Pianoçu. Владислав Шпильман
Чтение книги онлайн.
Читать онлайн книгу Pianoçu - Владислав Шпильман страница 6
Həmin günlər necə sağ qaldığımı heç özüm də bilmirəm. Dostlarımızın yataq otağında birgə gizləndiyimiz adam düz yanımdaca bomba qəlpəsindən həlak oldu. Təxminən iki sutka on adamla birgə darısqal ayaqyolunda gizlənməli olduq. Bir neçə həftə sonra bura necə pərçimləndiyimizi heç cür anlaya bilmədik və bunu təkrarlamağa çalışdıq, amma, sən demə, normal vəziyyətdə ora səkkiz nəfərdən artıq sığa bilmirmiş.
Sentyabrın 27-də, çərşənbə günü Varşava təslim oldu. Cəsarətimi toplayıb küçəyə çıxa bilməyim üçün mənə iki gün lazım gəldi. Evə ümidsiz vəziyyətdə qayıtdım: Varşava artıq mövcud deyildi.
Novıy Svyat küçəsi evlərin xarabalıqlarının arasından keçən dar cığıra çevrilmişdi. Hər dörd yolayrıcında başıaşağı çevrilmiş tramvaylardan və yerindən qopmuş səki daşlarından ibarət barrikadaları ötüb-keçmək lazım idi. Bəzi evlərin xarabalıqları hələ də tüstülənirdi. Meyitlər küçələrdəcə çürüyürdü. Şəhərin mühasirəsi zamanı dəhşətli aclıq çəkən adamlar hər addımda qarşılarına çıxan at cəsədlərinin üstünə cumurdular.
Yerusəlim xiyabanı ilə gedərkən Visla tərəfdən motosikletə minmiş iki əsgərin yaxınlaşdığını gördüm; onların əyinlərində mənə tanış olmayan yaşıl mundir, başlarında poladdan kaska vardı. Yekə və qaba üzlü, nəm gözlü əsgərlər motosikleti səkinin kənarında saxlayıb yaxınlıqdan keçən oğlan uşağını hayladılar. Uşaq yaxınlaşdı.
– Marshallstrasse! Marshallstrasse!
Onlar kobud səslə tutuquşu kimi eyni sözü təkrarlayırdılar. Təəccübdən ağzını ayırmış oğlan yerinə mıxlanıb qalmışdı, heç nə deyə bilmirdi.
Əsgərlərin səbir kasası daşdı. Biri burnunun altında söyüş söyüb həqarətlə əlini yellədi və qaza basdı, onlar getdilər.
Bu, ilk almanlar idi.
Bir neçə gündən sonra Varşava evlərinin divarlarına alman komendantının iki dildə müraciəti yapışdırıldı: o, alman dövlətinin adından Polşa əhalisinə iş və himayə vəd edirdi. Yəhudilərə isə ayrıca bir abzas həsr olunmuşdu – onların bütün hüquqlarının qorunmasına, əmlaklarının toxunulmazlığına və tam təhlükəsizliyinə zəmanət verilirdi.
ATAMIN TƏZİMLƏRİ
Biz Slizkayaya qayıdarkən mənzilimizi salamat görəcəyimizə ümid etmirdik. Hərçənd evdə bir-iki sınmış pəncərəni nəzərə almasaq, hər şey qaydasında idi. Gedərkən qıfılladığımız qapılar açılmamışdı, içəridə hər xırda şey öz yerində idi. Yaxınlıqdakı digər evlərin də bəxti gətirmişdi. Bir neçə gün sonra dostlarımızdan xəbər tutmaq üçün küçəyə çıxanda böyük bir hissəsi xarabazara çevrilsə belə şəhərdə həyatın davam etdiyini öyrəndik. Əslində, biz hava hücumundan sonra daha çox itkinin olduğunu düşünürdük.
Əvvəlcə həlak olanların sayının yüz mini ötdüyünü söylədilər və hər kəs Varşava sakinlərinin nə az, nə çox, düz on faizini təşkil edən bu rəqəmdən sarsıldı. Sonradan aydın oldu ki, qurbanların sayı təxminən iyirmi mindir. Ölənlərin arasında bizim dostlarımız da vardı – hələ bir neçə gün əvvəl onlar sağ idilər, indi isə bombalanma zamanı parça-tikə edilmiş vücudları xarabazarlıqların altında qalmışdı. Bacım Reginanın iki iş yoldaşı Kotikova küçəsində uçulmuş divarın altında qalıb həlak olmuşdu. Yaxınlıqdan keçəndə burnumu yaylıqla tutmalı olurdum. Çürüməkdə olan səksən meyitin üfunəti divarların dəliklərindən və zirzəmilərin qalaqlanmış pəncərələrindən keçərək bütün ətrafın havasını korlayırdı. Mazoveskayaya düşmüş artilleriya mərmisi dostlarımdan birini parça-tikə etmişdi. Bircə başının tapılması sayəsində məlum oldu ki, bu ət parçaları istedadlı skripkaçının vücudundan qalanlardır. Bütün bunlar dəhşətli xəbərlər idi.
Amma heç nə utandığından təhtəlşüurumuzun bir küncündə gizlənmiş az qala heyvani sevincə kölgə sala bilməzdi: sağıq və təhlükə artıq bizdən yan ötüb! Hələ bir ay əvvəl sarsılmaz dəyərlər çərçivəsinə sığan hər şey bu yeni gerçəklikdə öz əhəmiyyətini itirmişdi. Əvəzində əvvəllər azacıq diqqətə belə layiq olmayan şeylər yeni və özünə xas olmayan mühüm yer tutmağa başlamışdı: qəşəng və rahat kreslo, baxdıqca xoşhallandığın, üzərinə ağ kafel vurulmuş isti soba, üstümüzdəki mənzildən gələn döşəmə cırıltısı – normal həyatın, ev rahatlığının əlamətləri.
Musiqi məşğuliyyətinə ilk atam qayıtdı. O, saatlarla skripka çalır və bununla reallıqdan qaçırdı. Kimsə növbəti pis xəbərlə gəlib onu məşğuliyyətindən ayırmağa çalışanda üzündə qayğılı ifadə, alnını qırışdırıb dinləyir, amma dərhal da özünü toxtadıb deyirdi: «Eybi yoxdur! Onsuz da ən geci bir aydan sonra müttəfiqlər burda olacaq!» Bütün suallara verdiyi eyni cavab atama gerçəklikdən uzaq durmağa, özünü yaxşı hiss etdiyi səmavi musiqi dünyasına qapılmağa yardımçı olurdu.
Təəssüf ki, akkumulyatorlar sayəsində radioqəbuledicilərini işə sala bilənlərdən gələn ilk xəbərlər atamın nikbinliyi ilə üst-üstə düşmürdü. Belə məlum olurdu ki, bizi yaxşı heç nə gözləmir: nə fransızlar «Ziqfrid xətti»ni yarmağa cəhd edir, nə də ingilislər Hamburqu bombalamağa çalışırdılar, Almaniyaya girmək planlarından artıq söhbət belə gedə bilməzdi. Bu zaman Varşavada ilk basqınlar başladı. Onlar əvvəl-əvvəl bacarıqsız şəkildə həyata keçirilirdi, sanki hələlik insanlara bu cür alışılmamış üsulla əzab verməkdən çəkinirdilər. Üstəlik, bunu edənlərin təcrübəsi də az idi. Balaca şəxsi maşınlar şəhər boyunca gəzib-dolaşır, yaxınlıqdan ötüb-keçən yəhudilərin yanında qəfil dayanır, qapı açılır, oradan bir əl uzanır və qatlanmış şəhadət barmağı onları yanına çağırırdı: «Komm, komm!» Bu cür basqınlardan xilas olmuş adamlar ilk döyülmə hallarından danışmağa başlamışdılar. O zaman bu döyülmələr hələ təhlükəli deyildi və üzə zərbə, ya da bir-iki təpiklə məhdudlaşırdı. Həmin olayları alçaldıcı hesab edən kəslər bunu xüsusilə ağrılı qarşılayır, belə döyülmələri əxlaq nöqteyi-nəzərindən hər hansı heyvanın zərbələri, ya da təpikləri ilə bir tutmağın mümkünlüyünün fərqinə hələ varmırdılar.
Polşa hökuməti ilə ordu komandanlığının xaricə qaçması və ölkəni başlı-başına buraxması ilə bağlı ümumi qəzəb ilk vaxtlar almanlara olan nifrətdən daha güclü idi. Adamlar vaxtilə düşmənə hətta mundirdən bir düymə də verməyəcəyini vəd edən marşalın sözlərini kədərlə xatırlayırdılar. O, düyməni, həqiqətən də, verməmişdi, çünki Polşadan qaçanda mundiri özü ilə götürmüşdü. Bundan belə daha yaxşı olacağını, çünki almanların, nəhayət, Polşada nizam-intizam yaradacaqlarını deyənlər də tapılırdı.