Sözlərin tarixi. Айзек Азимов
Чтение книги онлайн.
Читать онлайн книгу Sözlərin tarixi - Айзек Азимов страница 7
1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. İtaliya qalib ölkələr sırasında yer almasına baxmayaraq, müharibənin gedişində ağrılı məğlubiyyətlərə də uğramışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.
Mussolini hiss etmişdi ki, əgər o, güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək . O, aşağı sinif nümayəndələrinin tətil və digər sosial etirazlarla çıxış etmək hüquqlarının məhdudlaşdırılmasını istəyənlər tərəfindən razılıqla qarşılanacaq avtokrat hökumət qurulmasını təklif edir. Mussolini rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı.
Mussolini hakimiyyətə 1922-ci ildə gəldi, digər ölkələrdə isə bu cür qruplar 20–30-cu illərdə yarandı. Onlar hər biri ayrılıqda və hamısı birlikdə özləri ilə hər yerə qəddarlıq, eləcə də tiraniya gətirdilər.
Getto
Orta əsrlər və yeni tarixin başlanğıcında yəhudilər Qərbi Avropada acınacaqlı həyat sürürdülər. Onlara nifrət edir və həqarətlə baxırdılar. Yəhudilər, demək olar, bütün hüquqlardan məhrum vəziyyətdə, hər an həyatları təhlükə altında yaşayırdılar.
Xristianların çoxu yəhudilərə o qədər nifrət edirdi ki, onları seqreqasiya etməyi, yəni üzlərini görməmək üçün xüsusi ayrılmış bir yerə köçürülmələrini təklif edirdilər. Bu təklifi əsaslandırmaq üçün hətta humanist səbəblər gətirilirdi; məsələn, deyirdilər ki, birinci səlib yürüşündən bu yana nadan və cahil insan kütləsi vaxtaşırı yəhudilərə hücum edir, hətta onları öldürür. Bu səbəbdən də yəhudilərin təhlükəsizliyi baxımından onların təcrid edilmiş, hasara alınmış bir ərazidə yaşaması daha məqsədəuyğundur.
Bəzi yerlərdə, həqiqətən də, belə etmişdilər; məsələn, venesiyalılar bu məqsədlə Getto adlanan ada seçmişdilər. Bu söz “dəmirçixana” kimi tərcümə olunur. Ola bilsin, həqiqətən də, vaxtilə həmin adada dəmirçixana yerləşirmiş. 1516-cı ildə bu ada yəhudi məhəlləsinə çevrildi.
Hansısa səbəbdən Venesiyanın yəhudi məhəlləsi elə məşhurlaşdı ki, İtaliyanın bütün yəhudi məhəllələri getto adlandırılmağa başlandı; misal üçün, Romanın da öz gettosu var idi. 1556-cı ildə şəhərdəki bütün yəhudilər zorla ora yerləşdirildi. Sonralar bütün şəhərlərdə yəhudi məhəllələri getto adlandırılmağa başlandı; məsələn, Almaniyada Frankfurt gettosu mövcud idi. Yeri gəlmişkən, milyonçu Rotşildlər sülaləsi buradan çıxmışdı.
Fransa inqilabından sonra Avropanın bütün gettoları bağlandı, ancaq bundan az qala əsr yarım sonra – 1940-cı illərin əvvəllərində, nasistlərin dövründə bədnam Varşava gettosu yaradıldı.
ABŞ-da “getto” sözü yeni məna kəsb etdi. Bu adla yeni ev almağa ümidləri belə olmayan milli azlıqların – puertorikalı və zəncilərin yoxsulluq içində yaşadıqları xarabalıqlar çağırılır.
Gilyotin
Qədim dövrlərdə, eləcə də orta əsrlərdə bir çox cinayətlərə görə ölüm hökmü çıxarılırdı. Bunun səbəbi cəmiyyətin çoxsaylı həbsxanaları saxlamaq üçün maliyyə imkanlarının məhdud olması idi. Canilərdən qurtulmağın ən sadə yolu isə onları asmaq idi. Bunun üçün vur-tut kəndir və dar ağacı lazım idi.
Ancaq söhbət zadəganlardan gedirdisə, onları rəiyyətdən fərqli edam etmək lazım idi və onların başlarını bədənlərindən üzürdülər. Bunun üçün qılınc (zadəganın silahı) və balta lazım idi. Əgər hər şey düzgün yerinə yetirilirdisə, edam olunan bir göz qırpımında həyatla vidalaşırdı. Ancaq səriştəsiz cəllad birinci zərbədən başı üzə bilmirdisə, qurbanına dəhşətli əzablar yaşadırdı. Ölümə məhkum olanlar da ölümün özündən çox məhz bundan qorxurdular.
Orta əsrlərdə vaxtaşırı ağır bıçağı daha sürətlə enərək başı bədəndən xeyli dəqiqliklə ayıran qurğular peyda olurdu. Ancaq belə ölümlər “alicənablıqdan” uzaq sayıldığı üçün bu qurğulardan nadir hallarda istifadə olunurdu.
Fransa inqilabı günlərində inqilabi qanunverici orqanın üzvü, həkim Jozef İqnas Gilyoten məhkumların edam olunması üçün mexaniki bıçaqdan istifadə edilməsi təklifini irəli sürdü. Onun fikrincə, bu həm daha humanistcəsinə idi, həm də edam prosesini o qədər asanlaşdırırdı ki, demək olar, istisnasız olaraq bütün caniləri edam etməyə imkan verirdi. Bununla da zadəgan və rəiyyətin edamlarındakı fərq aradan qalxmış olurdı.
1792-ci il aprelin 25-də mexaniki bıçaq ilk qurbanının həyatına son qoydu. Bu, qəddar bir quldur idi. Mexaniki bıçaq onun istifadəsi üçün mübarizə aparmış insanın şərəfinə “gilyotin” adlandırıldı. Bu sözü 1793–94-cü illərdə hökm sürən dəhşətli terrordan ayrı təsəvvür etməyən insanlar gilyotini az qala qəddarlığın sinonimi hesab edirdilər. Ancaq ölüm hökmü mövcud olan müddətdə gilyotin, ola bilsin, bu hökmün yerinə yetirilməsinin ən humanist üsulu olaraq qalacaq. Fransızlar indiyədək ondan istifadə edirlər11.
Belə söz-söhbət gəzir ki, guya Gilyotenin özünün də başını gilyotinlə kəsiblər, amma bu belə deyil. O, terrorun hökm sürdüyü vaxtdan iyirmi bir il sonra, yetmiş altı yaşında öz əcəli ilə, çarpayısında vəfat edib.
Gimnaziya
Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mənəvi inkişafda mükəmməlliyə çatmalıdır. Bütün böyük hadisələri onlar yarış keçirməklə qeyd edirdilər. Bu yarışların ən görkəmlisi isə dörd ildən bir keçirilən və bütün yunanları mükəmməllik uğrunda birləşdirən Olimpiya oyunları idi. Bu oyunlar keçirilən müddətdə hətta müharibələrə ara verilirdi. Digər tərəfdən yunanların keçirdiyi yarışlar insanın təkcə fiziki imkanlarının nümayişi deyildi. Yunanlar eyni zamanda zehni inkişaf etdirən yarışlar da keçirirdilər.
Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından, təbii ki, bu yarışlara hazırlaşmaq üçün xüsusi ayrılmış yerlər olmalı idi. Yunanlar paltar bədənlərini narahat etməsin deyə bədən tərbiyəsi və idmanla çılpaq məşğul olurdular. Bu səbəbdən də yunanların fiziki hazırlıqla məşğul olduqları
11
Hazırda Fransanın da üzvü olduğu Avropa İttifaqında və bir çox başqa ölkələrdə, o cümlədən Azərbaycanda ölüm hökmü ləğv edilib.