Hekayələr. Ги де Мопассан

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Ги де Мопассан страница 6

Hekayələr - Ги де Мопассан Hekayə ustaları

Скачать книгу

fabrikantla arvadı, daha sonra öz qamətli arvadını irəli itələyən Luazo düşdü. Düşən kimi də nəzakətli olduğu üçün yox, qorxusundan zabitə salam verdi:

      – Axşamınız xeyir, cənab.

      Zabit bir qəsbkar həyasızlığı ilə ona baxdı və heç nə demədi.

      Gonbul ilə Kornyude qapının ağzında otursalar da, hamıdan sonra çıxdılar və düşmənin önündə özlərini şax tutdular. Gonbul özünü ələ almağa və sakit aparmağa çalışırdı. Demokrat xəfifcə titrəyən barmaqları ilə uzun, sarımtıl saqqalını faciəli şəkildə didişdirirdi. Onlar öz ləyaqətlərini saxlamaq istəyirdilər və başa düşürdülər ki, belə şəraitdə, burada qismən də olsa vətəni təmsil edirlər; elə ona görə də yol yoldaşlarının üzüyolalığı onları qəzəbləndirirdi. Gonbul özünü nəcabətli xanımlardan daha məğrur aparırdı, Kornyude isə yolları qazdırmağa başladığı vaxtdan boynuna müqavimət hərəkatının başçılığını götürdüyünü nəzərə çarpdırmaq və başqalarına nümunə olmaq məqsədilə özünü çəkir və bütün görkəmi ilə şax qalmaq istəyirdi.

      Hamı karvansaranın geniş mətbəxinə gəldi; alman zabiti sərnişinlərin adı, soyadı, peşəsi, əlamətləri qeyd olunan Ruan komendantının verdiyi icazə kağızını aldı və kağızda yazılan nişanələri – adamların həqiqi əlamətlərini yoxlamaq məqsədilə bir-bir, uzun-uzadı, diqqətlə onların üzünə baxdı.

      Sonra qətiyyətlə “yaxşı” dedi və bayıra çıxdı.

      Sərnişinlər nəfəslərini dərdilər. Acmışdılar, yemək sifariş etdilər. Xörəyin hazırlanması yarım saat çəkdi, iki qulluqçu qız cidd-cəhdlə biş-düşlə məşğul olduqları vaxt sərnişinlər binaya baxmağa getdilər. Otaqlar, sonu qəribə və müəmmalı bir otağın şüşə qapısında qurtaran uzun dəhlizboyu cərgələnmişdi.

      Nəhayət, yemək hazır olub adamlar süfrə arxasına əyləşən zaman vaxtilə at alveri edən karvansara sahibinin özü də göründü. Bu, astma xəstəliyinə tutulmuş kök bir kişi idi. Sinəsi daim xışıldayır, bəlğəm boğazında poqquldayırdı. Atasının soyadını götürmüşdü: Folanvi11.

      – Madmazel Elizabet Russe kimdir? – deyə soruşdu.

      Gonbul diksindi və qanrılıb baxdı:

      – Mənəm.

      – Madmazel, prus zabiti dərhal sizinlə danışmaq istəyir.

      – Mənimlə?

      – Madam ki madmazel Elizabet Russe sizsiniz, demək, sizinlə.

      Qız özünü itirdi, ani olaraq nəsə düşündü və qətiyyətlə dilləndi:

      – Bir bu çatmırdı!.. Getmirəm!

      Ətrafdakılar həyəcanlandılar. Belə bir təklifin səbəbini bilməyə çalışdılar. Mübahisə başlandı. Qraf qıza yaxınlaşdı:

      – Düz eləmirsiniz, xanım, ona görə ki sizin rədd cavabınız təkcə özünüzə yox, yol yoldaşlarınıza da zərər vura bilər. Heç vaxt sizdən güclü olan adama müqavimət göstərməyin. Şübhəsiz, bu çağırışda elə bir qorxulu şey yoxdur, yəqin, elə-belə, rəsmiyyət üçündür.

      Hamı qrafın səsinə səs verdi. Qızı dilə tutdular, yalvarıb-yaxardılar, öyüd-nəsihət verdilər və nəhayət, inandırdılar. Axı hamı belə bir axmaq hərəkətdən sonra vəziyyətin mürəkkəbləşə biləcəyindən qorxurdu.

      Nəhayət, Gonbul dilləndi:

      – Yaxşı, razıyam, ancaq yadınızda saxlayın, yalnız sizə görə razılıq verirəm.

      Qrafinya onun əlini sıxdı:

      – Bilirsinizmi, sizə nə qədər minnətdarıq!

      Gonbul getdi. Hamı yenidən süfrə arxasına əyləşmək üçün onun otaqdan çıxmasını gözlədi.

      Hamı zabitin onu yox, məhz bu hirsli, kəmhövsələ qızı çağırmasından dilxor olmuşdu və əgər, işdir, onları çağırmalı olsa, xəyallarında cavab vermək üçün şit-şit cavablar hazırlayırdılar.

      Nəhayət, on dəqiqədən sonra Gonbul qayıtdı. Onun sifəti qıpqırmızı idi, həyəcandan güclə nəfəs alırdı, özündən çıxmışdı və öz-özünə söylənirdi:

      – Əclafın biri əclaf, bir bunun iştahından keçənə bax!

      Nə baş verdiyini bilmək üçün hamı qızın üstünə atıldı. Amma o, bir kəlmə də demədi, nəhayət, qraf təkid etdikdə böyük bir ləyaqətlə:

      – Bunun sizə dəxli yoxdur, – deyə cavab verdi, – mən onun sözlərini sizə deyə bilmərəm.

      Belə olduqda hamı içindən ətrafa kələm qoxusu yayılan iri kasanın ətrafına cəmləşdi. Belə bir həyəcanlı hadisənin baş verməsinə baxmayaraq, iştahla çörək yedilər. Alma şərabı ləzzətli idi və Luazo ilə arvadı, həmçinin rahibələr bu ləzzətdən tez məhrum olmamaq üçün şərabı qurtum-qurtum içirdilər. Qalanları başqa çaxır sifariş etdilər, Kornyude isə pivə istədi. O özünəməxsus xüsusi bir əda ilə şüşənın tıxacını açar, pivəni köpükləndirər, stəkanı əvvəlcə əyər, sonra yuxarı qaldırıb içkinin rəngini daha yaxşı görmək üçün çırağın işığına tutardı. Kornyude içki içəndə şəraba, ya da pivəyə bulaşıb rəngini dəyişən uzun saqqalı xəfifcə titrəyər, gözünü qıyıb krujkaya zilləyər və bu an elə bil dünyaya ancaq yeganə bir iş üçün – şərab içmək üçün gəldiyini dərk edib vəzifəsini böyük bir ləzzətlə yerinə yetirərdi. O, həyatını dolduran iki böyük ehtirası – şəffaf el12 içməyi və inqilabi fəaliyyəti xəyalən birləşdirir ve birinin dadına baxanda o birini yaddan çıxartmırdı.

      Cənab Folanvi arvadı ilə birlikdə stolun lap qurtaracağında oturub şam edirdi. Kişi köhnə parovoz kimi fısıldayırdı. Sinəsi elə xışıldayırdı ki, yemək zamanı ağzını açıb bir söz deyə bilmirdi, amma arvadı bircə an danışığına ara vermirdi. O, prussiyalılara rast gələndən sonra gördüyü bütün məsələlərdən – onların nə etdiklərindən, nə söylədiklərindən danışır və iki oğlu orduda olduğuna görə, həm də prussiyalılar onu böyük xərcə saldıqları üçün onlara nifrət edirdi. Danışanda ən çox da qrafinyaya müraciət edirdi, çünki belə bir nəcabətli qadınla söhbət etməkdən xoşu gəlirdi.

      O, gülməli bir şey danışanda səsini alçaldırdı, əri isə tez-tez onun sözünü kəsirdi.

      – Madam Folanvi, danışmasan yaxşı olar.

      Ancaq o, ərinə əhəmiyyət vermədən sözünə davam edirdi.

      – Bəli, xanım,

Скачать книгу


<p>11</p>

Fransızca “Fotlenvi Faite envi!” (çılğın arzu) kimi səslənir.

<p>12</p>

El – içki növü