Pianoçu. Владислав Шпильман
Чтение книги онлайн.
Читать онлайн книгу Pianoçu - Владислав Шпильман страница 9
Ən şaxtalı günlərdə Polşanın qərb vilayətlərindən Varşavaya yəhudilərlə dolu qatarlar gəlməyə başladı. İnsanların çoxu elə yoldaca tələf olmuşdu. Doğma yurdlarından didərgin düşmüş və uzun yol qət etməli olan biçarələri soyuq vaqonlarda ac-susuz gətirirdilər. Vaqonlar təyinat yerinə çatanda gətirilənlərin yarısından azı sağ qalırdı, onların da çoxu ağır şəkildə donmuş olurdu. Ölənlərin meyitləri yer darısqal olduğundan məcburən bir-birinə sıxılmış sağ qalanların arasında dimdik durur, vaqonların rəzələri açılan kimi isə yerə yumbalanırdılar.
Sanki bundan daha betər heç nə baş verə bilməzdi. Amma bu yəhudilərə belə gəlirdi. Nasistlər tam fərqli düşünürdülər. Alman prinsiplərinə uyğun olaraq günü-gündən güclənən terror yeni sərəncamlara imza atdı. Birinci sərəncama görə, yəhudilər həbs düşərgələrinə işə getməli idilər. Biz orda «ari irqinin sağlam vücudunda parazit»liyin daşını atmaq üçün zəruri ictimai tərbiyə almalı idik. Düşərgəyə on iki yaşından tutmuş altmış yaşınadək sağlam kişilər və on dörd yaşından qırx beş yaşınadək qadınlar yollanmalı idilər. İkinci sərəncam qeydiyyat və göndərilmə ilə bağlı idi. Almanlar bununla özləri məşğul olmaq istəmirdilər və onu yəhudi icmasına tapşırmaq qərarına gəlmişdilər. Biz özümüz özümüzün cəlladı olmalı, öz sonumuzu özümüz müəyyənləşdirməli, belə demək mümkündürsə, almanların qanuniləşdirdiyi intiharı gerçəkləşdirməli idik. Göndərilmə yazın əvvəlinə planlaşdırılmışdı.
Yəhudi icması ziyalıları qorumaq üçün əlindən gələni əsirgəməməyi qərara aldı. Min zlotı qarşılığında siyahıya salınmış adamın adı silinir və hər hansı bir yəhudi proletarı ilə əvəzlənirdi. Şübhəsiz ki, min zlotının hamısı bu bədbəxtlərin əlinə düşmürdü: həyatlarını araq və məzə ilə bəzəmələri üçün icma rəhbərlərinin həmçinin pula ehtiyacları vardı.
Nəhayət, yaz gəldi. Gözlənilən göndərilmə həyata keçirilmədi. Bu növbəti dəfə təsdiqlədi ki, almanların heç də bütün rəsmi sərəncamları icra olunmur. Əksinə, yəhudilərlə almanlar arasında bir neçə ay sürən gərgin münasibətlərin buzları əriməyə başladı. Özü də sanki hər iki tərəfin fikri cəbhədə baş verənlərdə qaldıqca bu ərimə daha gerçək vəziyyət alırdı.
Biz müttəfiqlərin qış boyunca sakitcə hazırlaşacaqlarına və yazda həm Fransadan, həm Belçikadan, həm də Niderlanddan almanlara hücuma keçəcəklərinə, «Ziqfrid xətti»nin yarılacağına, onların Bavariyanı, Saar kömür hövzəsini və Almaniyanı tutacaqlarına, Berlinə girəcəklərinə və ən geci yayda Varşavanı azad edəcəklərinə ümid bəsləyirdik. Şəhər bu hücumu bir bayram kimi həyəcan içində gözləyirdi. Həmin arada almanlar Danimarkaya girdilər ki, bu da yerli «siyasətçi»lərimizin fikrincə, heç nəyi dəyişməyəcəkdi – onlar orda onsuz da mühasirəyə düşəcəkdilər.
Mayın 10-da hücum başladı, amma hücuma müttəfiqlər deyil, almanlar keçdi. Niderland ilə Belçika təslim oldu, Fransa təcavüzə məruz qaldı, amma yenə də ümidi itirməyinə dəyməzdi. 1914-cü il təkrarlanırdı. Hətta fransız qoşunlarının başında elə o dövrdəki adamlar dururdu: Peten, Veyqan – Foşa məktəbinin ən yaxşı komandirləri. Onların bu dəfə də almanları əvvəlkindən pis dəf etməyəcəklərini gözləmək olardı.
Mayın 20-si günorta yanıma tanış skripkaçı gəldi. Birlikdə Bethovenin çox sevdiyimiz, amma çoxdan çalmadığımız sonatalarından birini xatırlamaq istəyirdik. Bir neçə dostumuz da gəldi və anam mənə xoş olsun deyə nahar hazırladı. Gözəl günəşli gün idi, biz qəşəng qəhvə içir, anamın bişirdiyi piroqlardan yeyirdik, hamının kefi kök idi; almanların Parisə yaxınlaşdıqları artıq məlum idi, amma heç kəs xüsusi olaraq təşviş keçirmirdi, axı hələ Marna – təbii müdafiə sərhədi qalırdı. Burda hər şey Şopenin skerso si minorunun ikinci hissəsindəki fermata6 kimi dayanmalı idi, bundan belə almanlar elə hücuma keçdikləri sürətlə də öz sərhədlərinədək geri çəkilməli idilər. Üstəlik, müttəfiqlər bununla da kifayətlənməyib son qələbə akkordlarını vurmalıydılar.
Biz qəhvəmizi içib ifa etməyə hazırlaşdıq. Mən yaxşı ifanı qiymətləndirməyi və musiqidən zövq almağı bacaran diqqətli dinləyicilərin əhatəsində royal arxasına keçdim. Sağımda skripkaçı, solumda isə notları çevirmək üçün Reginanın gənc və gözəl rəfiqəsi dayanmışdı. Adama xoşbəxtlik üçün bundan artıq nə lazım idi ki?! Biz telefonla zəng etmək üçün aşağı mərtəbədə yerləşən dükana getmiş Qalinanı gözləməli olduq. O, geri qayıdanda əlində adını xatırlamadığım qəzetin xüsusi buraxılışı vardı. Baş səhifədə mətbəədə tapıla biləcək ən iri hərflərlə bu kəlmələr çap olunmuşdu: PARİS ƏLƏ KEÇİRİLİB!
Mən başımı royalın üzərinə salıb müharibə başlayandan bəri ilk dəfə hönkürdüm.
Zəfərlərindən məst olmuş almanlar indi onun dadını çıxarandan sonra yenə yaxamızdan yapışacaqlar, hərçənd Qərb cəbhəsində müharibə gedərkən də onların bizi unutduqlarını söyləmək olmazdı. Qarətlər, yəhudilərin köçürülməsi və Almaniyaya işləməyə göndərilməsi ara verməmişdi, amma buna artıq öyrəşməyə macal tapmışdıq. İndi bunlardan da betər şeyləri gözləmək lazım idi.
Sentyabrda ilk sürgünlər həyata keçirildi – yəhudilər Beljis və Xrubeşovdakı düşərgələrə göndərildi. Orda meliorasiya işlərində «düzgün tərbiyə» alan yəhudilər günlərlə qurşağacan su içində dayanıb çala qazırdılar. Onlara sutka ərzində yüz qram çörək və bir boşqab duru şorba verirdilər. İş vəd olunduğu kimi, iki il deyil, cəmi üç ay çəkirdi, amma elə bu müddət də həmin adamların tamamilə gücdən düşməsi üçün bəs edirdi. Üstəlik, çoxu da vərəmə yoluxmuşdu.
Varşavada qalan bütün kişilərsə işə yazılmalı və həftədə minimum altı gün fiziki işlə məşğul olmalı idi. Bundan yayınmaq üçün əlimdən gələni edirdim. Əsas da barmaqlarıma görə: buğumların cüzi şəkildə belə zədələnməsi, əzələlərin azacıq dartılması, ya da yüngül bir zədələnmə pianoçu karyerasına son qoymaq üçün kifayət edirdi. Henrik bu məsələyə tamamilə başqa cür yanaşırdı: onun fikrincə, yaradıcı işlə məşğul olan hər kəs ağır fiziki əməyi də sınaqdan keçirməli, onun nə bahasına başa gəldiyini öyrənməlidir. Odur ki qardaşım da könüllü şəkildə işə yazıldı və bununla da təhsilini davam etdirmək imkanından məhrum oldu.
Tezliklə hər kəsi sarsıdacaq iki hadisə baş verdi: birincisi, almanların İngiltərəyə hava basqını, ikincisi, gettoya aparan
6