Hekayələr. Ги де Мопассан
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Ги де Мопассан страница 8
– Niyə?
– Mən haradan bilim? Gedin özündən soruşun, icazə vermirlər, mən də atları qoşmuram, vəssalam!
– O bunu sənə özü dedi?
– Yox, cənab, əmri onun adından aşxana sahibi dedi.
– Nə vaxt?
– Dünən axşam, yatmazdan əvvəl.
Sərnişinlərin üçü də böyük həyəcanla geri qayıtdı.
Cənab Folanvini çağırmağı qərara aldılar, ancaq qulluqçu qız dedi ki, astması olduğundan o, yuxudan saat ondan tez durmur. Dönə-dönə tapşırıb ki, bircə yanğından başqa, qalan vaxtlarda onu tez oyatmasınlar.
İstədilər zabitlə görüşsünlər, amma o, burada, karvansarada yaşasa da, onunla görüşmək müşkül iş idi, çünki belə məsələlər barədə zabitlə danışmaq ixtiyarı yalnız cənab Folanviyə verilmişdi.
Gözləməyi qərara aldılar. Arvadlar öz otaqlarına çəkilib xırda-xuruş işlər görməyə başladılar.
Kornyude mətbəxdə, alovlanan ocağın yanında yerini rahatladı. O əmr etdi ki, yemək otağından bir stol və bir şüşə pivə gətirsinlər, dərhal da demokratlar arasında sahibi qədər hörmət qazanmış qəlyanını çıxartdı. Elə bil bu qəlyan sahibinə xidmət göstərəndə birbaş vətənin özünə də xidmət göstərirdi. Odadavamlı ağacdan qayrılmış bu qəlyan çoxdan çəkildiyindən sahibinin dişi kimi qaralmışdı, amma əyri müştüklü bu qəlyan indi parıldayırdı, ətrafa ətir saçırdı, sahibinin əlində yaraşıqlı görünürdü, qəlyan ona, o da qəlyana yaraşırdı və onu qəlyansız təsəvvür etmək çətin idi. Gözünü gah ocağın alovuna, gah da pivənin rənginə zilləyib dayanırdı. Hər dəfə pivədən bir qurtum içəndən sonra sümüyü çıxmış uzun barmaqlarını yağlanmış, pırpız saqqalının tükləri arasına salır və dili ilə bığına bulaşmış pivə köpüyünü yalayırdı.
Luazo ayaqlarının üyüşüyünü almaq bəhanəsi ilə karvansaradan çıxdı. Əslində, onun məqsədi yerli alverçilərlə görüşmək və onlarla sövdələşib çaxır satmaq idi. Qrafla fabrikant siyasətdən söhbət etməyə başladılar. Fransanın gələcək taleyi haqqında öz mülahizələrini söylədilər. Biri orleanlara ümid bəsləyirdi, o biri isə ən ağır dəqiqələrdə peyda olacaq xilaskara. Kim bilir, bəlkə, yeni bir dü Geklen, Janna d'Ark və ya I Napoleon meydana çıxacaqdı? Kaş imperatorun oğlu balaca olmayaydı. Kornyude onlara qulaq asaraq taleyin işini əvvəlcədən bilən bir adam kimi gülümsünürdü. Onun qəlyanının iyi mətbəxə dolmuşdu.
Saat onda cənab Folanvi gəldi. Onu dərhal sorğu-suala tutdular. O, eyni sözləri, bir kəlmə də dəyişmədən, bir neçə dəfə təkrar etdi:
– Zabit mənə belə dedi: “Cənab Folanvi, bu sərnişinləri aparan faytonçuya atları qoşmağa icazə verməyin. Mənim xüsusi sərəncamım olmadan onların getməsini istəmirəm”. Başa düşdünüz? Vəssalam.
İş belə olanda zabitin yanına getməyi qərarlaşdırdılar. Qraf ona vizit kağızını göndərdi, cənab Karre-Lamadon da həmin kağıza öz adını, soyadını və bütün rütbələrini yazdı. Prus zabiti cavab göndərdi ki, onları yalnız səhər yeməyindən sonra, yəni saat birdən sonra qəbul edə bilər.
Xanımlar da gəldilər. Qanları qara olsa da, sərnişinlər yüngülcə yemək yedilər. Gonbul, deyəsən, xəstələnmişdi və çox həyəcanlı idi.
Qəhvə içəndən sonra zabitin nökəri qrafla fabrikantın dalınca gəldi.
Luazo onlara qoşuldu və zabitin yanına gedən dəstənin daha əzəmətli görünməsi üçün Kornyudeni də özləri ilə aparmaq istədilər. Ancaq o, almanlarla heç bir danışığa girmək niyyətində olmadığını qürurla elan etdi və bir şüşə də pivə sifariş edib ocağın kənarında əyləşdi.
Üç kişi ikinci mərtəbəyə qalxdı. Zabit onları ən yaxşı otaqda, heç şübhəsiz, evini qoyub qaçmış və o qədər də incə zövqə malik olmayan bir burjua mənzilindən oğurladığı par-par parıldayan xalata bürünmüş halda, uzun saxsı qəlyanını tüstülədə-tüstülədə, ayağını buxarıya dirəyib kresloya yayxanmış vəziyyətdə qəbul etdi. O yerindən tərpənmədi, salamı almadı və heç onların üzünə də baxmadı. O öz hərəkətləri ilə qalib pruslara məxsus böyük bir ədəbsiz olduğunu nümayiş etdirirdi və nəhayət, dilləndi:
– Siz nə istəyirsiniz?
Qraf cavab verdi:
– Cənab, biz getmək istəyirik.
– Olmaz.
– Cəsarət edirəm, bunun səbəbini bilmək olar?
– Kefim belə istəyir.
– Cənab, cəsarət edirəm, ehtiramla nəzərinizə çatdırmaq istəyirəm ki, sizin komendant bizə Dyeppə qədər getməyə icazə vermişdir və biz, zənnimcə, sizi bu qədər qəzəbləndirən, belə bir ciddi qərar verməyinizə səbəb olan elə bir pis iş görməmişik.
– Kefim belə istəyir, vəssalam, gedə bilərsiniz.
Hər üçü baş əyib çıxdı.
Gün darıxdırıcı keçdi. Almanın şıltaqlığı anlaşılmaz idi. Hərənin ağlına bir fikir gəlirdi. Mətbəxdə oturub vəziyyətlərini hey müzakirə edir və arayıb cürbəcür səbəblər tapırdılar. Bəlkə, onları girov saxlamaq istəyirlər? Ancaq nəyə görə, nə səbəbə? Nə məqsədlə? Bəlkə, onları əsir eləmək istəyirlər? Bəlkə də, azad olmaq üçün onlardan çoxluca pul istəyəcəklər? Bu fikirdən dəhşətə gəldilər. Ən çox qorxanlar varlılar oldular. Onlar canlarını qurtarmaq üçün bu həyasız, kobud zabitə qızıl dolu kisələri necə verəcəklərini təsəvvürlərinə gətirdikcə halları xarab olurdu. Onlar varlı olduqlarını gizlətmək, kasıb, həm də lap kasıb adamlar olduqlarını sübut etmək üçün ağlabatan yalanlar uydurmağa çalışdılar. Luazo saatının zəncirini çıxardıb cibində gizlətdi. Hava qaraldıqca onların qorxusu daha da çoxalırdı. Çırağı yandırdılar. Nahar vaxtına hələ iki saat qaldığından xanım Luazo “otuz bir” oynamağı təklif etdi. Bu, bir az onların başını qata bilərdi. Hamı razı oldu. Hətta Kornyude də ədəb və nəzakət naminə qəlyanını söndürüb onlara qoşuldu.
Qraf kartları qarışdırıb payladı, Gonbul dərhal otuz bir xal yığdı. Oyuna başları qarışdı, qorxu yadlarından çıxdı. Ancaq Kornyude gördü ki, Luazo ilə arvadı bir-birinə qaş-göz eləyir və oyunda kələk işlədirlər.
Nahar eləməyə yığışanda cənab Folanvi yenidən göründü. Onun xırıltılı səsi eşidildi:
– Prus zabiti mənə dedi ki, öyrənim, madmazel Elizabet Russe hələ də öz fikrindən dönməyib?
Gonbul