Hekayələr. Ги де Мопассан
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Ги де Мопассан страница 10
Xanımlar diksindilər. Qəşəng xanım Karre-Lamadonun gözləri parıldadı, rəngi ağardı, ona elə gəldi ki, prus zabiti onu bu saat zorlayır.
Kənarda söhbət eləyən kişilər qadınlara yaxınlaşdılar. Luazo özündən çıxmışdı və bu yaramaz qızın əl-ayağını sarıyıb düşmənə verməyə hazırdı. Ancaq üç arxadan dolananları səfir olan və zahiri görkəmindən diplomatı xatırladan qraf incə bir yolla hərəkət etməyin tərəfdarı idi:
– Qızı yola gətirmək lazımdır.
Bununla da onlar sözü bir yerə qoydular.
Arvadlar baş-başa verdilər. Səslərini alçaltdılar və hər kəs öz fikrini söyləməyə başladı, özü də hər şeyi qaydasında elədilər. Ən pis, nalayiq işlərdən danışanda da çox incə ifadələr tapıb işlədir və ədəblə danışırdılar. Onlar sözləri elə ehtiyat və diqqətlə seçirdilər ki, işdən hali olmayan adam onların danışığından heç nə başa düşə bilməzdi. Əslində, kübar qadınlarının büründükləri nazik ismət və həya örtüyü ancaq zahiri görkəm və gözdən pərdə asmaq üçündür. İndi isə onlar özlərini çox sərbəst hiss edir, prus zabiti ilə Gonbulun əhvalatından əməlli-başlı ləzzət alır, ürəklərində əylənir və başqasına yemək hazırlayan aşxana aşpazı ehtirası ilə bu məhəbbət əhvalatını quraşdırırdılar.
Bütün bu əhvalatlar o qədər əyləncəli və ləzzətli idi ki, sərnişinlərin kefi açılmışdı. Qraf, əslində, çox şit zarafatlar edirdi. Ancaq bu zarafatlara elə incə don geydirirdi ki, hamı gülümsünürdü. Luazo da bir neçə dəfə açıq, ikibaşlı atmaca atdı. Onun belə bayağı sözlərindən heç kəs incimədi. Hamı xanım Luazonun kobud şəkildə dediyi “Bu qəhbənin sənəti kişilərlə bir yorğan-döşəkdə yatmaq deyilmi, indi özünü niyə çəkir?” sözləri düşünür və bu barədə fikirləşirdi. Qəşəng xanım Karre-Lamadon hətta deyəsən, “Gonbulun yerinə mən olsaydım, başqalarını rədd etsəm də, bu prus zabitinin sözünü yerə salmazdım”, – deyə xəyalından keçirdi də.
Sui-qəsdçilər elə bil mühasirəyə salınmış bir qalanı alacaqlarmış kimi uzun-uzadı tədbirlər tökürdülər. Hərə boynuna bir iş götürürdü və kimin nə vaxt, nə cür hərəkət edəcəyi, nə kimi inandırıcı sözlər tapıb söyləyəcəyi haqqında əvvəlcədən şərtləşirdilər. Cürbəcür hücumlar düzəltmək, gözlənilməz basqınlar etmək, kələklər qurmaq haqqında əməlli-başlı tədbir tökürdülər ki, bu canlı qalanı düşmənə təslim olmağa məcbur etsinlər. Təkcə Kornyude əvvəlki kimi kənarda dayanaraq bu sui-qəsddə iştirak etmirdi.
Onların başı bu işə o qədər qarışmışdı ki, Gonbulun içəri girməsindən xəbər tutmadılar. Təkcə qraf bunu gördü və “sss” deyə yoldaşlarını xəbərdar etdi. Onlar gözlərini qıza zillədilər. Gonbul onların qarşısında dayanmışdı. Qızın yol yoldaşları özlərini itirib səslərini kəsdilər və bir xeyli ağızlarını açıb ona söz deyə bilmədilər. Kübar saxtakarlığına başqalarından daha çox bələd olan qrafinya:
– Xaç suyuna çəkilmə mərasimində maraqlı bir şey vardımı? – deyə soruşdu.
Hələ də gördüklərinin təsirindən xilas ola bilməyən Gonbul hamısını – kilsəni, adamları, onların sir-sifətini, oturuş-duruşunu yoldaşlarına təsvir etdi və axırda:
– Bəzən ibadət etmək adama elə ləzzət verir ki, – deyə əlavə etdi.
Xanımlar səhər yeməyinə qədər onun ürəyini almaq, sonra da yola gətirmək ümidi ilə qızla çox ehtiyatla davrandılar. Ancaq yemək stolunun arxasına keçən kimi hücuma başladılar. Əvvəlcə ümumən fədakarlıqdan danışdılar. Qədim dövrlərdən misallar gətirdilər, Yudif və Oloferni yada saldılar, sonra heç dəxli olmadığı halda Lukretsi və Sekstin adını çəkdilər, daha sonra isə bütün düşmən sərkərdələri yatağına salıb öz əsirinə çevirən Kleopatranı xatırladılar, bu tərbiyəsiz milyonerlər hətta Kapuaya gedib öz ağuşlarında Hannibalı, onun sərkərdələrini və muzdlu əsgərləri oxşayan Roma qadınları haqqında öz təsəvvürlərində canlandırdıqları əfsanəvi əhvalatları danışdılar, sonra öz bədənlərini qüdrətli silaha, hökmranlıq alətinə, döyüş meydanına çevirən, öz fədakar nəvazişləri ilə eybəcərləri, ya da nifrət etdikləri hökmdarları özünə ram edən, öz ismət və bakirəliklərini intiqam hissinə qurban verən bütün cəsur qadınlardan söhbət etdilər.
Həmçinin kübar ailəsindən olan bir ingilis xanımının Bonapartı pis xəstəliyə salmaq məqsədilə qəsdən özünü xəstələndirməsi və məşum görüş vaxtı qəribə təsadüfün – Bonapartın birdən-birə haldan düşməsi nəticəsində bu bəladan xilas olması haqqında dumanlı bir əhvalat da danışdılar.
Bütün söhbətlər çox incə şəkildə, ədəb dairəsində aparılırdı. Ancaq hərdənbir söhbəti daha da qızışdırmaq məqsədilə qəsdən valehedici, heyranlıq bildirən səslər çıxarılırdı.
Deyilənlərdən belə nəticəyə gəlmək olurdu ki, qadınlar ancaq arasıkəsilməyən fədakarlıqlar və yer üzündə yalnız murdar əsgərlərə kef vermək üçün yaranıblar.
Rahibələr özlərini elə aparırdılar ki, guya dərin fikrə gediblər və heç nə eşitmirlər. Gonbul susurdu.
Ona düz bir gün fikirləşməyə imkan verdilər. Amma indi ona əvvəlki kimi “madam” deyə yox, sadəcə, “madmazel” deyə müraciət edirdilər. Amma heç kəs nə üçün belə etdiklərinin səbəbini əməlli-başlı bilmirdi. Çox ehtimal ki, qızın yol yoldaşları arasında əldə etdiyi hörmətini bir qədər itirdiyini və peşəsinin biabırçı bir iş olduğunu onun nəzərinə çatdırmaq istəyirdilər.
Süfrəyə şorba verilən kimi cənab Folanvi göründü və əvvəlki sualını təkrar etdi:
– Prus zabiti soruşur ki, madmazel Elizabet Russe öz fikrini hələ dəyişməyib ki?
Gonbul qəti cavab verdi:
– Yox.
Nahar