Hekayələr. Ги де Мопассан

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Ги де Мопассан страница 11

Hekayələr - Ги де Мопассан Hekayə ustaları

Скачать книгу

Sən demə, o, çənədən yaman saz, amansız və fikrindən dönməz imiş. Danışılan hadisələr arasındakı incə, eyhamlı əlaqə onu narahat etmirdi. Onun iradəsi dəmir kimi idi. Əqidəsi möhkəm, vicdanı şübhədən uzaq idi. O, İbrahimin verdiyi qurbanı çox təbii hesab edirdi. Çünki hətta göylərdən əmr olsaydı, o öz əlləri ilə ata-anasını da öldürərdi. Onun fikrincə, xeyirxah bir niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb ola bilməz. Qrafinya gözlənilmədən onu müdafiə edən bu dini müttəfiqinin dediklərindən çox istifadə etmək məqsədilə rahibəni daha çox “Məqsəd vasitəyə bəraət qazandırır” kimi adi, əxlaqi aksiomdan ibrətamiz izahat və nəticə çıxartmağa doğru yönəldir və tez-tez belə suallar verirdi:

      – Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədilə işlənibsə, Allah onu bağışlayır, eləmi?

      – Buna heç şübhə eləmək olarmı, xanım? Əslində, məzəmmətə layiq olan bir sıra hərəkətlər xoş niyyətlə edildiyinə görə təriflənir.

      Onlar elə bu cür – Allahın iradəsini əvvəlcədən duymağa, onun verəcəyi qərarı qabaqcadan bilməyə və Allahın ona heç bir dəxli olmayan işlərə qarışacağını yəqin etməyə çalışa-çalışa söhbətlərinə davam etdilər.

      Bütün bunlar üstüörtülü şəkildə, ustalıqla, ədəb dairəsində edilirdi. Ancaq rahibə libaslı bu mömin qadının dediyi hər söz Gonbulun iradəsini sarsıdır, inadını sındırırdı. Sonra söhbətin mövzusu bir qədər dəyişdi, rahibə təsbehini asta-asta çevirərək mənsub olduğu ordenin monastırlarından, baş rahiblərindən, özündən, müqəddəs Nikifor cəmiyyətinin sevimli bacısı – rahibəsi olan yanındakı cavan rahibədən danışdı, onları Havra hərbi xəstəxanalarda yatan çiçək xəstəliyinə tutulmuş əsgərlərə yardım göstərməyə, qulluq etməyə çağırmışdılar. Rahibə xəstəlik haqqında dəqiq söhbət açıb bədbəxt əsgərlərdən danışırdı. Bir prus zabitinin şıltaqlığına görə onlar burada qalıblar. Amma vaxtında çatsaydılar, bəlkə də bu rahibələr neçə fransıza şəfa verər, onları ölümdən qurtarardılar. Hərbçiləri müalicə etmək onların sənəti idi. O, Krımda, İtaliyada, Avstriyada olmuşdu. O öz işlərindən danışa-danışa sübut edirdi ki, qoşun arxasınca gedən, qızğın döyüş zamanı yaralıları xilas edən, ipə-sapa yatmayan əsgərləri bircə sözlə, onların öz komandirlərindən də yaxşı sakitləşdirməyi bacaran cəsur, qorxmaz rahibələrdən biridir. Sübut edirdi ki, o, əsl şəfqət bacısıdır. Onun eybəcərləşmiş çopur-çopur sifəti elə bil müharibənin dəhşətlərinin nəticəsini sübut edən bir nümunə idi.

      Onun dedikləri elə bir təsir göstərmişdi ki, heç kəs dinib-danışmırdı.

      Yeməkdən sonra tələm-tələsik dağılışıb öz otaqlarına çəkildilər və ancaq ertəsi gün, gün xeyli qalxandan sonra bayıra çıxdılar.

      Səhər yeməyi çox sakit keçdi. Hamı dünən səpdikləri toxumun cücərməsini və meyvəsini gözləyirdi.

      Günorta qrafinya gəzməyə çıxmağı təklif eldi. Qraf, əvvəlcədən şərtləşdikləri kimi, Gonbulun qoluna girdi, camaatdan bir az aralayıb dala qaldı.

      O, yenilməz ləyaqətindən, yüksək ictimai vəziyyətindən tənəzzül edərək Gonbulla küçə qızları ilə söhbət edən, onlara “mənim əziz balam” deyən təmkinli kişilər kimi açıq, saymazyana, atasayağı söhbət edirdi. O, dərhal məsələnin mahiyyətini izah etdi:

      – Demək, siz, işdir-şayəd, prus ordusu məğlub olsa, özünüzü də, bizi də hər cür təhqirə, zorakılığa mütləq düçar etmək üçün burada saxlamaq niyyətindəsiniz? Siz bütün bunlara dözməyə hazırsınız? Ona görə ki yumşaqlıq, lütfkarlıq eləmək istəmirsiniz, eləmi? Halbuki ömrünüz boyu kişilərə yumşaqlıq eləmisiniz.

      Gonbul heç nə demədi.

      Qraf qıza öz dəlilləri, hissiyyatı və nəvazişi ilə təsir göstərirdi. O özünü həm qraf kimi aparmağı bacarır, həm də nəzakətli olmağı, füsunkarcasına təsir göstərməyi, şirin sözlər yağdırmağı bacarırdı. Qraf qızın edə biləcəyi yaxşılığı şişirdir, özlərinin minnətdarlığını əvvəlcədən bildirirdi.

      Qraf birdən qıza “sən” deyə müraciət etməyə başladı.

      – Bilirsənmi, əzizim, prus zabiti səninlə yaxınlıq etdikdən sonra ilk dəfə lovğalanacaq ki, ömründə belə bir qız görməyib. Onun vətənində belə qıza çox az təsadüf etmək olar.

      Gonbul heç nə demədi, dərhal sürətini artırıb qabaqda gedən yoldaşlarına çatdı.

      Geri qayıdan kimi o öz otağına çəkildi və bir daha gözə görünmədi. Hamı bərk narahat oldu. Görəsən, nə qərara gələcək?

      Əgər inadından dönməsə, evimiz yıxıldı.

      Nahar vaxtı çatdı, hamı intizarla qızı gözlədi. Nəhayət, cənab Folanvi gəldi və xəbər verdi ki, madmazel Russe özünü pis hiss edir, onu gözləməyib nahara başlamaq olar. Hamı ehtiyat eləməyə başladı. Axırda qraf mehmanxana sahibinə yaxınlaşdı və pıçıltı ilə soruşdu:

      – Razı oldu?

      – Hə.

      Nəzakət naminə yoldaşlarına heç nə demədi, yüngülcə başını tərpətməklə kifayətləndi. Dərhal nəfəslərini dərib yüngülləşdilər və sir-sifətləri açıldı.

      Luazo bağırdı:

      – Tra-lya-lya-lya! Əgər bu aşxanada şampan şərabı varsa, gətirin, pulunu özüm verəcəyəm.

      Mehmanxana sahibi əlində dörd şüşə şərab gələndə xanım Luazonun ürəyi sıxıldı. Amma başqalarının qaşqabağı açıldı, deyib-gülməyə, zarafata başladılar. Ürəklərində sevinc coşub-daşdı. Qraf sanki xanım Karre-Lamadonun qəşəng olduğunun fərqinə indicə vardı; fabrikant qrafinyaya qulluq etməyə başladı. Söhbət qızışdı, getdikcə daha canlı şəkil aldı, mənalı, yerinə düşən zarafatlar başlandı.

      Birdən Luazo sifətinə dəhşətli bir ifadə verdi, əllərini yuxarı qaldırıb fəryad etdi:

      – Sakit olun!

      Hamı qorxub təəccüb içində susdu. O isə əllərini oynadıb sakitliyə çağırdı, gözlərini tavana zillədi, yenidən qulaq asdı və sonra sakitcə dilləndi:

      – Rahat ola bilərsiniz, hər şey öz qaydasındadır.

      Heç kəs söhbətin nədən getdiyini üzə vurmaq istəmədi, amma dodaqlarda təbəssüm göründü.

      On beş dəqiqədən sonra Luazo həmin zarafatı yenidən təkrar etdi və bütün axşamı bu zarafata dönə-dönə qayıtdı. O guya üst mərtəbədə kiməsə müraciət edir, alverçilərin işlətdiyi sözlərdən, ikibaşlı,

Скачать книгу