Hekayələr. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Франц Кафка страница 10
Qreqora bir aydan da artıq əziyyət verən həmin o ağır yara (almanı çıxartmağa heç kəs ürək eləmirdi; o da əyani nişanə kimi eləcə onun kürəyində ilişib qalmışdı), deyəsən, hətta atasına da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmayaraq, Qreqor, hər necə olsa, bu ailənin üzvüdür və onunla düşmən kimi rəftar etmək olmaz, ən azı ailə şərəfi naminə ikrah hissini boğub dözmək, yalnız dözmək lazımdır.
Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirsə də və şikəst qocalar sayağı indi otağın bu başından o başına getmək – divarlara dırmaşmaqdan, ya tavanda sürünməkdən heç söhbət gedə bilməzdi – ona uzun, çox uzun dəqiqələr bahasına başa gəlsə də, əvəzində vəziyyətinin bu cür pisləşməsi müqabilində, onun fikrincə, əməlli-başlı mükafatlandırılmışdı; Axşamlar yan otağın qapısı daim açıq saxlanılırdı, o da qapının açılmasına düz iki saat qalmış durub gözləyirdi, öz otağının qonaq otağından görünməyən qaranlıq bir yerinə uzanıb gur işıqlı masa arxasında əyləşən doğmalarını seyr edir, əvvəlki vaxtlardan fərqli olaraq, necə deyərlər, ümumi razılıq əsasında onların söhbətinə qulaq asa bilirdi.
Əlbəttə, bu, Qreqorun qabaqlar yorğun-arğın halda darısqal mehmanxana otaqlarının nəm-nimdaş yatağına uzanıb haqqında düşündüyü qızğın söhbətlərdən deyildi. Evdə çox vaxt əsl sakitlik hökm sürürdü. Şam yeməyindən az sonra atası öz kreslosunda yuxuya gedir, o birilər də çalışırdı bu sükutu pozmasın. İkiqat bükülüb işığa doğru əyilən anası hazır geyim mağazası üçün alt paltarı tikirdi, mağazaya satıcı vəzifəsinə düzələn bacısı isə nə vaxtsa daha yaxşı iş tapacağı ümidiylə axşamlar stenoqrafiya və fransız dili öyrənməklə məşğul olurdu. Yuxulamasından xəbər tutmayan kişi hərdən gözünü açıb arvadına: “Sən bu gün yenə nə çox tikirsən”, – deyib dərhal da təzədən yuxuya gedir, ana ilə bacı da bir-birinə baxıb yorğun-yorğun gülümsəyirdilər.
Kişi höcətliyinə salıb iş formasını evdə də əynindən çıxartmırdı; xalat asqıdan boşuna asılıb qalsa da, o, iş paltarında oturub mürgü döyür, qulluğa tam hazır vəziyyətdə, sanki hər an öz rəisinin çağırışını gözləyirdi. Bu səbəbdən onsuz da nimdaş olan forma, arvadı və qızının səylərinə baxmayaraq, şux görkəmini tamam itirmişdi. Üstündəki ləkələrdən rəngi seçilməyən, yalnız düymələri daim parıldayan və qocanın narahat da olsa, sakit yatdığı bu paltara Qreqor bəzən bütün axşam ərzində tamaşa edirdi.
Saat onu vuranda arvad kişini ehmalca yuxudan oyatmağa və yataqda uzanması üçün dilə tutmağa çalışırdı, çünki o, səhər saat altıda işə gedirdi, rahat yuxuya ehtiyacı vardı, bu yuxu isə kresloda mümkün deyildi. Ayaqçılığa başlayan gündən tutulmuş olduğu höcətlik mərəzi ucbatından o, adətən, mürgü döyə-döyə oturduğu masanın arxasından heç vaxt özxoşuna qalxmır, onu yalnız çətinliklə yola gətirib yatağa aparandan sonra təzədən yuxuya gedirdi. Arvadı ilə qızı nə qədər çənə döysələr də, azından on beş dəqiqə ərzində o, gözlərini açmadan elə oturduğu yerdəcə ağır-ağır başını bulayırdı, qolundan yapışıb ehmalca darta-darta qulağına nəvazişli sözlər pıçıldayan anasına kömək etmək üçün Qreta da öz işindən ayrılmalı olur, amma bu da kresloda yerini rahatlayan qocaya təsir etmirdi. Yalnız qadınlar qoltuğuna girib onu ayağa qaldırandan sonra o, gözlərini açıb növbə ilə gah qızına, gah da arvadına baxır, acı-acı gileylənirdi: “Budur mənim həyatım. Budur mənim qoca vaxtımda rahatlığım”. Vücuduna gücü çatmırmış kimi qadınlara dayaqlanıb onların köməyi ilə ağır-ağır ayağa qalxır, qapıya çatanacan bu cür gedib qapıya çatanda başı ilə işarə edirdi ki, bəs qadınlar daha geri qayıtsınlar, sonra da özü təkbaşına getməyə üz qoyurdu, amma yenə də arvad öz tikişini, Qreta da qələmini bir kənara qoyub atasının köməyinə tələsir, onu ehmalca yatağa uzadırdılar.
İş-gücün yorub taqətdən saldığı bu üzgün ailədə kimin macalı vardı ki, Qreqora gərək olduğundan artıq vaxt ayırsın? Məsrəfləri getdikcə azaltmalı olurdular, axırda qulluqçunu da işdən çıxartdılar, indi yalnız səhərlər və axşamüstü evin ən ağır işlərini görməyə ağ, pırpızsaçlı, yekəpər bir arvad gəlirdi. Özünün ağır tikiş işiylə bahəm yerdə qalan bütün işləri ana görürdü. Ailə hətta ana ilə bacının qabaqlar şənliklərə, təntənəli mərasimlərə böyük həvəslə taxdıqları qiymətli daş-qaşı da satmağa məcbur olmuşdu. Qreqor bunu həmin əşyaların neçəyə satılması barədə axşamlar aparılan söhbətlərdən bilirdi. Ən çox ona təəssüflənirdilər ki, indiki durumlarına görə xeyli böyük olan bu mənzili buraxıb getmək mümkün deyildi, çünki Qreqoru necə aparmaq məsələsi hələ həll olunmamışdı. Amma Qreqor yaxşı başa düşürdü ki, ayrı mənzilə köçməyə mane olan şey təkcə onun mövcudluğuyla bağlı deyil, onu nəfəslik qoyulmuş hər hansı qutuda asanlıqla aparmaq olardı. Mənzili dəyişməməyin başlıca səbəbi tam ümidsizliklə – onlara heç bir qohum-tanışın başına gəlməyən bir müsibətin üz verməsiylə əlaqədar idi. Ailə dünyanın yoxsul bəndələrdən tələb etdiyi hər şeyi edirdi: ata kiçik bank xidmətçilərinə səhər yeməyi daşımaqla, ana özgələrə alt paltarı tikməklə özünü üzür, piştaxta dalında dayanan bacı isə alıcıların hər cür şıltaqlığına dözməli olurdu – daha bundan artığına gücləri çatmırdı.
Kişini yatırandan sonra yenidən qonaq otağına qayıdan qadınlar işə başlamazdan öncə yan-yana oturub üzlərini bir-birinə söykəyəndə Qreqorun belindəki ağrı hər dəfə təzədən şiddətlənirdi; anası onun otağına işarə edib: “Ört o qapını, Qreta”, – deyirdi və Qreqor yenə qaranlıqda qalırdı. Qadınlar isə divarın o üzündə səssizcə ağlayır, ya da gözlərini bir nöqtəyə zilləyib dinməzcə otururdular.
Qreqor gecəni də, gündüzü də, demək olar ki, tam yuxusuz keçirir, hərdən ümidlə düşünürdü ki, bax elə indicə qapılar taybatay açılacaq və o, əvvəlki əyyamlarda olduğu kimi yenidən ailənin bütün qayğılarını öz əlinə alacaq. Uzun fasilədən sonra yenə onun xəyalında sahibkar və müdir, tanış kommivoyajerlər və şagird-uşaqlar, səfeh dalandar və başqa firmadan olan iki-üç dostu, bir əyalət mehmanxanasının qulluqçusu və ciddi niyyətlə xeyli müddət nazını çəkdiyi şlyapa mağazasının kassiri – şirin və ötəri xatirələr – canlandı. Yaddaşında bir-birinin ardınca peyda olan bu yad və unudulmuş adamlar ona və ailəsinə kömək etmək əvəzinə, nədənsə hamısı bir nəfər kimi çox ötkəm görünürdülər