Hekayələr. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Франц Кафка страница 8
Qreqorun özü üçün yeni əyləncə tapdığını bacısı onun süründüyü yerlərdə qalan yapışqanlı izlərdən dərhal sezdi və tez də qərara gəldi ki, bundan ötrü ona daha çox yer ayırsın, Qreqorun sürünməsinə mane olan mebeli, ilk növbədə, sandığı və yazı masasını otaqdan çıxartsın. Amma bu, tək adamın bacaracağı bir iş deyildi. Atanı köməyə çağırmağa ürək eləmədi, qulluqçudan nəsə ummaq da faydasız idi. Köhnə qulluqçudan sonra onun yerinə gələn on altı yaşlı qızcığaz işdən boyun qaçırtmasa da, mətbəxin qapısını bağlı saxlamağa, onu yalnız xüsusi çağırışla açmağa icazə istəmişdi. Ona görə ata evdə olmadığı vaxt ananı bura gətirməkdən başqa çarə yox idi. Ana Qreqorun yanına ürəyi həyəcan və sevincdən atlana-atlana yollandı, amma qapıya çatanda sustalıb qaldı. Qreta, əlbəttə ki, əvvəl otağın qaydada olub-olmadığını yoxlayıb anasını yalnız bundan sonra içəri buraxdı. Qreqor mələfəni olmazın bir tələskənliklə xışmalayıb əzişdirdi və onu bir az da başına çəkdi. Kənardan elə görünürdü ki, guya mələfə divanın üstünə sırf təsadüfən atılıb. Bu dəfə mələfənin altından başını çıxarıb oğrunca baxmadı, anasını görmək imkanından budəfəlik imtina etsə də, onun, nəhayət ki, gəlib çıxmasına ürəkdən sevindi.
– Gəl, o görsənmir, – deyə Qreta anasının əlindən yapışıb onu içəri apardı.
Qreqor bu zəif və çəlimsiz qadınların köhnə, ağır sandığı yerindən tərpətməyə necə cidd-cəhdlə çalışdıqlarını eşidirdi. Qız onun gücə düşəcəyindən ehtiyatlanan anasının məsləhətlərini bir ucdan qulaqardına vurub işin ən ağırından yapışırdı. İş isə çox uzun çəkdi. Təxminən on beş dəqiqə əlləşdikdən sonra ana bildirdi ki, yaxşısı budur, qoy sandıq elə öz əvvəlki yerində dursun, çünki bir yandan o çox ağırdır və ata gəlib çıxmayınca ikilikdə bu işin öhdəsindən gələ bilməzlər. Həm də sandıq otağın ortasında qalsa, Qreqorun yolu kəsilmiş olacaq. Digər tərəfdən hələ bilmək olmazdı ki, mebelin çıxarılması Qreqora xoş gələcəkdi, ya yox. Ananın fikrincə, xoş gəlməyəcəkdi, çünki əgər bu quru divarlar özünün ürəyini sıxırsa, necə ola bilərdi ki, Qreqoru dilxor etməsin? Axı hər necə olsa, Qreqor bu mebelə alışıb… Mebelsiz boş otaqda isə özünü büsbütün atılmış və unudulmuş sana bilərdi.
Ana xeyli astadan, az qala pıçıltıyla danışırdı, sanki heç vəchlə istəmirdi ki, yerini bilmədiyi Qreqor onun səsini eşitsin. Oğlunun söz anlamadığına isə ananın heç bir şübhəsi yox idi. Axırda fikrini bu cür tamamladı:
– Bəyəm biz mebeli yığışdırmaqla vəziyyətin yaxşılaşacağına olan ümidimizi itirdiyimizi, onu qəddarcasına öz ixtiyarına buraxdığımızı, ondan əlimizi üzdüyümüzü göstərmirikmi? Mən biləni, çalışmaq lazımdır ki, otaq elə olduğu kimi qalsın, Qreqor öz əvvəlki halına qayıdarkən içəridə heç bir dəyişiklik görməsin, olub-keçəni də tez unutsun.
Bu sözləri eşidən Qreqor düşündü ki, görünür, yeknəsəq həyat tərzi keçirdiyi ailə daxilində adamlarla bilavasitə ünsiyyəti olmadığından bu iki ayda ağlı xeyli dumanlanıb, çünki içində qəfil peyda olan boş otağa qapılıb qalma ehtiyacının nə səbəbdən əmələ gəlməsinə başqa izah tapa bilmirdi. Yəni o, doğrudanmı, dədə-babadan qalma mebellərlə bəzədilmiş öz isti və rahat otağını mağaraya döndərmək istəyirdi? Boş otaqda heç bir əngəl olmadan dörd bir yana sürünmək imkanı qazansa da, axı bunun müqabilində o öz insani keçmişini büsbütün unutmalı olacaqdı…
Əslində, elə indi də bu vəziyyətə yaxın idi, yalnız anasının çoxdan eşitmədiyi səsi sanki onu azacıq tərpədib oyatmışdı. Yox, otaqdan heç nəyi çıxartmaq lazım deyil, hər şey öz yerində qalmalıdır; onun hazırkı vəziyyəti üçün zəruri olan mebelin xoş təsirinə də ehtiyac vardı, lap əgər oyan-buyana mənasızcasına sürünməsinə mane olurdusa da, yenə bu mebel onun zərərinə yox, xeyrinə idi.
Lakin çox heyif ki, Qreqora aid məsələlər müzakirə edilərkən bir mütəxəssis kimi valideynlərinin ziddinə getməyə alışmış bacısı – bu da əsassız deyildi – ayrı fikirdə idi və indi də anasının məsləhətini əldə bəhanə edib onsuz keçinilməsi mümkün olmayan divandan başqa yerdə qalan bütün mebelin çıxarılmasında israr etdi. Əlbəttə, bu tələb bacısının təkcə uşaq inadından, yaxud onun son vaxtlar belə qəfildən və çətinliklər bahasına əldə etdiyi özünəinamdan doğmamışdı. Yox, qız, həqiqətən, görürdü ki, hərəkət üçün Qreqora daha çox yer lazımdır, mebeldən isə Qreqor onsuz da istifadə etmirdi. Lakin bəlkə də, bacısında yaşıdı olan qızlara xas bir xəyal çılğınlığı yaranmışdı, elə bir xəyal ki meydana çıxmağa, özünü göstərməyə həmişə bir fürsət gəzir və indi də Qreqora bu vaxtacan olduğundan daha artıq xidmət göstərmək üçün gerçək durumu daha qorxunc, daha vahiməli etməyə qızı, sadəcə, sövq edirdi. Çətin ki təkcə Qreqordan və quru divarlardan ibarət olacaq mənzilin kandarından içəri adlamağa Qretadan başqa bir kimsə cəsarət edəydi.
Elə bu səbəbdən bacısı anasının sözünü qəribçiliyə saldı, bu otağa girəndən nəsə tərəddüd və həyəcan keçirən ana da tezliklə ağzını yummalı oldu və sandığı çölə dartan qızına imkanı daxilində kömək etməyə girişdi. Bəd ayaqda Qreqor sandıqsız, bəlkə də, keçinə bilərdi, amma yazı masası hökmən qalmalıydı. Odur ki anası ilə bacısı ləhləyə-ləhləyə sürüdükləri sandıqla birgə otağı tərk edən kimi o çox ehmallıca və bu işə mümkün qədər nəzakətlə müdaxilə etmək niyyəti ilə başını divanın altından çıxartdı. Di gəl ki, tərslikdən otağa birinci anası qayıtdı. Qonşu otaqda tək qalan Qreta hər iki əliylə sandıqdan bərk-bərk yapışıb ha əlləşsə də, onu yerindən tərpədə bilmirdi. Anası isə Qreqorun görkəminə alışmamışdı, onu görəndə hətta diksinib xəstələnə bilərdi. Bunu dərk edən Qreqor təlaş içində divanın o biri başında gizləndi və bu vaxt ön tərəfdən sallanan mələfə yüngülcə tərpəndi. Amma anasının diqqətini cəlb etmək üçün elə bu da tam yetərliydi. Qadın ayaq saxladı, bir az gözləyib sonra Qretanın yanına qayıtdı.
Qreqor özünü zorla inandırmağa çalışırdı ki, bəs məxsusi bir hadisə-filan baş vermir, sadəcə, otaqda hansısa mebelin yerini dəyişirlər, di gəl, pıçapıçla danışan qadınların var-gəli, döşəmə uzunu sürünən əşyaların cırıltısı – bütün bunlar hər şeyə hakim kəsilən, hər şeyi caynağına keçirən sonsuz mərəkə kimi görünürdü və o da başını sinəsinə, ayaqlarını gövdəsinə qısıb, gövdəsini də döşəməyə bərk-bərk sıxmış halda öz aləmində