Toy gecəsi. Qasımov Əlfi
Чтение книги онлайн.
Читать онлайн книгу Toy gecəsi - Qasımov Əlfi страница 7
– Vətəndaş, gecənin bu vədəsi burada niyə yatmısınız? Tural suala sualla cavab verdi:
– Olmaz yatmaq?
– Əlbəttə, olmaz! Bura mehmanxanadır, yoxsa vağzaldır səninçün?
Leytenant söhbətə qarışdı:
– Yəqin sərxoşdur, götürək ayıltma məntəqəsinə!
Tural özünü itirdi. Bilmədi nə cavab versin. Hannan-hana dilləndi:
– Yanılırsınız, yoldaş, ömrümdə dilimə içki dəyməyib. Serjant oğlanın bu sözlərindən sonra da burnunu onun ağzına tərəf tutdu. Turalı turşumuş şərab iyi vurdu.
– Yox, içməyib.
Leytenant əlavə elədi:
– Bax gör torbasındakı nədir?
Tural titrək səslə izahat verdi:
– Kitab-dəftərdir. İmtahana gəlmişəm. Skamyada oturub dənizə tamaşa eləyirdim, heç bilmirəm nə vaxt yuxu tutub məni.
– Qalmağa yerin yoxdur?
Tural dinmədi.
– Qohumdan-əqrəbadan kimin var şəhərdə?
– Heç kimim yoxdur.
Leytenant mütəəssir oldu.
– Hər halda, bulvarda yatmaq olmaz. Hər cür hadisə baş verə bilər.
– Bəs neyniyim? – deyə Tural səmimiyyətlə leytenanta baxdı. – Mehmanxanalarda yer vermədilər, qohum-əqrəbam yox, pənah gətirdim bu meyvə ağaclarına. Elə bildim öz bağımızdır. Burda da yatmağa siz qoymursunuz. Bəs neyniyim?
– Get vağzala! – deyə serjant məsləhət gördü. – Səhərəcən biri girir, biri çıxır. Yola salan kim, qarşılayan kim, bilet növbəsində dayanan kim… Heç olmasa adam arasında olarsan, yoxsa burda tək-tənha yatmaq olmaz. Bir hadisə olar, sonra di gəl cavab ver.
– Vağzala necə gedim burdan?
– Çox sadəcə. Duz sallanarsan üzü aşağı. Hökumət evinin yanından burularsan sola, bir az da gedib çatarsan vağzala.
– Çox sağ olun, – deyə Tural milis işçilərinə razılığını bildirdi. – İcazə olar, gedim?
– Olar!
VAĞZALDA HADİSƏ
Gecə yarıdan keçməsinə baxmayaraq vağzal tünlük idi. İçəri girən kimi onu sirkə-sarımsaq qoxulu, spirtli, tər iyli boğanaq vurdu. Dəniz sahilinin təmiz havasından sonra vağzalın ağır havası dərhal özünü göstərdi. Turalın nəfəsi tıncıxır, başı gicəllənirdi. Perrona çıxdı. Burada da hava o qədər təmiz deyildi. Adamlar boyunlarının tərini silə-silə, üz-gözlərini dəsmalla, qəzetlə yelləyə-yelləyə gəzişirdilər. Dəqiqələr keçdikcə adamlar seyrəlirdi. Tural hiss etdi ki, göz qapaqları sözünə baxmır, asta-asta yumulur. Yatmaq lazım idi. Harada olsa, necə olsa gözünün acısını almalı idi. Dəyən, toxunan olmasaydı o, elə buradaca, perronun asfalt döşəməsi üstünə uzanıb şirin-şirin yatardı.
İçəri keçdi. Hava daha da ağırlaşmışdı. Skamyalardan birində iki cavan mürgü döyürdü. Oğlan başını qızın çiyninə qoyub məzələnirdi. Tural onların yanında özünə yer elədi. Kitab-dəftər dolu zənbilini başının altına qoyub uzandı. Uzanmağı ilə də yuxulamağı bir oldu. Səhərin alatoranında parovoz fitindən oyandı. Qalxdı. Gərnəşdi. Ürəyindən keçdi ki, bir çayxana olsaydı, bir-iki stəkan çay içərdi, lap çayını şirin eləyib pendir-çörəklə vurardı bədənə. Əlini sağ cibinə atdı. Pulu yox idi, sol cibinə atdı, o da tərtəmiz idi. Deməli, pulunu cibindən çıxarmışdılar. Ora-bura döyükdü. Onunla bir skamyada oturmuş oğlanla qızı axtardı. Oğlan hardaydı, qız nə gəzirdi? Tural gücü gəldikcə bağırdı:
– Aparıblar! Aparıblar!
Yuxulu adamlar diksinib ayıldılar, özünü dəli kimi ora-bura vuran oğlana baxıb soruşdular:
– Nəyi aparıblar?
– Kimi aparıblar?
Suallar hər tərəfdən dolu kimi Turalın üstünə yağdı.
– Pulumu, 30 manat pulumu!
Haraya milis işçisi gəldi. Təskinlikverici elə bir söz demədi:
– Axşamüstü bir bizə dəyərsən, oğrunu tapsaq, pulunu qaytararıq.
Tural ürəyində: «Ay tapdınız, ha! – deyərək özünü danladı. – Görək elə mütləq yataydım? Bir gecəni yuxusuz qalsaydım, ölərdim?»
Nə etməli? Tanış yox, qohum yox, ümid yeri yox. Elə bu zaman qatar silkələnib dayandı. Sərnişinlərdən bəziləri kupelərin pəncərələrindən başlarını çıxarıb:
– Yükdaşıyan! Yükdaşıyan! – deyə harayladılar.
Tural gözlərində iri, yaşıl gün eynəyi olan, pəncərədən boylanıb yükdaşıyan çağıran qıza yaxınlaşdı. Yalvarırmış kimi dedi:
– Bacı, olar mən gəlim?
– Əlbəttə, olar, buyur, tez elə! Qalx yuxarı!
Tural vaqondan düşənlərə toxuna-toxuna içəri girdi. Qız onu kupenin ağzında qarşıladı.
– Gəl, gəl bura. Götür bunları.
Tural iki iri çamadanı güclə qaldırdı, çamadanlar zindan kimi ağır idi, elə bil içinə daş doldurmuşdular. Eynəkli qız yaşlı kişiyə dedi:
– Ata, maşın açıqdır, sən bu oğlanla get, çamadanları qoyub qayıtsın.
Alçaqboylu, üz-gözündən nur yağan, ağ, qıvrım saçları çiyninə dağılmış kişi eynəyini gözündən çıxarıb Hovxurdu, sildi, yenə gözünə taxıb, çəliyini götürüb, qabağa düşdü.
– Oğlum, gəl dalımca.
Kişi qara «Volqa»nın yük yerini açdı. Tural ehmalca çamadanları yerbəyer eləyib geri qayıtdı. Yenə iki ağır çamadan götürməli oldu. «Zalımın balası gör nə qədər şey alıb», – deyə ürəyində deyindi.
Tural qıza müraciətlə çəkinə-çəkinə dedi:
– Bacı, zəhmət olmasa o zənbili də keçirin boynuma, kitablarımdır.
– Eybi yoxdur, onu da mən götürərəm.
Oğlanın