Hekayələr. Франц Кафка

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Франц Кафка страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Франц Кафка Hekayə ustaları

Скачать книгу

töküldü. Elə bu vaxt qonşu otaqdan müdirin səsi gəldi:

      – Bir qulaq asın, deyəsən, o, açarı hərlədir.

      Qreqor xeyli ürəkləndi, amma yaxşı olardı ki, hamısı bir ağızdan onu səsləyib çığıraydı: “Güc ver, Qreqor! Hə, güc ver, bərkdən bur açarı!”

      Təsəvvür edəndə ki, onun səyinə hamı eyni gərginliklə diqqət edir, Qreqor var gücünü əsirgəmədən açardan tutdu, açar burulduqca qapının yanında gah bu, gah da o biri ayağına meyilləndi, dik durub ağzının köməyi ilə gah açardan sallanır, gah da gövdəsinin bütün ağırlığını onun üstünə salırdı. Axırda kilidin şaqqıltısı onu sanki yuxudan oyatdı, nəfəsini dərib: “Hər halda, çilingərsiz keçinə bildim”, – dedi və qapını açmaq üçün başını onun dəstəyinə qoydu.

      Bu üsulla açıldığından qapı xeyli aralananda da Qreqor özü görünmədi. O, əvvəl qapının bir tayından keçməli idi, özü də elə ehmal keçməliydi ki, otağın girişində arxası üstə çevrilməsin. Qreqor bu qəliz işlə məşğul ikən və artıq heç nəyə əhəmiyyət verməyib tələsdiyi vaxt birdən müdirin bərkdən “oh!” dediyini eşitdi, – bu səs ona küləyin uğultusu kimi gəldi, – ardınca Qreqor müdirin özünü gördü, qapıya hamıdan yaxın durmuş kişi heyrətdən açılmış ağzını əliylə qapayıb yavaş-yavaş geri çəkildi, sanki hansısa gözəgörünməz bir qüvvə onu qovurdu. Saçları hələ axşamdan pırtlaşıq qalmış ana – baxmayaraq ki müdir burdaydı – əllərini sıxıb əvvəl ataya baxdı, sonra tumanı yellənə-yellənə Qreqora tərəf iki addım atıb yerə çökdü; başı köksünə endiyindən qadının sifəti görünmürdü. Ata isə yumruqlarını hədələyici bir tərzdə düyünləyib, deyəsən, əvvəlcə Qreqoru içəri itələmək istədi, sonra tərəddüd içində qonaq otağına baxdı, əllərini gözünə sıxıb bərkdən hönkürdü, geniş köksü bir neçə dəfə qalxıb-endi.

      Qreqor heç də qonaq otağına keçmədi, eləcə qapının tayına söykənib durdu. Bu səbəbdən təkcə gövdəsinin yarısı və otağa tərəf əyilmiş başı görsənirdi. Bu müddətdə hava da xeyli işıqlaşmışdı. Küçənin əks tərəfindəki pəncərələri fasada açılan bozumtul xəstəxana binasının bir hissəsi aydın seçilirdi. Yağış hələ də yağmağında idi, amma indi damcılar sanki iriləşib bir-birindən seçilir və yerə də hərəsi ayrılıqda, tək-tək düşürdü. Masa üzərində səhər yeməyinə aid bir xeyli qab-qacaq vardı, səhər yeməyinə xüsusi önəm verən atası üçün bu, günün ən vacib yeməyi sayılırdı. O, qəzet oxuya-oxuya keçirdiyi həmin vaxtı saatlarla uzatmağa vərdiş etmişdi. Üzbəüz divardan Qreqorun hərbi xidmət illərindən qalma fotoşəkli asılmışdı. Əlini qılıncın qəbzəsinə qoyub qayğısızcasına gülümsəyən leytenantın şax duruşu da, mundiri də kənardan hörmət və ehtiram təlqin edirdi. Dəhlizin qapısı açıq idi, giriş qapısı da aralı qaldığından pilləkənin üstü və aşağı aparan bir-iki üst pillə görünürdü.

      – Hə, – deyə sakitliyini hamıdan yaxşı təkcə elə özünün qoruduğunu görən Qreqor tam əminliklə dilləndi, – mən bu saat geyinirəm, nümunələri də toplayıb yola düşürəm. Yaxşı, bəs siz mənim yola düşməyimi, səfərə çıxmağımı istəyirsiniz? İstəyirsinizmi gedim? Hə, cənab müdir, görürsünüz də, mən heç də höcət deyiləm, çox ürəklə işləyirəm, səfərlər yorucu da olsa, mən qətiyyən səfərsiz dura bilmirəm. Siz hara gedirsiniz, cənab müdir, kontoramı? Gedib hər şey barəsində xozeyinə məlumat verəcəksiniz, eləmi? Adam bəzən işləmək gücündə olmur, onda keçmiş uğurlar barədə xəyallara dalmağın əsl məqamı yetişir, xatırlaya-xatırlaya ümid edir ki, gələcəkdə daha səylə işləyəcək, bütün qüsurları aradan qaldıracaq. Xozeyinə mənim necə minnətdar olduğumu siz çox yaxşı bilirsiniz. Digər tərəfdən valideynlərimin və bacımın qayğısı mənim üstümdədir. İndi mənə müsibət üz verib, amma bundan xilas olacağam. Sizsə, cənab müdir, onsuz da çətin olan vəziyyətimi korlamayın, firmada mənim tərəfimi saxlayın! Bilirəm, kommivoyajerləri çox da xoşlamırlar, hamı belə düşünür ki, guya biz kalan pul qazanıb eyş-işrət içində yaşayırıq, heç kəs də beyinlərə yerimiş bu yanlış təsəvvürü dəyişmək barədə düşünmür. Lakin siz, cənab müdir, işin nə yerdə olduğunu başqalarından daha yaxşı bilirsiniz, öz aramızdır, hətta xozeyinin özündən də yaxşı bilirsiniz. O, bir sahibkar kimi gözünü yumub hər hansı qulluqçusunun zərərinə rahatca səhv edə bilər, məsələnin kökünə getmədən yanlış qərar çıxara bilər. Həmçinin siz çox gözəl bilirsiniz ki, il uzunu firmadan kənarda qalan biçarə kommivoyajer asanlıqla cürbəcür dedi-qoduların, təsadüflərin, əsassız ittihamların qurbanına çevrilir, özü də bu şeylərdən əsla qorunmaq iqtidarında deyil, çünki heç onların çoxundan xəbər də tutmur; yorğun-üzgün halda səfərdən qayıdanda bütün bu qarayaxmaların yalnız acısını dadmalı olur. Cənab müdir, mənim haqlı olduğumu bir quru sözlə də olsa, etiraf etmədən getməyin!

      Qreqor ağzını açan kimi müdir üzünü döndərmişdi, qaşqabağını töküb ona çiyni üstündən qanrılıb baxır, çiyni də tez-tez atılıb-düşürdü, danışan vaxtda isə bir an belə yerində dinc durmur, gözünü Qreqordan çəkmədən elə hey aralanır, ağır-ağır qapıya tərəf çəkilirdi, sanki hansısa gizli qüvvə onu buranı tərk etməyə qoymurdu. Artıq o, dəhlizdə idi, qonaq otağından qəfil bayıra atdığı son addımı görən hər kəs elə düşünərdi ki, dabanına köz basıblar. Dəhlizdə sağ əlini pilləkənə doğru elə uzatdı ki, deyərdin bəs orada xariqüladə bir səadət qanadlarını açıb onu gözləyir.

      Qreqor anlayırdı ki, firmadakı işini zərbə altında qoymaq istəmirsə, müdiri qətiyyən bu ovqatda buraxmamalıdır. Bütün bu mətləbləri valideynləri onun qədər aydın dərk etmirdilər, illər ötdükcə onlar belə düşünməyə alışmışdılar ki, bəs Qreqor işlədiyi firmaya ömürlük düzəlib, hazırda başlarının üstünü kəsdirən qayğılar isə onları bəsirətdən büsbütün məhrum etmişdi. O ki qaldı Qreqorun özünə, əksinə, Qreqor bu bəsirətə malik idi və indi gərəkdir ki, müdiri nə yollasa ləngitsin, sakitləşdirsin, dilə tutsun, inandırsın, axır nəhayətdə öz tərəfinə çəksin – axı özünün və ailəsinin gələcəyi ondan asılı idi!

      Ah, kaş ki bacısı getməsəydi! Bacısı ağıllıdır, Qreqor hələ arxası üstə rahatca uzananda Qreta artıq onun üçün ağlayırdı. Əlbəttə, qadın düşkünü olan müdir onu eşidərdi, bacısı giriş qapısını bağlayıb şirin diliylə müdirin tərəddüdlərini dağıdardı. Ancaq bacısı çıxıb getmişdi və indi Qreqor özü işə girişməliydi. O öz hərəkət imkanlarını zərrəcə düşünmədən, danışığının, bəlkə, yenə də anlaşılmaz olacağını nəzərə almadan qapının bu tayını buraxıb o üzə keçdi. Pilləkəndə durub hər iki əliylə gülməli bir vəziyyətdə sürahidən yapışmış müdirə tərəf yerimək istəsə də, bacarmadı, söykənəcək axtara-axtara boğuq bir zarıltı ilə pəncələri üstə düşdü, düşən kimi də bütün bədəni sustaldı və o bu səhər ərzində ilk dəfə rahatlandı.

      Düşdüyü yer bərk olsa da, qorxuqarışıq bir sevinclə hiss edəndə ki pəncələri əməlli-başlı

Скачать книгу