Hekayələr. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Франц Кафка страница 7
Dikələrək qapıya söykənib söhbətlərə qulaq asdığı zaman beynində indi tamamilə faydasız olan bu cür fikirlər dolaşırdı. Bir də gördün yorulub dinləməkdən əl çəkirdi, başı qəfil sallanıb qapıya toxunurdu, amma tez də dikəlirdi, çünki onun yüngül bir şıqqıltısı da qapının o tayında dərhal eşidilir və hamını susmağa məcbur edirdi. Gözünü qapıya dikib diqqətlə marıtlayan atası qısa sükutdan sonra: “Yenə orda nə oyun çıxarır?” – deyirdi. Söhbətin ardı isə yalnız bundan sonra astadan davam etdirilirdi.
Beləliklə, Qreqor tədricən (çünki anası hər şeyi ilk dəfədən başa düşmədiyi üçün atası öz izahatlarını təkrarlamalı olurdu) tam təfərrüatı ilə öyrəndi ki, bütün bu müsibətlərə baxmayaraq, hər necə olsa, köhnə əyyamlardan ailə büdcəsində kiçik bir sərmayə saxlanılıbmış və faizinə toxunulmadığından bu illər ərzində hətta bir az artıb da. Bundan başqa, məlum oldu ki, Qreqorun hər ay evə gətirdiyi pul da – o özünə vur-tut bir neçə qulden4 pul saxlayırdı – tam xərclənməyibmiş və onun qalığından da balaca bir sərmayə düzəlib. Qapı arxasında dayanıb belə gözlənilməz ehtiyat və qənaətə görə başını sevincək halda yellətdi, halbuki o, qənaət olunmuş bu pula atasının borclarının bir hissəsini ödəyib qulluqdan imtina edəcəyi günü əməlli-başlı yaxınlaşdıra bilərdi, amma indi belə görünürdü ki, atasının həmin vəsaiti məhz bu cür sərf etməsi, şübhəsiz, daha yaxşı imiş.
Ailənin faiz hesabına yaşaması üçün bu pullar, hər halda, çox az idi, bir ilə, uzağı iki ilə çatardı və deməli, bu pul məsrəf üçün deyil, yalnız dar gündən ötrü saxlanılmışdı, gündəlik xərclər üçünsə mütləq qazanmaq gərəkdir. Atası sağlam olsa da, qoca idi, beş ildir işləmirdi və özünə bir elə gümanı gəlmirdi, keşməkeşli, uğursuz həyatında ilk fasilə olan bu beş ildə xeyli ağırlaşmışdı. Bəlkə, astmaya tutulub təngnəfəslikdən olmazın əziyyət çəkən və bütün günü pəncərə önündəki taxtda tir kimi uzanıb qalan qoca anası pul qazanmalıydı? Yoxsa bacısı? Ancaq bacısı da axı cəmi-cümlətanı on yeddi yaşlı bir uşaqdır, indiyəcən alışdığı tərzdə yaşamağa, yaraşıqlı geyinməyə, yuxudan gec durmağa, əylənməyə, ilk növbədə də skripka çalmağa onun daha çox haqqı vardı. Qazanc zərurətindən söhbət gedərkən Qreqor həmişə qapını buraxıb özünü yaxınlıqdakı dəri üzlü soyuq divana atırdı, çünki dərddən və xəcalətdən hərarəti artırdı.
Uzun gecələrin çoxunu o, bir an belə yuxuya getmədən elə ordaca uzanıb qalır, saatlarla özünü divanın dərisinə sürtürdü, yaxud çəkdiyi zəhmətə heyifsilənmədən ağır kreslonu pəncərənin yanına sürüyürdü, oyuq yerinə dırmaşıb kresloya dayaqlanır və məhəccərə qısılaraq oradan çölə boylanırdı ki, bu da ona azadlıq duyğusu barədə yalnız acılı-şirinli xatirələr aşılayırdı.
Əslində, müəyyən uzaqlıqdakı şeyləri getdikcə daha pis görürdü; əvvəllər zəhləsi gedən üzbəüzdəki xəstəxana binası yenə gözləri önündə olsa da, Qreqor, ümumiyyətlə, daha onu seçə bilmirdi və əgər şəhərin bu sakit Şarlottenştrasse küçəsində yaşadığını dürüst bilməsəydi, öz evinin pəncərəsindən səhraya, bozumtul rəngli yerlə göyün bir-birinə qarışıb seçilməz olduğu səhraya baxdığını düşünərdi. Diqqətli bacısına otağın ortasında dayanmış kreslonun pəncərə önünə çəkildiyini cəmisi ikicə dəfə görmək kifayət elədi ki, bundan sonra içəridə yır-yığış edərkən onu hər dəfə məhəccərə yaxın yerə gətirsin. O gündən bacısı hətta pəncərənin içəri qatını da taybatay açıq qoyurdu.
Əgər Qreqor bacısıyla danışa və çəkdiyi zəhmətə görə ona təşəkkür edə bilsəydi, qızın əziyyətini qəbul etmək də asanlaşardı, amma bunu edə bilmədiyinə görə əzab çəkirdi. Düzdür, qız yaranmış vəziyyətin doğurduğu əzab-əziyyəti yüngülləşdirmək üçün əlindən gələni edir, gördüyü işlər də getdikcə daha yaxşı alınırdı, ancaq vaxt ötdükcə Qreqor da hər şeyi daha aydın başa düşürdü. Bacısının təkcə elə gəlişi Qreqor üçün dəhşət idi. Qız otağa qəti olaraq heç kəsi buraxmasa da, içəri girəndə arxasınca qapını bağlamağa vaxt sərf etmir, boğulacaqmış kimi pəncərəni taybatay açıb ən soyuq havada belə dərindən nəfəs ala-ala onun qabağında dururdu. Bu cür haray-həşirlə, tələskən hərəkətlərlə o, gündə iki dəfə Qreqorun ürəyini yerindən qoparırdı, halbuki divanın altında hiddətindən titrəyən Qreqor yaxşı dərk edirdi ki, bacısı pəncərənin bağlı olduğu vaxt onunla bir otaqda qalsaydı, canını bütün bu qorxulardan xilas etmiş olardı.
Qreqorda çevrilmə baş verən gündən artıq bir ayacan vaxt keçirdi və bu hesabla qız gərək onun görkəminə heyrətlənməyəydi. Bir dəfə bacısı otağa həmişəkindən tez gəldi və Qreqoru pəncərədən harasa baxan vəziyyətdə gördü. Hərəkətsiz durmuş Qreqorun çox əcaib görkəmi vardı. Əgər qız, ümumiyyətlə, otağa girməyib elə qapıdanca qayıtsaydı, Qreqora bu heç də təəccüblü görünməzdi, belə ki, pəncərənin önündə durmuş vəziyyətdə Qreqor bacısına pəncərələri açmağa mane olardı. Amma qız nəinki içəri girmədi, hətta tez geri sıçrayıb qapını da arxadan qıfılladı. Kənardan baxan elə zənn edərdi ki, guya Qreqor qızı güdürmüş və tutub dişləmək istəyirmiş. O, əlbəttə ki, dərhal sürünüb divanın altında gizləndi. Ancaq bacısı bir də günortaüstü, özü də ona xas olmayan nəsə narahat bir sifətdə qayıtdı. Qreqor bundan belə başa düşdü ki, bacısı hələ də onun görkəminə alışmayıb və deyəsən, heç vaxt da alışmayacaq. O hətta Qreqorun divanın altından çıxan gövdəsinin kiçik bir hissəsini görəndə də qaçmamaq üçün min bir əziyyətə qatlaşırdı.
Qızı bu zillətdən xilas etmək üçün Qreqor bir dəfə belində mələfə gətirdi. Bu işə düz dörd saat vaxt sərf etdi. Mələfəni divanın üstünə elə sərdi ki, bütünlükdə üstünü örtə bilsin, hətta qız lap əyilsə belə onu görə bilməsin. Qreqorun qənaətinə görə, əgər bacısı mələfəyə lüzum görməsəydi, onu asanlıqla yığışdırıb ata bilərdi, çünki Qreqorun ona kefindən bürünmədiyi kifayət qədər aydın idi. Ancaq bacısı nəinki mələfəyə toxunmadı, hətta Qreqor bu yeniliyin necə qarşılandığını bilmək üçün mələfənin qırağını bir balaca qaldırıb baxanda bacısının minnətdarlıq dolu baxışlarıyla da qarşılaşdı.
İlk iki həftə ərzində valideynləri özlərini ona baş çəkməyə heç cür məcbur edə bilmədilər və Qreqor indi onların qabaqlar yelbeyin saydıqları, ara-sıra üstünə çəmkirdikləri qızın hazırda gördüyü işi necə təriflədiklərini tez-tez eşidirdi. İçəridə yır-yığış edildiyi müddətdə atası da, anası da çox vaxt qapı ağzında intizarla durub gözləyir, qız çıxan kimi otağın hansı
4