünü dərhal,
Çoxdan yatıbdır guya, yuxusu da şəkər, bal.
Tülkü bu qoca qurdu yatmış görüb yumşaldı,
Yerə qoydu başını, o da uyğuya daldı.
Tülkünü yatmış görüb fürsət tapdı cibkəsən,
Çaldı pul kisəsini. Getdi, itdi nəzərdən.
Keşikdə duranların qorxuludur yatmağı,
Ya başı əldən gedər, ya başından papağı.
Uyuyacaq yer deyil dünya, oyan, Nizami!
Hər şeyi etməyin çoxdan çatıb məqamı.
Tövbəsini pozan zahidin hekayəti
Məscid əhli bir sofu uydu bir gün şeytana,
Məsciddən üz çevirdi, aldı onu meyxana.
Mey dilinə dəyincə mey kimi nalə qıldı:
– Zavallı canım! – dedi, – özgə nə çarə qaldı?
Nəfs ilə həvəs quşu könlümdə axtardı dən,
Heyhat, tələ qurdular təsbeh danələrindən.
Kəbəm çıxdı əlimdən, Kəbə artıq mənə yad,
Ev-eşiyim dəyişdi, dönüb oldu xərabat.71
Qara taleyim məni, gör kimlərə tay etdi,
Qələndərlik öyrətdi, imanımı zay etdi.
Niqab örtdü, yaşındı əqlin gözləri məndən.
Xərabatın özü də xarab oldu əlimdən.
Bu dünya darlığından qurtula bilsəydim, ah!
Ətəyimdən ləkəni bir silə bilsəydim, ah!
Qəzadan deyilmi bu? Mən hara, bu “Lat” hara?
Mübarək məscid hara, viran xərabat hara?
Bir gənc pərdə dalından dinləyərək zahidi,
Təmiz, pak nəfəsindən od saçaraq söylədi:
– De, qəzadan sənə nə? Sənintək yüz min gəda,
Qəzanın nəzərində dəyməz bir arpaya da.
Tövbə qapısına gəl, təmizlə günahını,
Başqa hədyan söyləmə, seç Tanrı dərgahını!
Üzr istəyib, tövbə qıl, keçərlər günahından,
Qolu bağlı gedərsən yoxsa ora bir zaman.
Çöldə ot otladığın, yatdığın yetər artıq,
Bir az da fələklərin yaşıl bağçasına çıx.
Ayıltmasa göy səni çəkil, hicra guşəyə,
Bir azca azuqə yığ o dünyaya köçməyə.72
Qanlı yaşlar tökməyin axı nə mənası var?
Çoxdan gəbərib gedib sağlığında yatanlar.
Səni yuxu sərsəmi görən “Şəfəq
67
Ahunun belinin dərisi sərt, qaba olduğu halda, qarnının dərisi, xüsusilə göbək ətrafı hamar, incə və yumşaq olur. Şah əlindəki kamanın kirişini o qədər dartdı və sürtdü ki, ceyranın göbəyi kimi yumşaltdı və öz atını (Rəxşini) odlanmış ciyəri kimi qızışdırdı.
68
Kaman dilə gəlib deyir ki: “Bu ceyran yavrusu sənin nəzərinin himayəsində irəliləyir. Kimin cürəti çatar ki, sənin diqqətinə, zirehinə tərəf ox tuşlasın?!
69
Sən çalğıçısan, şahım, məgər razı olarsanmı ki, sənin ceyranını ovlasınlar, dərisindən dəf düzəldib özgələr çalsın?! Yaxud dümbək çalanların əlləri ilə döyəclənsin?!
70
Mənası: Hər kim öz xalqına, bəşəriyyətə sədaqətlə və təmənnasız xidmət etməyi bacarırsa, o, xəzinə sahibi olacaqdır.
71
Alnımdakı yazı məni Kəbədən meyxanəyə atdı. Halalımdan əl çəkib harama qurşandım. Paklıq əlimdən çıxdı, çirkaba batdım, insanlıqdan əl çəkib nəfsə, tamaha uydum.
72
Ulu göylər daim öz qasırğaları, ildırımları və göy gurultuları ilə yatmış insanı ayıltmağa, xəbərdar etməyə çalışır ki, ömürdən sonra da başqa bir mənəvi ömür var. Onu düşün! Öləndə yatmaq eyib deyil. Həyatda yatmaq isə eyibdir. Ayıl! O dünyaya köçmək üçün azuqə yığ, mənəvi ömrünü uzatmaq üçün çarələr tap.