Hekayələr. Лев Толстой

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Лев Толстой страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Лев Толстой Hekayə ustaları

Скачать книгу

mitinq və cəmiyyətlərdə Hindistanda subay çinlilərin vəziyyəti, Afrikada xristianlığın yayılması və yaradılması, bütün insanlığın islahı üçün müxtəlif cəmiyyətlərin tərtib edilməsinin qayğısına qala bilir, lakin öz qəlblərində insanın insana olan sadə ibtidai hissini tapa bilmirlər? Doğrudanmı, bu hiss yoxdur və onun yerini bu adamları palatalarda, mitinqlərdə və cəmiyyətlərdə idarə edən şöhrətpərəstlik və tamah tutmuşdur? Doğrudanmı, insanların sivilizasiya adlanan məlun və xudbin assosiasiyalarının yayılması instinktiv və məhəbbət assosiasiyalarını məhv edir və ya onlara ziddir? Doğrudanmı, bu, uğrunda nə qədər günahsız qan tökülmüş və nə qədər cinayət edilmiş həmin bərabərlikdir? Doğrudanmı, xalqlar uşaqlar kimi, təkcə bir “bərabərlik” sözü ilə xoşbəxt ola bilərlər?

      Qanun qarşısında bərabərlik! Məgər insanların bütün həyatı qanun çərçivəsində baş verir? Bu həyatın ancaq mindəbir hissəsi qanuna aiddir, qalan hissəsi isə onun xaricində, cəmiyyətin əxlaq və əqidəsi dairəsində baş verir. Xidmətçi dilənən müğənnidən yaxşı geyinib və onu alçaldır. Mən xidmətçidən yaxşı geyinmişəm və cəzasız olaraq onu təhqir edirəm. Xidmətçi məni özündən yüksək, müğənnini isə özündən alçaq hesab edir. Mən müğənni ilə birləşdiyim zaman o özünü bizə bərabər hesab etdi və buna görə də kobud hərəkətə keçdi. Mən xidmətçi ilə kobud rəftar etdim və o özünü məndən alçaq hesab etdi. Doğrudanmı, bu həmin azadlıqdır ki, insanlar onu mütləq azad dövlət hesab edirdilər və həmin dövlətdə, heç olmasa, bir vətəndaş var ki, o heç kəsə zərər yetirmədən, heç kəsə mane olmadan, bəlkə də, acından ölməmək üçün bir iş gördüyündən onu həbsxanaya salırlar.

      Bədbəxt və zavallı bir məxluq olan insan özünün müsbət qərarlar tələbi ilə daimi hərəkətdə olan, intəhası görünməyən bu xeyir və şər faktlar, mülahizələr və ziddiyyətlər okeanına atılmışdır. İnsanlar bir tərəfdən xeyirxahlığa, o biri tərəfdən bədxahlığa yetişmək üçün əsrlərlə vuruşur, zəhmət çəkirlər. Əsrlər keçir və qərəzsiz ağıl xeyir və şər tərəzisinə haradasa və nəsə əlavə etməsinə baxmayaraq, tərəzinin oxu oyan-buyana əsmir və onun hər tərəfində xeyirxahlıq olduğu qədər bədxahlıq vardır. İnsan kəskin düşünməyi və ona verilən suallara, onların yalnız həmişəlik olaraq sual qalması üçün cavab verməməyi öyrənsəydi! Əgər o başa düşsəydi ki, hər bir fikir həm saxta və həm də ədalətlidir! Birtərəfliliyi və insanın bütün həqiqəti qavraya bilməzliyi ilə saxtadır, insan səyinin bir cəhətinin ifadə etməsi ilə ədalətlidir. İnsanlar əbədi hərəkət edən bu intəhasız xeyir və şər qat-qarışığında özlərinə bölmələr düzəldir, bu dənizdə xəyali xətlər çəkərək gözləyirlər ki, beləliklə də, dəniz bölünəcəkdir. Başqa nöqteyi-nəzərdən, başqa baxımdan milyonlarca belə bölmələr yoxdur. Doğrudur, bu bölmələr yüz illər boyu yaranır, lakin əsrlər keçib, milyon əsrlər də keçəcək. Sivilizasiya – nemətdir, vəhşilik – şərdir; azadlıq – nemətdir, əsarət – şərdir. Bax təsəvvür olunan bu bilik insan təbiətində olan instinktiv, ibtidai xeyirxahlıq tələbini öldürür. Kim təyin edib mənə deyə bilər ki, nə azadlıqdır, nə despotizmdir, nə sivilizasiyadır, nə vəhşilikdir? Bunlardan birinin və ya başqasının hüdudu haradadır? Bu xeyir və şər meyarı kimin qəlbində möhkəmdir ki, onun vasitəsilə bu uzaqlaşan dolaşıq faktları ölçə bilsin? Kimdə böyük bir ağıl vardır ki, heç olmasa, hərəkətsiz ötüb-keçən faktları qavrayıb onları təyin edə bilsin? Kim elə bir vəziyyət görüb ki, onda xeyirlə şər bir yerdə olmamış olsun? Və mən nə üçün bilirəm ki, birini o birindən çox görürəm, ona görəmi ki, lazımi yerdə dayanmamışam? Kim həyatdan, heç olmasa, bir anlığa tamamilə ayrıla bilər ki, ona yuxarıdan müstəqil baxa bilsin? Bizim bircə, yalnız bircə qüsursuz rəhbərimiz vardır, bu da hamımıza birlikdə və hərəyə təklikdə nüfuz edən, hərəyə lazım olan şeyə bir meyil bəxş edən ümumdünya ruhudur. Bu həmin ruhdur ki, ağaca günəşə doğru ucalmağı əmr edir, çiçəyə əmr edir ki, üzü payıza toxum buraxsın və bizə də əmr edir ki, qeyri-ixtiyari bir-birimizə qısılaq.

      Təkcə bu qüsursuz, müqəddəs səs sivilizasiyanın gurultulu, sürətli inkişafını zəiflədir. Kim insandır, kim vəhşidir: müğənninin nimdaş paltarını görərək qəzəblə stolun arxasından durub qaçan və müğənninin zəhməti müqabilində ona gəlirinin milyondabir hissəsini verməyən və indi öz işıqlı rahat otağında oturaraq Çindəki vəziyyəti rahatca müzakirə edən, oradakı qatilləri ədalətli hesab edən lordmu, ya da cibində cəmi bir frank olan, həbs edilmək təhlükəsi altında iyirmi il heç kimə zərər toxundurmadan dağları və dərələri gəzərək öz mahnısı ilə insanlara təsəlli verən, təhqir olunan və bayaq az qala mehmanxanadan qovulan, indi isə utandırılıb yorğun, ac halda, harada isə çürük saman üstündə yatmağa gedən müğənnimi?

      Bu zaman şəhərdə, gecənin dilsiz sükutu içərisindən, uzaqdan balaca adamın gitarasının və özünün səsini eşitdim.

      – Yox, – qeyri-ixtiyari səsləndim, – ona acımağa və lorda qəzəblənməyə ixtiyarın yoxdur. Bu adamlardan hər birinin qəlbində ona daxili səadəti kim ölçmüşdür? Budur, indi o, haradasa çirkli bir astanada oturaraq parlaq aylı səmaya baxır və sakit, ətirli gecədə fərəhlə oxuyur, onun qəlbində nə danlaq, nə qəzəb və nə də peşmanlıq hissi var. Kim bilir, indi bu zəngin və uca divarların arxasında yaşayan insanların ürəklərində nələr baş verir? Kim bilir, bu balaca adamın qəlbində yaşayan bu qədər qayğısız, mülayim həyat sevinci və dünyadan razılıq sevinci onların hamısında varmı? Bu ziddiyyətlərin yaşamasına əmr və icazə verənin mərhəmət və hikməti tükənməzdir. Yalnız sənə – onun qanunlarına, niyyətlərinə kobud, qanunsuzcasına nüfuz etməyə çalışan zavallı soxulcana, yalnız sənə bu, ziddiyyət kimi görünür. O özünün ölçülməz parlaq yüksəkliyindən mülayimcəsinə baxır və sizin hamınızın ziddiyyətlə daim hərəkət etdiyiniz bu intəhasız harmoniyaya sevinir. Sən öz təkəbbürünlə ümumi qanunlardan qopmaq istəyirdin. Yox, sən də xidmətçilərə olan kiçik, mənasız qəzəbinlə, sən də əbədiyyət və intəhasızlığın ahəngdar tələbinə cavab vermisən…

      ALBERT

I

      Beş nəfər zəngin gənc gecə saat üçdə əylənmək üçün kiçik bir Peterburq balına gəlmişdilər. Çoxlu şampan içilmişdi, cənablardan əksəriyyəti cavan idi, qızlar da gözəldilər, fortepiano və skripkada bir-birinin ardınca polka çalınırdı, rəqs və gurultunun arası kəsilmirdi; ancaq bununla belə, məclis nə isə cansıxıcı və yöndəmsiz idi, nədənsə hamıya elə gəlirdi ki (belə hallar tez-tez olur), bütün bunlar öz qaydasında deyil və gərəksizdir.

      Onlar bir neçə dəfə məclisi canlandırmağa çalışdılar, lakin saxta şənlik cansıxıcılıqdan daha pisdir.

      Beş gəncdən biri həm özündən, həm də başqalarından və bütün gecədən daha çox narazı idi. O, nifrət hissi ilə ayağa qalxıb şlyapasını axtardı və səssiz-səmirsiz getmək üçün bayıra çıxdı.

      Dəhlizdə heç kim yox idi, lakin qapının arxasından qonşu otaqda iki nəfərin mübahisə etdiyini eşitdi. Qadın səsi deyirdi:

      – Olmaz,

Скачать книгу