Hekayələr. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Франц Кафка страница 5
Qreqor müdirin dalınca qaçmaq, daha doğrusu, onu haqlamaq fikrinə düşdü, müdirsə, görünür, bu niyyəti anlamışdı, ona görə üç-dörd pilləni birdən sıçrayıb gözdən itdi. Ondan yalnız bircə səs çıxdı: “Tfu!” – və bu səs bütün pilləkənə yayıldı.
Əfsuslar olsun ki, müdirin sivişib aradan çıxması bayaqdan bəri başqalarına nisbətən daha möhkəm dayanmış atasının əhvalını pozdu və kişini əməlli-başlı hövsələdən çıxartdı. İşə bax ki, müdirin dalınca qaçıb onu saxlamaq, ya da, heç olmasa, Qreqorun ona çatmasına mane olmamaq əvəzinə atası qonağın palto və şlyapa ilə birlikdə qoyub getdiyi çəliyi sağ əlinə, masa üzərindən götürdüyü qəzeti də sol əlinə alıb təpiklərini hirslə yerə döyməyə, qəzetlə çəliyi yellədə-yellədə Qreqoru öz otağına qovmağa başladı. Qreqorun heç bir xahişi kara gəlmədi, həm də atası bu xahişləri anlamaq, başa düşmək halında deyildi, Qreqor başını nə qədər itaətkarlıqla tərpədirdisə, atası ayağını döşəməyə bir o qədər bərk döyürdü. Anası isə havanın nəmişliyinə baxmayaraq, gedib pəncərəni taybatay açdı, başını çölə çıxarıb əlləriylə üzünü örtdü. Pəncərə pilləkənin üstündən yel çəkirdi, pərdələr yellənir, masa üzərindəki qəzetlərin xışıltısı eşidilirdi. Bir neçə vərəq döşəməyə səpələnmişdi.
Ata heyvan kimi fısıldaya-fısıldaya onun üstünə hücum çəkir, Qreqor daldalı getməyə vərdiş etmədiyindən ləng tərpənirdi, hərçənd dönsəydi, dərhal öz otağına düşəcəkdi, intəhası gec fırlanıb atasını təbdən çıxaracağından qorxurdu, kişinin əlindəki çəlik hər an kürəyinə, ya başına ölümcül zərbə endirə bilərdi. Nəhayət, deyəsən, Qreqora ayrı heç bir çıxış yolu qalmadı, çünki o, dəhşət içərisində baxdı ki, daldalı sürünməklə hətta hər hansı istiqamət götürmək iqtidarında da deyil. Buna görə bir gözü atasında, mümkün qədər sürətlə, əslində, çox ağır-ağır dönməyə başladı. Görünür, atası bu nəcib niyyəti dərk etdi: nəinki dönməsinə mane olmadı, hətta çəliyin ucuyla uzaqdan onun hərəkətlərini yönləndirməyə başladı.
Kaş kişinin bu dözülməz fısıltısı olmayaydı! Fısıltının ucbatından Qreqor başını lap itirmişdi, elə dönüb qurtarırdı ki, fısıltıya qulaq verdiyindən yanılıb bir az arxaya buruldu. Nəhayət, başını sağ-salamat halda açıq qapıya doğru tuşlaya bildi, amma bu vaxt məlum oldu ki, gövdəsi çox enlidir, qapıdan rahat keçməyəcək. Atasının belə vəziyyətdə ağlına da gəlmədi ki, qapının ikinci tayını açıb ona yol versin, onun tək bircə niyyəti vardı – Qreqoru mümkün qədər tez içəri təpsin. O heç bir əsaslı hazırlığa dözəcək halda deyildi, bu hazırlıq isə Qreqora lazım idi ki, dik vəziyyət alıb, bəlkə, bu halda qapıdan keçə bilsin. Guya heç bir əngəl-filan yoxmuş kimi, indi atası onu xüsusi hay-küylə içəri qovurdu; arxadan eşidilən səslər də təkcə ataya məxsus deyildi; məsələ, həqiqətən, çox ciddiləşmişdi, odur ki Qreqor da – nə olacaqsa, qoy olsun! – deyib var gücüylə özünü qapıya dürtdü. Bədəninin bir tərəfi köpmüş halda qapının ağzında eləcə sərələnib qaldı, bir böyrü əməlli-başlı yaralanıb ağ boyalı qapıya iyrənc ləkə saldı. Gövdəsi qapıya pərçimləndiyindən daha irəli-geri tərpənə bilmədi; bir böyründəki ayaqları əsə-əsə sallanır, o biri böyründəkilər isə altında qaldığından bərk ağrıyırdı. Bu vaxt atasının daldan zərblə ilişdirdiyi, əslində, xilasedici rol oynayan təpiyindən sonra Qreqor büsbütün qan içində, nəhayət ki, öz otağına düşdü. Qapını çöl tərəfdən çəliklə itələyib örtdülər və içəri çoxdan arzu edilən bir sakitlik çökdü.
Qreqor bayğınlığa bənzər ağır yuxudan bir də şər qarışan vaxt ayıldı. Əgər onu narahat etməsəydilər də, özü bir azdan oyanacaqdı, çünki dincini bəs deyincə almışdı və indi özünü yuxudan doymuş kimi hiss edirdi, bununla belə, ona elə gəldi ki, dəhlizə açılan qapının ehmalca örtülməsi və kiminsə ürkək addımları onu yuxudan oyadıb. Küçədəki elektrik fənərlərinin işığı tavana, mebelin yuxarı hissəsinə düşmüşdü, onun sərilib qaldığı yer isə qaranlıq idi.
Evdə nələrin baş verdiyini öyrənmək üçün qədrini indi-indi bilməyə başladığı qarmaqlarının köməyi ilə qapı tərəfə süründü. Çapılmış sol böyrü bərk göynəyir, hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər bərk yaraladığı qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – indi döşəmədə güclə sürünürdü. O yalnız qapıya çatanda bura niyə tələsdiyini başa düşdü, nəsə dadlı bir qoxu gəlirdi, şirin südlə dolu bir kasa qoyulmuş, içinə də ağ çörək doğranmışdı. Sevincdən az qala qəşş edəcəkdi, çünki yeməyi səhərkindən daha betər istəyirdi. Başını acgözlüklə qabın içinə soxdu, amma tez də dilxorcasına geri çəkdi, sol böyrü zədəli olduğundan yemək arxasında oturmaq çətin iş idi, yalnız ağzını geniş açıb bütün gövdəsini işə salmaqla rahat yeyə bilərdi. Lakin onun bərk xoşladığı, elə bacısının da, yəqin, bu səbəbdən gətirdiyi süd birdən-birə ona çox dadsız gəldi, kasadan ikrahla üz döndərib geriyə, otağın ortasına tərəf süründü.
Qonaq otağında işığın yandırıldığını o, qapının çatından gördü. Adətən, bu vaxtlar atası axşam qəzetlərini anasına, hərdən də bacısına ucadan oxuyardı, ancaq indi heç bir səs-səmir gəlmirdi. Bacısının daim ona nəql etdiyi, yaxud məktublarında yazdığı bu qiraət, deyəsən, son vaxtlar gündəlik məişətdən çıxmışdı. Evdə, heç şübhəsiz, adam vardı, intəhası hər tərəf başdan-başa sakitlik içində idi.
“Ailəmiz gör necə də sakit həyat sürür”, – öz-özünə pıçıldadı. Gözünü qaranlığa dikib doğmaları üçün belə gözəl mənzil, firavan həyat bəxş etdiyinə görə daxilən şadlanıb qürrələndi. Bəs əgər indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa, onda necə? Belə bəd fikirlərə qapılmasın deyə əzələlərini övkələyib yumşaltmaq və otaq boyunca aşağı-yuxarı sürünmək qərarına gəldi.
Bütün bu uzun axşam ərzində yalnız bircə dəfə yan qapı bir balaca aralandı və dərhal da örtüldü. Sonra başqa bir qapı cırıldadı – görünür, hər kimdisə içəri girmək istəyir, amma ürək eləmirdi. Qreqor tərəddüd keçirən bu adamı birtəhər saxlamaq, heç olmasa, onun kimliyini müəyyənləşdirmək üçün düz qonaq otağının qapısınacan süründü, lakin qapı açılmadı və Qreqorun buna sərf etdiyi vaxt da hədər getdi. Səhər qapı bağlı olarkən hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində, yəqin, açılmışdı, ancaq onun yanına gələn yox idi, elə açarlar da bayır tərəfdən qapının üstündə asılıb qalmışdı.
Qonaq otağının işığı gecədən xeyli ötmüş söndürüldü; heç demə, ata-anası və bacısı bu vaxtacan oyaqmış, çünki indi pəncəsi üstə hərənin öz çarpayısına tərəf getməsi aydınca eşidildi. Daha səhərəcən yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yenidən qurmaq