Radetski Marşı. Йозеф Рот
Чтение книги онлайн.
Читать онлайн книгу Radetski Marşı - Йозеф Рот страница 11
–Təzə bir içki pis olmaz.
İki sadə soda aldılar, gizlədə bilmədiyi bir şəhvətlə Karl Cozefin rəngli işıltısından gözü qamaşdığı görünən sarışın qızı ötəri bir qürurla süzdü. İçkilərini bitirib yollarına davam etdilər. Bölgə qubernatoru arabir cilovlaya bildiyi bir coşqunluğa eyham vurmaq istəyirmiş kimi çəliyini yelləyirdi. Susqun olmasına və həmişəki kimi ciddiliyini qorumasına baxmayaraq, oğluna bu gün az qala enerjili görünürdü. Şən əhvalı bəzən halından razı bir şəkildə yüngülcə öskürməsinə səbəb olurdu, buna bir növ gülmək də deyilə bilərdi. Yolda bir adam salam verincə, yüngülcə şlyapasını götürüb yenə başına qoyurdu. Məsələn, "nəzakətlilik də çətinlik yarada bilir" kimi cürətli paradoksları dilə gətirməyə cəsarət etdiyi anlar belə yaşanırdı. Yanlarından gəlib keçənlərin heyrət dolu baxışlarına necə sevindiyini bildirmək-dənsə, cürətli bir söz deməyi üstün tuturdu. Yenidən evin qapısına yaxınlaşarkən bir daha dayandı. Oğluna doğru dönərək dedi:
–Gəncliyimdə mən də əsgər olmaq istəyirdim. Baban bunu qəti bir şəkildə qadağan etdi. İndi sən məmur olmadığın üçün şadam.
Karl Cozef atasına baxıb cavab verdi:
–Bəli, ata.
Yeməkdə şərab vardı, mal ətiylə albalılı keksi də çatdıra bilmişdilər. Frauleyn Hirşvits bazar günlərinə xas boz ipək paltarıyla gəldi, Karl Cozefi görüncə ciddiliyini böyük bir ölçüdə kənara buraxıb dedi:
–Çox sevindim, sizi ürəkdən təbrik edirəm.
Sonra yeməyə başladılar.
–Tələsməyin lazım deyil, – yaşlı kişi dedi. – Əgər daha əvvəl bitirsəm, bir az gözləyərəm.
Karl Cozef başını qaldırdı. Atasının yeməkdə ona çatmağın nə qədər səy tələb etdiyini illərdən bəri bildiyini bu anda anlamışdı. İlk dəfə yaşlı kişinin zirehini dəlib ürəyinə, gizli düşüncələrinə çata bildiyini hiss etdi. Karl Cozef artıq leytenant olmasına baxmayaraq qızardı.
–Təşəkkür edirəm, ata, – dedi. Bölgə qubernatoru yeməyi tələsik qaşıqlamağa davam etdi. Heç bir şey eşitmirmiş kimi idi.
Bir neçə gün sonra Vyanaya gedən qatara mindilər. Oğlan qəzet, yaşlı kişi isə sənəd oxuyurdu. Bölgə qubernatoru başını qaldıraraq dedi:
–Vyanada sənə bir salon şalvarı sifarişi verək, sadəcə iki salon şalvarın var.
–Təşəkkür edirəm, ata.
Oxumağa davam etdilər.
Ata sənədləri götürdükdə Vyanaya on beş dəqiqə qalmışdı. Oğul qəzeti dərhal kənara qoydu. Bölgə qubernatoru əvvəlcə pəncərəyə, sonra bir neçə saniyə boyunca oğluna baxdı. Birdən dedi:
–Baş çavuş Slamanı tanıyırsan, elə deyilmi?
Ad Karl Cozefin yaddaşında bir yumruq təsiri yaratdı, itirilmiş zamanlardan gələn bir səs kimi idi. Gözlərinin qarşısında Jandarm Birliyinə gedən yol, alçaq tavanlı otaq, güllü gecəlik, geniş və möhkəm yataq peyda oldu, burnuna çəmənliklə frau Slamanın ətri gəldi. Qulağını şəklədi. Yaşlı kişi davam etdi:
–Slama təəssüf ki, bu il dul qaldı. Kədərli bir vəziyyətdi! Frau Slama doğum vaxtı həyatını itirib. Slamaya baş çəksən yaxşı olar.
Kupe birdən-birə çox isti olmuşdu. Karl Cozef yaxalığını boşaltmağa çalışdı. Deyilə biləcək uyğun bir söz tapmaq üçün boş yerə çalışarkən, içində axmaqcasına, yandırıcı, uşaq kimi ağlamaq istəyi yarandı; boğazı düyünləndi, sanki günlərdir su içmirmiş kimi damağı qurudu. Atasının baxışını üzərində hiss etdi, özünü məcbur edərək gözlərini mənzərəyə çevirdi; etiraz edilməyəcək bir şəkildə yaxınlaşdıqları hədəfin çəkdiyi böyük əzabı daha da artıracağını düşünür, heç olmasa dəhlizə çıxa bilməyi arzulayır, lakin eyni zamanda atasının baxışlarından və sözlərindən qaça bilməyəcəyini başa düşürdü. Qalan bütün gücünü tezcə toplayaraq dedi:
–Ona baş çəkərəm.
–Qatar səfəri, deyəsən, sənə yaxşı təsir eləmir.
–Bəli, ata.
Karl Cozef ad verə bilmədiyi, indiyədək yaşamadığı, uzaqlardan gələn sirli bir xəstəlik kimi hiss etdiyi ağrı-acının, əzabın altında əzilərək heç nə danışmadan, dimdik bir halda otelə getdi. Elə bircə "bağışla, ata" deməyi bacara bildi. Sonra otağının qapısını qıfılladı, çamadanını boşaltdı, içində frau Slamadan gələn bir neçə məktub olan qovluğu çıxardı; məktublar üstündə şifrəli ünvan yazılmış orijinal zərflərində idi – Mährisch-Weiskirchen, posta restante1. Mavi səhifələr səma rəngində idi, qərənfil ətri gəlirdi; zərif, qara hərflər nizamlı bir qaranquş qatarı kimi sətirdən sətrə uçub gedirdi. Ölü frau Slamanın məktubları! Məktublar Karl Cozefə qadının qəfil sonunun erkən xəbərçiləri, sadəcə ölümün kandarındakı əllərdən çıxa biləcək mənəvi bir incəlik, o biri dünyadan zamanı gəlmədən göndərilmiş salamlar kimi göründü. Son məktuba cavab yazmamışdı. Məzuniyyət, mərasim çıxışları, vidalaşma, ayin, təyinat, yeni rütbə və yeni forma… Bütün bunlar mavi arxa plan üzərindəki zərif hərflərin yüngül, qaranlıq silsiləsi qarşısında əhəmiyyətini itirirdi. Ölü qadının oxşayan əllərinin buraxdığı izlər hələ də bədənində idi, öz əlləri isə hələ də onun sərin sinəsinin xatirəsini saxlayırdı; yumulu gözləriylə onun sevgidən doymuş xoşbəxt yorğunluğunu, dodaqları aralanmış qırmızı ağzını, dişlərinin dümağ parıltısını, laqeyd bir tərzdə bükdüyü qolunu, arzusuz röya ilə xoşbəxt yuxuların bədəninin hər cizgisində əks olunan axıcılığını seyr edirdi. İndi isə soxulcanlar döşlərində, baldırlarında sürünür, üzü çürüyüb gedirdi. Çürümənin qorxunc şəkilləri gənc oğlanın gözlərinin qarşısında canlandıqca, içindəki ehtiras da gücləndi; ölünün köçüb getdiyi yerlərin ağlasığmaz sonsuzluğuna daşmağa başladı. Leytenant düşündü ki, böyük bir ehtimalla artıq onu ziyarət etməzdim. Onu unudardım. Mehriban sözlər deyirdi, ana idi, məni sevirdi, öldü! Ölümünə görə cavabdeh olduğu açıqca ortada idi. Həyatının kandarında sevdiyi bir cəsəd yatırdı.
Bu, Karl Cozefin ölümlə ilk tanışlığı idi. Anasını xatırlamırdı. Anasının haqqında məzarı,
1
Latın dilində, poçtdan təslim almaq üçün