Sözlərin tarixi. Айзек Азимов
Чтение книги онлайн.
Читать онлайн книгу Sözlərin tarixi - Айзек Азимов страница 5
Amma bu sxemin təhlükəli tərəfi də vardı. İş orasındadır ki, fövqəladə vəziyyətlərdə çevik qərarlar qəbul etmək tələb olunur. Sonu görünməyən müzakirələr isə fəlakətlə nəticələnə bilərdi.
Buna görə də romalılar müvəqqəti çarın seçilə bilməsi şərtini də irəli sürmüşdülər. Senatın müəyyən bir müddətə bütün hakimiyyəti əlində cəmləşdirəcək və hakimiyyətdə olduğu vaxt sözünün qanun olacağı adamın adını açıqlamaq hüququ var idi. Bu səbəbdən də onu diktator adlandırırdılar (latıncadan tərcüməsi “mən dedim”). Yeri gəlmişkən, bu adam yalnız altı ay müddətinə seçilə bilərdi.
E.ə. 458-ci ildə Romanın üzərinə irəliləyən düşmənlə mübarizə aparmaq üçün romalı general Sinsinati diktator təyin edilir. O, müharibəyə yollanır, düşməni darmadağın edərək Romaya qayıdır və dərhal da vəzifədən gedir. Həmin general cəmisi on altı gün diktator olur.
Bizim zamanımızda da qanuni yolla seçilmiş, amma sonsuz söz-söhbət içərisində batıb qalmış dövlət orqanlarının əlindən hüquq və səlahiyyətlərini alan adamların mütləq hakimiyyəti altına düşən ölkələr var.
1922-ci ildə Benito Mussolini İtaliyada, 1933-cü ildə Adolf Hitler Almaniyada məhz bu yolla hakimiyyətə gəlmişdilər. Hər ikisi qeyri-məhdud hakimiyyətə malik idi, Hitler isə, üstəlik, ağlını itirmiş zalım hökmdar idi. İosif Stalin isə 1928–1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmişdi. Köhnə Roma adəti ilə onların hamısını diktator adlandırırdılar, hərçənd heç biri Roma diktatorları kimi səlahiyyətlərini təhvil vermək haqqında heç vaxt düşünməmişdi.
Dollar
Hökumət sikkələrin buraxılışı zamanı xeyli vəsait qənaət edə bilər. Yəni təmiz gümüş sikkələrin yerinə tərkibində mis və qurğuşun olan pullar kəsmək olar. “Yaxşı” sikkələrlə vergilər ödənir, “pislər” isə dövriyyədə qalır. (Yeri gəlmişkən, Birləşmiş Ştatlarda qənaət naminə 25 və 10 sentlik sikkələrdə gümüşün miqdarı sıfra endirilmişdir. Maliyyə əməliyyatlarının əsas hissəsi onsuz da kağız pullar və çeklər vasitəsilə həyata keçirilir.)
Orta əsrlərdə, sikkələr dövriyyədə yeganə pul vahidi olan zaman pulun qiymətdən düşməsi ağır nəticələrə gətirib çıxarırdı. Tacirlər işlərini ancaq yüksək əyarlı sikkələrlə görməyə üstünlük verirdilər. Bu sikkələr başqa ölkələrin pul vahidi olsa belə, gümüş gümüşlüyündə qalırdı.
Avropanın kifayət qədər güclü və müstəqil olan hissəsi tərkibində müəyyən miqdarda gümüş olan sikkələr kəsmək üçün mümkün hər şeyi edirdi. Bu pulların geniş ərazilərdə dövriyyədə olması bu bölgələrin iqtisadi yüksəlişinə təkan verir və nüfuzunun artmasına yardım göstərirdi. Beləliklə, Venesiyanın dukatı (bax: “Dukat”), Bizansın bezantı və Florensiyanın florini beynəlxalq nüfuz qazandı.
1519-cu ildə Bohemiyanın Sen-İoahimştale şəhərində8 gümüş yatağı aşkar edildi. Bura Praqadan 80 mil9 qərbdə yerləşir. Buranın hökmdarı etibarlılığı ilə, yəni gümüş təminatı sayəsində bütün Avropaya ayaq açmış gümüş sikkələr kəsdirdi. Onları ioahimtaler, sonra, sadəcə, taler adlandırmağa başladılar. İngilislər bu sözü dollar kimi tələffüz edirdilər.
Bu ad həmin dəyərdə olan bütün sikkələrə aid edilməyə başlandı. Bu sikkələr XVII–XVIII əsrlərdə Şimali Amerikanın İspaniyanın nəzarətində olan bölgələrində yaşayan ispaniyalılar arasında tədavüldə idi. Bu dollarların hər biri dəyərcə daha kiçik olan səkkiz reala (və ya royala) bərabər sayılırdı. Dəniz quldurları haqda hekayələrdə bu “dollarlar” “səkkizə bərabər” adlandırılırdı.
1792-ci ildə Birləşmiş Ştatlarda dollar əsas valyuta kimi qəbul edildi. 1 dollar 100 sentə bölünür.
Dukat
“Ducere” latın sözü olaraq arxasınca aparmaq və ya istiqamətləndirmək mənasını verir. Roma imperiyasının son dövrlərində imperiya komandanını “dux” adlandırırdılar. Orta əsrlərin ilk çağlarında krallar alicənablıq rəmzinə çevrilmiş bu adı baş generallarına verirdilər. İtalyan dilinə bu söz “duca”, ingilis dilinə isə “duke” kimi düşdü. Mənası hökmdar, hersoq deməkdir.
Müasir dövrdə belə hələ də bu söz işlənir. 1922–1943-cü illərdə İtaliyaya rəhbərlik edən Mussolinini duçe, yəni lider adlandırırdılar.
Kral titulu böyük ərazilərdə hömkranlıq edənlər üçün nəzərdə tutulurdu. Kiçik əraziləri idarə edən, özü də bunu çox məharətlə bacaran hersoq (dyuk) isə qüdrətinə görə kralı arxada qoya bilərdi; məsələn, XI əsrdə Normandiya hersoqu nəzəri cəhətdən Fransa kralının vassalı sayılmasına baxmayaraq, ondan daha varlı və nüfuzlu idi.
1140-cı ildə özündə Cənubi İtaliya və Siciliyanı birləşdirən Apuliya ən varlı hersoqluqlardan (duchy) biri idi. İtalyan dilində bu, “Ducato di Apulia” kimi səslənirdi. Buranın hökmdarı II Roje geniş tədavüldə olan gümüş sikkələr kəsdirirdi. O vaxtlar öz sikkələrini kəsdirmək üçün gümüş ehtiyatına malik varlı monarxların sayı elə də çox deyildi. Bu hökmdarların kəsdirdikləri sikkələr isə aşağı keyfiyyətli olduğu üçün onlara dəyər vermir və şübhə ilə yanaşırdılar. Tacirlər, təbii ki, etibarlı pullarla iş görmək istəyirdilər. Belə pulların sayı isə az idi. Rojenin dukatları məhz belələrindən idi.
Venesiya hökmdarı da (doj adlanırdı – duce-nin daha bir törəməsi) tədavülə tezliklə məşhurluq qazanmış dukatlar buraxdı. Şekspirin sayəsində bu sözü ingilisdilli xalqlar da öyrəndilər. Böyük ingilis şairi və dramaturqunun “Venesiyalı tacir” pyesində Venesiyada yaşayan yəhudi Şerlok pulları da götürüb evdən qaçan qızı haqqında danışarkən ucadan belə deyir: “Ah, mənim dukatlarım! Ah, mənim qızım!”
Bu söz məşhurlaşmış və sonradan, ümumiyyətlə, bütün pulları belə adlandırmağa başlamışlar.
Eldorado
Orta əsrlər və yeni dövrün qovşağında yaşayan avropalılar üçün Şərq misli görünməmiş sərvətlərlə zəngin bir ölkə idi. Haradasa bu, həqiqətən də, belə idi. Sadə insanlar Avropada olduğu kimi yoxsulluq içində yaşayırdı, amma yüksək zümrənin nümayəndələri həddən artıq var-dövlətə sahib idilər. Qərb tacirləri üçün ipək və ədviyyat kimi məhsullar sərvətin sinonimi idi.
Bu səbəbdən də Hindistana getdiyini zənn edən Kolumb
8
Müasir Yaximov, keçmiş Sankt-İoahimstal şəhəri. Şəhər müasir gerbində də müqəddəs Anna ilə birlikdə təsvir olunmuş müqəddəs İoakimin şərəfinə belə adlanırdı.
9
Mil (ing. mile) – 1609 metrə bərabər uzunluq vahidi