Ceyn Eyr. Шарлотта Бронте

Чтение книги онлайн.

Читать онлайн книгу Ceyn Eyr - Шарлотта Бронте страница 1

Ceyn Eyr - Шарлотта Бронте Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

ction>

      O gün gəzintiyə çıxmalı hava deyildi, illah da axşamüstü. Səhər onsuz da Eliza, Con və Corciana ilə birlikdə dayəmiz Bessinin müşayiəti ilə hava almağa çıxmışdıq. İndi isə uşaqlar qonaq otağında, öz analarının yanındadırlar. Uşaqlarını başına yığan missis Rid məni ora çağırmadı. Dedi ki, üzüyola qız olmayana qədər məni o biri uşaqlardan kənar edəcək.

      Qonaq otağına bitişik başqa bir otaq da var idi. Mən özümü sakitcə ora verdim. Orada rəfdən bir kitab götürüb vərəqləməyə başladım. Otağın qapısı açıldı.

      ‒ Ey! ‒ Con Ridin səsi gəldi.

      ‒ Nə istəyirsən?

      Con Rid on dörd yaşında idi. Məndən dörd yaş böyük idi. Məni, demək olar, hər gün qorxudur, döyür və cəzalandırırdı. Heç kim mənim tərəfimi tutmurdu. İndi də birdən-birə, heç nə demədən məni var gücü ilə vurdu.

      ‒ De görüm, burada nə edirdin?

      ‒ Kitab oxuyurdum.

      ‒ Bizim kitablarımızı götürməyə cürət eləmə. Anam deyir ki, sən bizdən asılısan, qara qəpiyin də yoxdur, atan sənə heç nə qoymayıb.

      O, kitabı əlimdən alıb başıma vurdu. Aldığım zərbədən yerə yıxılarkən başım qapının tininə dəyib yarıldı.

      ‒ Murdarsifət! ‒ mən qışqırdım.

      ‒ Nə? Mən bunu anaya deyərəm, amma əvvəl…

      O, üstümə şığıdı, saçlarımdan, çiynimdən yapışdı. Mən müqavimət göstərməyə başladım. Əllərimi işə saldım. Birdən o zarımağa başladı. Missis Rid dayə Bessi və qulluqçu Ebbotla birlikdə hövlnak özünü yetirdi.

      ‒ Gör bu həyasız qız mister Conun üstünə necə tullanıb?! Onu aparıb qırmızı otağa salın!

      O saat dörd əl məndən yapışıb yuxarı apardı.

***

      Qırmızı otağın müəmması mister Ridin ölümüylə bağlıydı. Onun ölümündən doqquz il keçirdi. O məhz bu otaqda canını tapşırmış, burada tabuta uzadılmış, onu buradan qəbiristanlığa aparmışdılar.

      Mister Rid yadıma gəlmirdi, amma bilirdim ki, mənim yeganə qohumum idi – anamın qardaşı. Mən yetim qalanda o məni öz yanına götürmüş və son nəfəsində missis Riddən tələb etmişdi ki, məni öz uşaqları kimi böyüdüb tərbiyə verəcəyini vəd etsin. Amma bu qadın ona kənardan sırınmış bir qızı necə sevə bilərdi?

      İndi burada ölülər haqqında danışılanlar yadıma düşdü. Guya ölüm ayağında verilən vədə əməl etməyəndə onlar qəbirdə narahat olur və dünyaya qayıdırlar. Birdən, doğrudan da, mister Ridin ruhu gəlib bu otaqda qarşımda durdu? Ürəyim döyünməyə başladı, özümü itirdim, qapıya tərəf qaçıb inadla dəstəyi dartmağa başladım. Dəhlizdən addım səsləri gəldi, cəftənin açarı çevrildi, missis Rid, Bessi və Ebbot içəri girdilər.

      ‒ Məni buradan aparın! ‒ mən çığırırdım.

      ‒ Bu yolla sən heç nəyə nail ola bilməyəcəksən. İndi sən burada əlavə bir saat da qalacaqsan, ‒ missis Ridin səsi eşidildi.

      ‒ Bibi! Əfv edin! Mən ölərəm, əgər…

      ‒ Sus! ‒ missis Rid məni geriyə, qırmızı otağa itələyib qapını üzümə bağladı. Bundan az sonra, deyəsən, ürəkkeçməm oldu və mən huşumu itirdim.

***

      Kiminsə kürəyimdən tutub məni oturaq vəziyyətdə saxladığını hiss etdim. Uşaq otağında, öz çarpayımda uzandığımı anladım. Yanımda mister Lloyd oturmuşdu. Onu tanıyırdım, əczaçı idi. Qulluqçulardan kimsə xəstələnəndə missis Rid onu çağırırdı.

      ‒ Yaxşı, mən kiməm? ‒ o məndən soruşdu.

      Adını söylədim.

      ‒ Hə, bundan sonra biz yavaş-yavaş sağalacağıq, ‒ o dedi.

      Sabah bir də gələcəyini söyləyib getdi.

      O gedəndən sonra Bessi xeyli yumşaq tərzdə mənə dedi:

      ‒ Bəlkə, indi bir az yatasınız, miss?

      ‒ Çalışaram. Bessi, mənə nə olmuşdu?

      ‒ Özünüzü pis hiss eləyirdiniz…

      Ertəsi gün mister Lloyd yenə gəldi.

      ‒ Necəsiz, miss Ceyn, görürəm, ağlamısınız. Ağrıyan yeriniz var?

      ‒ Yox, ser. Ağlayıram, ona görə ki mən bədbəxtəm.

      ‒ Nəyə görə?

      ‒ Çünki mənim nə atam, nə anam, nə qardaşlarım, nə də bacılarım var.

      ‒ Amma sənin mehriban dayın arvadı, dayıuşaqların var.

      ‒ Con Rid məni yerə yıxdı, dayım arvadısa məni qırmızı otağa salıb qapını kilidlədi. Bu qəddarlığı heç vaxt unutmayacam.

      ‒ Sizin Geytshed-holldan xoşunuz gəlmir?

      ‒ Bu mənim doğma evim deyil, ser. Əgər mənim yerim olsaydı, burdan çıxıb getməkdən xoşbəxt olardım.

      ‒ Bəs məktəbdə oxumaq istəyərdiniz?

      ‒ Hə, istərdim.

      Sonradan baş verəcək hadisələrə əsasən belə güman edirəm ki, əczaçı missis Ridə məsləhət görüb məni məktəbə qoysun və bu məsləhət böyük məmnuniyyətlə qəbul olundu. Çünki bir gecə mən yatağımda uzanan zaman Ebbotun Bessiyə dediklərini eşitdim.

      ‒ Xanım bu xəstə qızcığazdan canını qurtardığına görə sevinir.

      Bu söhbətdən mənə həmçinin bəlli oldu ki, atam yoxsul keşiş olub, anam, atamın onlara tay olmadığını hesab edən valideynlərinin iradəsinin əksinə olaraq ona ərə gedib və qızının itaətsizliyindən qeyzlənən babam Rid onun adına bir şillinq də olsa miras qoymayıb. Toydan bir il sonrasa atam vəba xəstəliyinə tutulub. Vəba anama da keçmiş və onlar bir ayın içində vəfat etmişdilər.

***

      Xəstəlikdən sonra missis Rid uşaqlarını məndən daha çox kənarlaşdırdı. Bütün vaxtımı tək-tənha keçirirdim. Missis Rid mənim məktəbə daxil olmağımla bağlı bir kəlmə də söz demirdi.

      Noyabr, ardınca dekabr və yanvarın ortası gəlib keçdi.

      Yanvarın on beşiydi. Səhər Bessi hövlnak uşaq otağına daxil oldu:

      ‒ Miss Ceyn, tez əyninizi dəyişin! Aşağı düşün, yemək otağında sizi gözləyən var.

      Mən yavaş-yavaş aşağı düşməyə başladım. Missis Rid artıq üç ay idi ki, məni aşağı çağırmırdı. “Kim məni gözləyə bilər?” ‒ deyə qapının dəstəyini aşağı basdım. Qapı açıldı, mən içəri daxil oldum. Buxarının qarşısında qara geyimli kişi dayanmışdı. Missis Rid sobanın yanında oturmuşdu. O, işarəylə məni çağırdı, sonra dönüb adama təqdim edib dedi:

      ‒ Sizə dediyim qız budur.

      Kişi üzünü mənə sarı çevirdi:

      ‒ Neçə yaşı var?

      ‒ On.

      ‒

Скачать книгу