Pianoçu. Владислав Шпильман
Чтение книги онлайн.
Читать онлайн книгу Pianoçu - Владислав Шпильман страница 10
Yenicə yonulmuş ağacdan düzəldilmiş kvadrat darvazalar zülmət küçənin fonunda fənər işığında aydın seçilirdi. Bu darvazalar gettonu eyni şəhərdə kifayət qədər geniş ərazidə yaşayan azad insanların dünyasından ayırırdı.
Bundan belə heç birimizin həmin sərhədi keçməyə ixtiyarımız yox idi.
Bir gün atamın dostu ilə qarşılaşdım. Həmçinin musiqiçi olan bu adam elə atam kimi mülayim xasiyyətli və qayğısız birisi idi.
– Hə, bütün bu baş verənlər barədə nə düşünürsünüz? – o, əsəbi şəkildə güldü və əli ilə izdihamı, divarları və getto darvazalarını göstərdi.
– Nə düşünürəm? – mən sualı təkrarladım. – Onlar axırımıza çıxacaqlar.
Amma qoca dediklərimlə heç cür razılaşmaq istəmirdi, ya da razılaşmaq iqtidarında deyildi. O, yenidən qəhqəhə çəkərək – bu dəfə bir qədər süni şəkildə – çiynimi şappıldatdı və ucadan dilləndi:
– Kefinizi pozmayın! – o, paltomun düyməsindən yapışıb öz çəhrayı sifətini yaxınlaşdırdı və əminliklə – hərçənd, bəlkə, bu məqamda da mahir aktyor kimi rola girmişdi – bəyan etdi: – Onsuz da bizi tezliklə buraxacaqlar. Amerikalılar bundan xəbər tutan kimi…
XLODNAYA KÜÇƏSİNDƏ RƏQSLƏR
1940-cı ilin noyabrından 1942-ci ilin iyununadək Varşava gettosunda yaşadıqlarımız barədə xatirələrimi parçalara ayıra və onları gündəlikdə olduğu kimi, xronoloji qaydada düzə bilmirəm – bu iki ilin bütün olayları bir gündə qovuşur. Əlbəttə ki, bu və ya daha sonrakı dövrə aid olan bir çox fakt indi hamıya məlumdur. Onlardan biri – insanların ovlanmasıdır. Almanlar bu vəhşi üsulu işğal etdikləri bütün Avropa ölkələrinin əhalisinə qarşı tətbiq edirdilər. Məqsədsə adamları işlək heyvana çevirmək idi. Hərçənd gettoda bu təcrübəyə 1942-ci ilin yazında qəfil son qoyuldu. Yəhudiləri başqa məqsədlər üçün qoruyub saxlayırdılar. Ov mövsümü öncəsi olduğu kimi, onları hələ ki qoruyurdular. Yetər ki planlaşdırılmış böyük ov dəbdəbəli keçsin və heç kəsi peşman etməsin. Yəhudiləri elə yunanlar, fransızlar, belçikalılar və ya hollandlar kimi qarət edirdilər, yeganə fərq bunun daha müntəzəm və qanuniləşdirilmiş şəkildə baş verməsi idi. Müvafiq səlahiyyətləri olmayan almanlar gettoya girə və bizi soya bilməzdilər. Bu cür səlahiyyət Üçüncü reyxin qarəti leqallaşdıran qanununa uyğun olaraq özü də təkcə komendantın sərəncamı ilə alman polisinə verilmişdi.
1941-ci ildə Almaniya Rusiyaya hücum etdi. Gettoda hər kəs nəfəsini içinə çəkərək almanların növbəti hücumunun nə ilə başa çatacağını gözləyirdi. Onlar əvvəl-əvvəl nasistlərə, nəhayət, layiqli müqavimət göstəriləcəyinə bihudə ümid bəsləsələr də, sonradan öz aqibətlərinə və bütünlükdə bəşəriyyətin gələcəyinə görə şübhə dolu qorxu hissi keçirməyə başladılar. Bu qorxu və şübhələr Hitlerin qoşunları Rusiyanın dərinliklərinə doğru irəlilədikcə daha da artırdı. Hərçənd almanlar ölüm təhdidi altında yəhudilərin bütün xəz məmulatlarını müsadirə edəndə həmin duyğu nikbinliklə əvəzlənirdi. Belə ki, bu hərəkətlər adamı istər-istəməz düşünməyə sövq edirdi: madam ki qələbə tülkü və qunduz xəzindən hazırlanmış jaketlərdən asılıdır, bəlkə, onların işləri heç gözümüzə soxduqları kimi yaxşı getmir.
Gettonun sərhədləri daralırdı. Onun ərazisini bir ucdan kiçildirdilər, elə almanların hər ölkəni işğal etdikdən sonra Avropanın azad hissəsinin ətrafında sərhədi sıxlaşdırdığı kimi… Sanki Varşava gettosu almanlar üçün heç də Fransadan az problemli deyildi, Zlotaya və ya Jelyaznaya küçələrinin ondan ayrılması isə almanların yaşayış məkanının genişləndirilməsi üçün elə Elzasla Lotaringiyanı Fransadan ayırmaq qədər mühüm idi. Amma yenə də daim eyni fikrin altında əzilməli olurduq (və heç nə bizi onun qədər incitmirdi): Hamımız dustağıq! Zənnimcə, azadlığımızı daha aydın hiss edilə biləcək şəkildə məhdudlaşdırsaydılar, başımıza gələnlərə nisbətən daha rahat qatlanardıq; məsələn, bizi dustaqxana kamerasına salsaydılar… Bu cür təcridolunma gün kimi aydındır və bizim ətraf dünya ilə münasibətimizi aşkar müəyyənləşdirərdi. Axı, heç olmasa, orda bizi nə gözləyəcəyini bilirdik: dustaqxana yalnız arzulaya biləcəyin normal həyatın hətta görüntüsündən belə məhrum olan fərqli reallıqdır. Orda hər şey dustaqxana mövcudluğu ilə yüklənib – gettoda isə hər yer və hər şey illüziya örtüyünə bürünüb – harda olursan ol, hər dəqiqə, hər addımda sənə itirdiyin azadlığı xatırladır. Getto həyatı normaldan az fərqləndikcə ona qatlanmaq daha da çətinləşirdi. Küçəyə çıxarkən adi şəhərdə olduğunu düşünə bilərdin. Qollardakı sarğılardan artıq heç kəs utanmırdı – hamının qolunda bu cür sarğı vardı. Gettoda bir müddət yaşadıqdan sonra isə ona necə öyrəşdiyimin fərqinə vardım. Müharibə illərindən öncəki dostlarım yuxularıma girəndə onların qolunda sarğı görürdüm. Bu sarğılar sanki kostyumlarının ayrılmaz hissəsi idi, lap elə qalstuk, ya da burun yaylığı kimi. Hərçənd gettonun küçələri heç yerə aparmırdı. Onların sonunda daim divar olurdu. Mən tez-tez baş alıb gedir və sonda burnum həmişə divara dəyirdi. Özü də bu divar qarşıma qəfil çıxırdı. Arzuladığım halda yolumu davam etdirməyin mümkün olmamasının heç bir məntiqi izahı yox idi. Divarın o tayındakı küçə mənim üçün böyük əhəmiyyət kəsb etməyə başlayırdı, sanki həyatımın ən qiymətli parçasıymış kimi onsuz keçinə bilmirdim. Orda baş verənlərin iştirakçısı olmaq üçün yer üzündəki hər şeydən keçməyə hazır idim… Beləcə, suyu süzülə-süzülə, dilxor halda geri qayıdırdım və bu hər gün təkrarlanırdı. Gettoda restorana və ya kafeyə