Hekayələr. Лев Толстой
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Лев Толстой страница 11
O, zəngi çaldı.
– Hə, gətirdin? – deyə içəri girən Zaxardan soruşdu.
– Yazıq adamdır, Dmitri İvanoviç, – deyə Zaxar mənalı bir tərzdə başını bulayıb gözlərini yumdu.
– Nə olub, sərxoşdur?
– Çox zəifdir.
– Skripka yanındadır?
– Gətirmişəm. Ev sahibəsi verdi.
– Amma indi onu mənim yanıma buraxma, apar yatırt və sabah evdən qəti buraxma.
Lakin Zaxar çıxmağa macal tapmamışdı ki, Albert otağa daxil oldu.
– Siz yatmaq istəyirdiniz? – Albert gülümsəyərək dedi. – Mən orada Anna İvanovnanın yanındaydım. Axşamı xoş keçirdik: musiqi çalmışıq, gülmüşük, yaxşı cəmiyyət idi. – Sonra stolun üstündəki su qrafinini götürüb əlavə etdi: – Mənə icazə verin bir stəkan nə isə içim, ancaq su olmasın.
Albert elə dünənki kimi idi: gözlərinin və dodaqlarının həmin gözəl təbəssümü, həmin parlaq, ilhamlı alın və zəif bədən üzvləri. Zaxarın paltosu lap əyninə idi və köynəyinin təmiz, uzun, nişastalanmamış yaxası nazik, ağ boynunun dövrəsində gözəl bir şəkildə qatlanaraq ona məsumanə bir uşaq ifadəsi verirdi. O, Delesovun yatağında oturaraq dinməzcə, fərəh və minnətdarlıqla ona gülümsəyirdi. Delesov Albertin gözlərinə baxdı və birdən-birə özünü yenə onun təbəssümünün tabeliyində hiss etdi. O daha yatmaq istəmirdi, Albertə qarşı ciddi olmaq barədəki vəzifəsini də unutdu, indi əksinə, keflənmək, musiqi dinləmək və lap sübhədək oturub Albertlə dostcasına laqqırtı vurmaq istəyirdi. Delesov Zaxara tapşırdı ki, bir butulka şərab, papiros və skripka gətirsin.
Albert dedi:
– Bax bu əla oldu! Hələ ertədir, çalacağıq, nə qədər istəsəniz, sizin üçün musiqi səsləndirəcəm.
Zaxar nəzərəçarpan bir məmnuniyyətlə bir butulka şərab, iki stəkan, Albertin çəkdiyi zəif papiros və skripkanı gətirdi. Ağanın ona tapşırdığı kimi gedib yatmaq əvəzinə, qonşu otaqda oturub siqar çəkməyə başladı.
Delesov skripkanı əlinə almaq istəyən çalğıçıya dedi:
– Yaxşısı budur ki, söhbət eləyək.
Albert itaətkarlıqla yataqda oturub fərəhlə gülümsədi.
– Eh, yaxşı yadıma düşdü, – deyə birdən əlini alnına vuraraq qayğılı bir ifadə aldı. (Onun sifətinin ifadəsi həmişə nə demək istədiyini qabaqcadan bildirirdi.) – İcazə verin bir şey soruşum… – O, bir qədər dayandı. – Dünən axşam sizinlə orada olan cənab… siz onu N adlandırırdınız, məşhur N-in oğlu deyil?
– Doğma oğludur, – deyə Delesov bunun Alberti nə üçün maraqlandırmasının fərqinə varmadan cavab verdi.
– Odur da, – Albert razılıqla gülümsədi, – mən o saat onun ədalarında nə isə kübarcasına bir şey sezdim. Mən kübarları sevirəm: kübarlarda nə isə gözəl, incə bir şey nəzərə çarpır. Gözəl rəqs edən zabit vardı ha, – dedi, – o da xoşuma gəldi, yaman əhvallı və alicənab adamdır. Deyəsən, o, N-in adyutantıdır29?
– Hansını deyirsiniz? – Delesov soruşdu.
– Rəqs elədiyimiz zaman mənimlə toqquşanı. Görünürdü ki, yaxşı adamdır.
– Yox, o, boş adamdır. – Delesov cavab verdi.
– Yox, yox! – Albert hərarətlə havadar çıxdı, – onda nə isə xoş bir şey var. O həm də yaxşı çalğıçıdır, – deyə Albert əlavə etdi, – orada o, hansı operadansa bir hissə çaldı. Çoxdandır ki, heç kəs belə xoşuma gəlməyib.
– Bəli, o, yaxşı çalır, ancaq mən onun çalmasını xoşlamıram, – deyə Delesov müsahibini musiqi barədə söhbətə gətirib çıxarmaq istədi. – O, klassik musiqini başa düşmür. Axı Donizetti və Bellini musiqi deyil. Siz də, yəqin, bu fikirdəsiniz.
– Yox, yox, məni bağışlayın, – Albert xəfif bir havadarlıq ifadəsi ilə dilləndi, – köhnə musiqi də musiqidir. Təzə musiqidə isə qeyri-adi bir gözəllik var; məsələn: “Somnambul”?30 “Luçiya”nın31 finalı? Şopen? Robert? Mən tez-tez fikirləşirəm ki, – o, görünür, fikrini toplamaq üçün dayandı, – əgər Bethoven sağ olsaydı, o, “Somnambul”u dinləyərkən ağlayardı. Hər yerdə gözəllik var. Mən “Somnambul”u birinci dəfə Viardo32 və Rubini33 burada olduqları zaman eşitmişəm. Bu, bilirsiniz nə idi, elə bil, – onun gözləri parıldadı və iki əlinin işarəsi ilə göstərdi ki, guya sinəsindən nə isə çıxarır. – Bir az da davam etsəydi, ona daha dözmək olmazdı.
– Bəs indi, opera barədə nə fikirdəsiniz? – deyə Delesov soruşdu.
– Bozio34 yaxşıdır, çox yaxşıdır, – cavab verdi, – son dərəcə gözəldir, ancaq buraya təsir eləmir, – çuxura düşmüş sinəsini göstərərək dedi. – Müğənni üçün ehtiras lazımdır, ancaq onda yoxdur. O sevindirir, lakin əzab vermir.
– Bəs Lablaş?35
– Mən onu hələ Parisdə, "Sevilya bərbəri"ndə36 dinləmişəm. Onda o tək idi, misli-bərabəri yox idi, indi isə qocalıb. O daha artist ola bilməz, qocalıb.
– Nə olsun ki qocadır, ansamblda, hər halda, yaxşıdır, – Delesov Lablaş barədə həmişə dediyini təkrar etdi.
– Necə yəni nə olsun? – Albert ciddi etiraz elədi. – Sənətkar qoca olmamalıdır. Sənətə çox şey lazımdır. Başlıcası isə atəşdir! – gözləri işıldadı, hər iki əlini yuxarı qaldırdı.
Doğrudan da, onun bütün görkəmində qorxunc, daxili bir od şölələnirdi. Birdən o dedi:
– Oh, pərvərdigara! Siz Petrovu, rəssam Petrovu tanımırsınız ki?
– Xeyr, tanımıram, – deyə Delesov gülümsəyərək cavab verdi.
– Çox istərdim ki, onunla tanış olasınız. Onunla söhbətdən həzz alarsınız. O da sənəti çox yaxşı başa düşür. Biz onunla qabaqlar Anna İvanovnagildə tez-tez görüşürdük. Lakin indi Anna İvanovna
29
30
“
31
“
32
33
34
35
36
“