Toy gecəsi. Qasımov Əlfi
Чтение книги онлайн.
Читать онлайн книгу Toy gecəsi - Qasımov Əlfi страница 11
– Müəllim, olar cavab verim? – soruşdu.
Qoça eynəyini çıxarıb kiçik qonur gözlərini Turala zillədi. Elə bil, birdən-birə dəyişdi. Elə bil gülümsədi də:
– Tələsmə, oğlum, – dedi, – yaxşı-yaxşı fikirləş, sualların cavablarını səliqə ilə vərəqə yaz, şifahi olmaz.
Cavan müəllim əlavə elədi:
– Tələsən təndirə düşər, bala, bura orta məktəb deyil!
Tural pərt oldu. Ürəyində özünü danladı da; «Doğrudan, niyə tələsirəm, axı!?»
Sualların cavablarını yazdı. Düsturları açdı. Məsələni həll elədi. Yenə qocanın zəhmli səsi eşidildi:
– Day bu olmadı, bilmirsiniz, biletlərinizi qoyub çıxın! – Bu dəfə Turala müraciət elədi: – Hə, oğlan, hazırsınızsə, buyura bilərsiniz.
Tural cəsarətlə irəli yeridi. Suallarına bir-bir cavab verdi.
– Şifahidən pis deyilsən, indi keç yazı taxtasına.
Tural təbaşiri götürüb lövhəni ağartdı.
Cavan müəllim lövhəyə baxıb dedi:
– Professor, başı işləyir, deyirəm kafisini verək getsin.
Qoca etiraz etdi:
– Yox, tələsmə, əzizim, mənim fikrim başqadır. Buna əlavə bir-iki sual da vermək istəyirəm. Yaxın gəl, oğlum.
Tural gəlib düz zəhmli qocanın qarşısında dayandı. Onun suallarına əlüstü cavab verdi. Zəhmli qoca eynəyini çıxarıb stolun üstünə qoydu. Məmnun halda stula yayıldı. Cavan müəllimin qulağına nəsə pıçıldadı. Cavan müəllim narazılıqla başını buladı. Cibindəki dəftərçəni çıxarıb gözucu baxdı, daz müəllimə nəsə dedi. Qoca yenə başını buladı. Bu dəfə cavan müəllim ona daha bir sual verdi. Tural nə qədər fikirləşdisə, sualın cavabını tapmadı.
– Müəllim, deyəsən, axı, bunu biz keçməmişik.
Cavan müəllim bozardı:
– Necə yəni keçməmisiniz? De ki, bilmirəm, vəssalam.
Tural cəsarətləndi:
– Yox, keçməmişik. Kitabımızda fosforun alınması yoxdur, istəyirsiniz açın baxın.
– Başından yekə danışma, bir sual da verib ikini basarıq belinə!
Tural astadan: «Bağışlayın, müəllim», deyib gözlərini yaşlı müəllimə zillədi.
Tural hiss elədi ki, gənc müəllim nədənsə narazıdır. Qoca ilə mübahisə eləyir. Niyə də razı olsun, axı? Tural gərək elə kobudluq eləməyəydi. Bura kənd məktəbi deyil ki, müəllimdən acıq çıxmaq üçün sinfə sərçə buraxaydı, gərək xahiş edəydi, yalvaraydı…
Atası yadına düşdü. Saçları salxım söyüdün saçaqlarına oxşayan Gülbutanın hüznlü baxışları gəlib gözləri önündə dayandı. Kəndləri pərdə-pərdə nəzərindən keçdi. Tarlalar, ağaclar, adamlar… Kəndlərinin başı üstə keşiş çəkirmiş kimi cərgələnən silsilə dağlar… Bu vəziyyət çox ani oldu, bir göz qırpımı möhlətində oldu, ayıldı, baxdı, yazıq-yazıq baxdı, ümidsiz baxdı. Müəllimlər hələ də mübahisə edirdilər. Cavan, müəllim əl-qolunu oynada-oynada nəsə deyir, sübut etmək istəyir, qoca müəllimsə şəhadət barmağı ilə daz başını qaşıya-qaşıya ona etiraz edirdi. «Yəqin kəsəcəklər». Bu fikir necə də dəhşətli idi! «Mənə deyirdilər axı, inanmırdım. Tanışım yox, pulum yox, dəlidilər mənə qiymət versinlər?».
Birdən haradansa əmisinin zəhmli baxışlarını gördü. İnəkləri yadına düşdü. Kolxoz sədrinin ona çəkdiyi şillənin şartıltısı qulaqlarında cingildədi: «Küçük! Sənin atan da əclaf olub. Kolxozun işinə həmişə pəl vurub!».
Turalın acizliyi, qorxusu bir andaca çəkilib getdi. Gözləri qəzəbdən alışıb yandı. Əsəbləri gərildi, yumruqları düyünləndi. Heç özü də bilmədən necə oldusa irəli yeridi.
– Məni kəsə bilməzsiniz, – deyə dəlicəsinə bağırdı. – Kitabda olmayan sualı mənə verməyə ixtiyarınız yoxdur! Gedib lap rektora deyərəm! Partkoma deyərəm, aləmi qataram bir-birinə!
Müəllimlər hər ikisi diksindi. Cavan müəllimin rəngi ağaran kimi oldu. Əlindəki dəftərçəni cəld qoltuq cibində gizlədib qocaya nəsə dedi. Qoca isə zahiri təmkinini saxlayırdı.
– Mən razı deyiləm. Bu nə hoqqadır çıxarırlar? Niyə qoymurlar imtahanımızı götürək? İnanmırlar, imtahana saxlamasınlar, inanırlarsa, qoysunlar işimizi görək.
Daz müəllim bu sözləri elə bərkdən dedi ki, Tural da eşitdi. Ürəyində özü-özündən: «Hoqqa nədir? Kim çıxarır hoqqanı? Müəllim kimin qarasına deyinir?» – soruşdu.
Gənc müəllim başını bulaya-bulaya otaqdan çıxdı. Tural özündə deyildi. Dumanlı şəkildə hadisənin nə ilə nəticələnəcəyini gözləyirdi. Böyümüş gözlərini müəllimə zillədi. Onun baxışlarında həyəcan, ümidsizlik, yalvarış var idi. Yenə anası yadına düşdü.
– Darıxma, oğlan, bu saat hər şeyi ayırd edərik.
Müəllimin səsindəki qayğıkeşlik Turalı bir qədər sakitləşdirsə də nigarançılığını azaltmadı: «Gərək müəllimə elə deməyəydim. Bəlkə də həmin sual kitabımızda var, unutmuşam, yadımdan çıxıb». Qapı açıldı, Cavan müəllim Qaraxanlı ilə bərabər içəri girdi. Elə bil Turalın üstünə gün doğdu. Bir istədi, özünü atsın onun üstünə, yalvarıb-yaxarsın, desin ki, Turalam, sizin çamadanlarınızı daşıyan oğlanam. Özünü güclə saxladı. İmtahan vərəqəsini verən qızın sözləri yadına düşdü: «Kişini dilə-dişə salma».
Qaraxanlı gözucu Turala baxdı, deyəsən tanımadı. «Qoca kişidir, yəqin unudub». Tural bu hissin təsiri ilə yenə sarsıldı. Qaraxanlı üzünü qoca müəllimə tutub soruşdu:
– Nə məsələdir?
– Mən bu oğlana beş vermək fikrindəyəm. Assistentim isə razı deyil. Ona görə Sizə əziyyət verdik.
Cavan müəllim dilləndi:
– Nə beş, canım? Adicə bir sual verdim, qaldı gözlərini döyə-döyə.
Tural ürəkləndi:
– Müəllim, professor, sizin kitabınızda fosforun alınması var?
Qaraxanlı yalnız indi uşağa diqqətlə baxdı, deyəsən nəyisə