Tarzan və onun heyvanları 3. Эдгар Райс Берроуз

Чтение книги онлайн.

Читать онлайн книгу Tarzan və onun heyvanları 3 - Эдгар Райс Берроуз страница 9

Tarzan və onun heyvanları 3 - Эдгар Райс Берроуз Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

zəfər qiyyəsi bəbirin qələbə hayqırtısına qarışdı və cəngəllikdə əks-səda verdi.

      Bu hay-küyü təkcə meşə heyvanları deyil, qayıqlarda adaya yaxınlaşan iyirmiyədək zənci də eşidirdi.

      V fəsil

      Muqambi

      Tarzan adanı eninə-uzununa başdan-başa keçmişdi və burada ondan savayı insan yaşamadığına əmin olmuşdu. Amma demək olmazdı ki, indiyədək, ümumiyyətlə, adaya insan ayağı dəyməyib. Çünki gur meşələr bütün izləri çox tez gizlədir, ləpirlərin üstünü örtür.

      Numaya rast gəldiyi günün ertəsi Tarzan Şitanın müşayiəti ilə meşədə gəzəndə Akutun qəbiləsi qarşılarına çıxdı. Bəbiri görən antropoidlər pərən-pərən düşdülər. Meymunları sakitləşdirmək və təzədən bir yerə yığmaq üçün onları xeyli dilə tutmaq lazım oldu.

      Tarzan bu əzəli düşmənləri barışdırmaq fikrinə düşmüşdü. Nə üçün belə etdiyini özü də bilmirdi, sadəcə, ağır düşüncələrdən ayrılmaq üçün başını qatırdı.

      Antropoidləri Şita ilə sülh şəraitində yaşamağın üstünlüyünə inandırmaq elə də çətin deyildi. Amma bəbir meymunlarla dostlaşmaq istəmirdi. O heç cür dərk edə bilmirdi ki, niyə daha meymun ovlamamalıdır, əksinə, onlarla birlikdə ova çıxmalıdır!

      Tarzanın yoğun dəyənəyi var idi. O, bəbirin boynunu kəməndə keçirib həmin dəyənəklə vəhşi pişiyin burnunu döyəcləyir, birdəfəlik beyninə yeritmək istəyirdi ki, bundan sonra meymunları yemək olmaz. Şita narazı-narazı mırıldanırdı, amma Tarzana toxunmurdu.

      Antropoidlər Tarzanın bu hərəkətlərinə Şitanın necə dözdüyünü anlamırdılar. Onlar vəhşi pişiyi insanın iradəsinə tabe olmağa məcbur edən səbəbləri qavraya bilməzdilər. Bunun sirrinin sehrli dəyənəkdə olduğunu düşünürdülər. Bəbirin itaətkarlığı meymunları cəsarətə gətirirdi. Onlar yavaş-yavaş Şitaya yaxınlaşır, Tarzanın arxasında dayanıb maraq və təəccüblə heç vaxt belə yaxından görmədikləri keçmiş düşmənlərinə baxırdılar.

      Nəhayət, Tarzanın səyləri öz nəticəsini verdi. İnsan, bəbir və meymunlar cəngəllikdə birgə gəzir, bir yerdə ov edir, ələ keçirdikləri qənimətləri bölürdülər.

      Bəzən Tarzan kollektiv həyatdan bezirdi, təkliyə çəkilib öz düşüncələrinə dalırdı. Bir dəfə o, yenə sahildə uzanıb fikrə getmişdi. Günəşin ilıq şüaları dərisinə sığal çəkir, ləpələrin pıçıltısı layla deyirdi. Tarzan mürgüləyirdi və buna görə oğrun-oğrun meşədən çıxan qaradərili döyüşçünü görmədi. Zənci sahildə yatmış adamı oyatmamaq üçün əli ilə yoldaşlarına işarə verdi. Birdən-birə kolların arasından iyirmiyədək kişinin başı görsəndi.

      Onların hamısının uca boyu, acıqlı baxışları, uzun nizələri var idi. Sifətləri rəngli zolaqlarla, bədənləri cürbəcür döymələrlə bəzədilmişdi, burunlarına halqa, əllərinə və ayaqlarına dəmir bilərziklər keçirilmişdi.

      Tarzan mürgüləyirdi və buna görə oğrun-oğrun meşədən çıxan qaradərili döyüşçünü görmədi. Zənci sahildə yatmış adamı oyatmamaq üçün əli ilə yoldaşlarına işarə verdi.

      Qaradərili döyüşçülər aşağı sinib addım-addım Tarzana yaxınlaşırdılar. Nə qədər ehtiyatlı davranmağa çalışsalar da, meymun-adam yad iyi hiss etdi və gözlərini açdı. Artıq gizlənməyin mənasız olduğunu görən düşmənlər dikəldilər, nizələrini başlarının üstünə qaldırıb hücuma keçdilər.

      Tarzan dərhal ayıldı. Ayağa sıçramağı ilə dəyənəyi əlinə götürməyi bir oldu. Elə ilk zərbədən bir neçə nəfəri yerə sərdi. Tarzan dəyənəyini sağa-sola fırlayır, düşmənə yaxınlaşmağa imkan vermirdi.

      Qaradərili döyüşçülər ciddi itki verib geri çəkildilər. Qısa müşavirədən sonra onlar yarımdairə şəklində düzüldülər və yeni hücuma keçdilər.

      Tarzan hücumu dəf etməyin bu dəfə çətin olacağını gördü. Əvvəla, düşmən eyni zamanda üç istiqamətdən üstünə gəlirdi. İkincisi, yoldaşlarını itirmiş qaradərililər lap hirslənmişdilər, qəzəblərini rəqslə və qışqırıqlarla ifadə edirdilər.

      Tarzana kömək lazım idi. O, dəyənəyini fırlaya-fırlaya başını yuxarı qaldırdı və dəhşətli qiyyə çəkdi. Qaradərililərin qulaqları cingildədi, onlar səslərini kəsib ayaq saxladılar və qorxa-qorxa baxışdılar. Bu, insan səsi deyildi, onun sahibinə üzbəüz döyüşdə qalib gəlmək qeyri-mümkün idi!

      Qaradərililər Tarzanı aralıdan vurmaq üçün nizələrini başlarının üstünə qaldırdılar, amma cəngəllikdə qopmuş hay-küy bir anlığa onların diqqətini yayındırdı.

      Hay-küyə başlarını döndərən zəncilər gördüklərindən dəhşətə gəldilər: meşədən bəbir, bir dəstə nəhəng meymun çıxıb sürətlə onlara yaxınlaşırdı. Bəbir havaya sıçrayanda dərisi günəş şüaları altında bərq vururdu, meymunlar iri yumruqlarını sinələrinə döyür, nərildəyirdilər.

      Tarzanın heyvanları onun çağırışına tələsirdilər.

      Tarzan bir tərəfdən, heyvanlar digər tərəfdən qaradərililəri qırmağa başladılar. Düşmənlər müqavimət göstərməyə çalışırdılar, onlar hətta antropoidlərin bir neçəsini nizə ilə vurmağa da müvəffəq oldular. Bununla belə, döyüş uzun çəkmədi. Zəncilərdən təkcə bir nəfər Tarzanın heyvanlarının əlindən sağ qurtarıb özünü meşəyə sala bildi.

      Meymun-adam dostlarını sahildə qoyub qaçanın dalınca düşdü. Qaradərili döyüşçü izləndiyini bilmirdi. Təpənin üstünə qalxıb qarşı tərəfdə sahilə çıxardıqları uzun qayığı görəndə o sevindi və nəfəsini dərmək üçün ayaq saxladı.

      Tarzan kölgə kimi düşməninin arxasında dayanmışdı. Meymun-adam bu qayığı birinci dəfə görürdü. Deməli, qaradərililər adaya üzüb gəlmişdilər və çox ehtimal ki, ya materikdə, ya da Afrika sahillərinə daha yaxın adada yaşayırdılar. Tarzan rəqibini öldürmək fikrindən vaz keçdi. İndi bu adam ona sağ lazım idi.

      Zəncinin çiyninə ağır bir əl endi. O diksinib geri döndü və Tarzanın üstünə atılmaq istədi. Amma meymun-adam buna imkan vermədi: qaradərili döyüşçünün biləyindən yapışıb qanırdı, onu yerə yıxdı və sinəsinə çökdü.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

Скачать книгу