Radetski Marşı. Йозеф Рот

Чтение книги онлайн.

Читать онлайн книгу Radetski Marşı - Йозеф Рот страница 12

Автор:
Жанр:
Серия:
Издательство:
Radetski Marşı - Йозеф Рот

Скачать книгу

bir faytonla yola çıxdılar. Küçələr Karl Cozefə həmişə olduğundan daha şən görünürdü. Günortadan sonranın yay istiliyi evlərə, ağaclara, tramvaylara, piyadalara, polislərə, yaşıl oturacaqlara, heykəllərə, bağçalara axır; nalların parket daşlara dəyərkən çıxardığı şappıldayan səslər eşidilirdi. Gənc qadınlar incə, zərif işıqlar kimi geridə qalır, əsgərlər salam verir, vitrinlər parıldayırdı. Böyük şəhərdə yüngül bir yay mehi hiss edilməkdə idi. Ancaq yayın bütün gözəllikləri Karl Cozefin laqeyd gözlərinin qarşısından keçib gedirdi. Qulağına atasının sözləri gəldi; yerlərindən köçürülən tütün dükanları, yeni bufetlər, uzadılan araba yolları, önə və ya arxaya çəkilən dayanacaqlar… Onun vaxtında çox şey fərqli idi. Lakin o həm yox olub gedən, həm də yerini qoruyanlar haqqında sadiq xatirələrini dilə gətirir, səsi yavaşca, alışılmayan bir mehribanlıqla köhnə zamanların kiçik xəzinələrini təsvir edir, zəif əliylə bir zamanlar gəncliyinin yaşıllaşdığı yerləri göstərərək onları salamlayırdı. Karl Cozef susurdu. Onun özü də bir az əvvəl gəncliyini itirmişdi. Sevgisi ölmüş, lakin ürəyi atasının kədərinə açılmışdı; bölgə qubernatorunun daş kimi sərtliyinin arxasında başqa birinin, sirli, amma yenə də tanış bir adamın, bir Trottanın, bir sloven hərbi təqaüdçüsünün, Solferinonun qəribə qəhrəmanının nəslindən gələn bir adamın gizləndiyini qəbul etməyə başladı. Yaşlı kişinin qışqırıqlarıyla açıqlamalarının canlandığı ölçüdə oğlunun itaətkar, alışılmış təsdiqləri seyrəkləşib zəiflədi; erkən yaşlarından bəri bir ağız vərdişi halına gələn, "bıçaq kimi", "vəzifəşünas","bəli, ata" fərqliləşərək qardaşcasına, isti bir səs tonuna çevrildi. Ata cavanlaşmış, oğul isə yaşlanmış kimi görünürdü. Bölgə qubernatorunun köhnə yoldaşlarını, gəncliyinin tanışlarını axtardığı bir çox rəsmi idarəyə baş çəkdilər. Brandl polis müdiri, Smekal bölmə müdiri, Monteşitski polkovnik və Hasselbrunner Xarici İşlər İdarəsində attaşe olmuşdu. Bəzi dükanların qarşısında dayanıb Tuxlaubendəki Reitmeyerə ballarla qəbullar üçün oğlaq dərisindən bir cüt yarımboğaz çəkməylə Viedendəki saray və ordu dərzisi Ettlingerə bir bal şalvarı sifarişi verdilər. Sonra inanılması çətin olan bir şey baş verdi – bölgə qubernatoru saray zərgəri Şafranskidə gümüş siqaretqabı seçdi; yəni içinə "en periculo securitas; atan" sözlərini yazdırdığı lüks bir əşya.

      Şəhər parkına gedib qəhvə içdilər. Terrasın dəyirmi masaları tünd yaşıl kölgənin içində dümağ parlayır, süfrələrin üzərindəki sifonlu şüşələr maviyə bürünürdü. Musiqi ara verdikdə quşların şən-şaqraq ötüşü eşidilirdi. Bölgə qubernatoru xatirələrini sanki yuxarılardan toplayırmış kimi başını havaya dikərək danışmağa başladı:

      –Burada bir qızla tanış olmuşdum. Üzərindən neçə il keçdi, görəsən?

      Səssiz hesabların içində itdi. Deyəsən, o zamanlardan bəri uzun illər keçmişdi; Karl Cozefə bir anlığa elə gəldi ki, yanında atası deyil çox qədim bir əcdadı oturub.

      –Adı Mizzi Şinaql idi, – yaşlı kişi dedi. Sanki frau Şinaql kiçik bir quş idi, yaddaşından silinən şəklini axtarırmış kimi şabalıd ağaclarının sıx yarpaqlı təpələrinə baxdı. Karl Cozef nəzakət xətrinə, eyni zamanda keçmiş illərin nə qədər keçmişdə qaldığına dair bir işıq ucu əldə etmək məqsədiylə soruşdu:

      –Yaşayırmı hələ də?

      –Ümid edirəm! Bilirsənmi, mənim zamanımda insanlar çox romantik deyildi. Qızlardan ayrılmaq adi bir şey idi; yoldaşlardan da… – Birdən-birə dayandı. Masalarının yanında yad bir kişi dayanmışdı; geniş kənarlı şlyapası, uçuşan qalstuku, ətək hissəsi büzüşmüş köhnə, boz pencəyi, ənsəsində toplanmış sıx, uzun saçları; böyük, solğun, təraşsız üzüylə ilk baxışda rəssamı xatırladan, köhnədənqalma bir sənətkar fizionomiyası təsəvvürünə uyğun olaraq qeyri-həqiqi bir karikaturaya bənzəyən bir kişi. Yad kişi qovluğunu masanın üzərinə qoyaraq əsərlərini qismən kasıblıq, qismən də xüsusi bir missiya inancından qaynaqlanan qürurlu bir laqeydliklə təqdim etməyə cəhd etdi.

      –Moser, – herr von Trotta dedi. Rəssam böyük, açıq rəngli gözlərinin üstündəki ağır göz qapaqlarını yavaşca yuxarıya qaldırdı, bir neçə saniyə boyunca bölgə qubernatoruna baxıb əlini uzadaraq dedi:

      –Trotta.

      Daha bir saniyə belə keçmədən üzərindəki çaşqınlığı və itaətliliyi atmışdı; qovluğu stəkanların titrəməsinə gətirib çıxaran bir şiddətlə masanın üzərinə çırpdı və sanki doğrudan da səsini yuxarıya eşitdirmək istəyirmiş kimi üç dəfə “Aman Tanrım" deyə qışqırdı; baxışlarını bir qalib ədasıyla alqış gözləyirmiş kimi yan masalarda gəzdirdi; oturdu, şlyapasını çıxardıb kürsünün yanındakı çınqılların üzərinə atdı, qovluğu laqeyd bir rəftarla "natəmizlik" olaraq tanıtdıqdan sonra qoluyla masanın kənarına itələdi, başını leytenanta çevirdi, qaşqabağını tökdü, yenidən geriyə söykəndi:

      –Necə yəni, cənab qubernator, oğlundurmu?

      –Gənclik yoldaşım, professor Moser, – deyə bölgə qubernatoru açıqladı.

      –İlahi, demək, cənab qubernator, – deyə Moser təkrarladı. Bunu deyərkən bir ofisiantın frakından tutub ayağa qalxdı; ofisiantın qulağına gizli bir söz deyirmiş kimi sifarişini verdi, oturub susqunluğa büründü. Gözləri ofisiantların içkilərlə gəlməli olduqları tərəfə çevrilmişdi. Nəhayət, su kimi şəffaf olan “Slivovitz” ilə yarısına qədər dolu bir soda stəkanı qarşısında dayanırdı; stəkanı qanadları genişlənmiş burnunun altında irəli-geri apardı, sanki bir qurtumda bitirəcəkmiş kimi bir qol hərəkətiylə başına çəkdi, amma təkcə kiçik bir qurtum almaqla kifayətləndi, sonra diliylə dodaqlarında qalan damlaları yaladı.

      –Demək iki həftədir buradasan, amma məni ziyarət etmədin, – deyə amiranə bir sərtliklə başladı.

      –Əziz Moser, – herr von Trotta dedi, – dünən gəldim, sabah yenə gedirəm.

      Rəssam uzun-uzadı bölgə qubernatorunun üzünə baxdı. Sonra stəkanı yenə dodaqlarına apararaq heç ara vermədən birnəfəsə su kimi içdi. Stəkanı yenidən yerinə qoymaq istəsə də bacarmadı, Karl Cozefin stəkanı əlindən almasına icazə verdi.

      –Təşəkkür edirəm, – deyən rəssam sonra barmağını leytenanta doğru uzadaraq bildirdi.

      Solferino qəhrəmanıyla qeyri-adi bir bənzərlik. Sadəcə bir az daha yumşaqdı! Arıq bir burun. Yumşaq ağız. Əlbəttə, zaman keçdikcə dəyişə bilər…

      Yaşlı Trotta oğluna dedi:

      –Professor Moser babanın şəklini çəkmişdi.

      Karl Cozef atasına və rəssama baxdı, gözlərinin qarşısında siqaret otağının yuxarı kandarının altında babasının yavaş-yavaş unudulub gedən portreti canlandı. Professorun atasıyla əlaqəsini ağlı qəbul eləmir, atasının Moser ilə səmimiyyəti onu qorxudurdu; yad adamın geniş,

Скачать книгу