Radetski Marşı. Йозеф Рот

Чтение книги онлайн.

Читать онлайн книгу Radetski Marşı - Йозеф Рот страница 10

Автор:
Жанр:
Серия:
Издательство:
Radetski Marşı - Йозеф Рот

Скачать книгу

çəmənliklərin necə titrəyərək dalğalandığı hiss edilirdi. Uzaqlardakı bataqlıqlarda qurbağalar quruldamağa başlamışdı. Sapsarı bir evin açıq pəncərəsindən gənc bir qadın bomboş olan küçəyə baxırdı. Karl Cozef qadını əvvəllər heç görməmiş olmasına rəğmən hörmətlə salamladı. Qadın bir az qəribsəyərək və minnətdarlıqla baş əydi. Karl Cozef özünü sanki frau Slamayla daha çox indi vidalaşırmış kimi hiss etdi. Pəncərədəki yad qadın sevgi ilə həyat arasında bir sərhəd patrulu kimi dayanırdı. Qadını salamladıqdan sonra Karl Cozef özünü dünyaya geri dönübmüş kimi hiss edirdi. Addımlarını sürətləndirdi. Saat düz səkkizə iyirmi dəqiqə qalmış evə çatmışdı və atasına geri döndüyünü bildirdi; solğun, qısa və qərarlı; eynilə kişilərin etməli olduğu kimi.

      Baş çavuşun iki gündən bir patrul vəzifəsi vardı. Hər gün əlində bir sənəd dəstəsiylə Bölgə Qubernatorluğuna gəlir, amma bölgə qubernatorunun oğluyla heç bir zaman qarşılaşmazdı. Karl Cozef hər iki gündən bir saat dörddə Jandarm Birliyinə gedər, saat yeddidə oranı tərk edərdi. Frau Slamadan özüylə gətirdiyi ətir quru yay axşamlarının başqa qoxularıyla qarışar, Karl Cozefin əllərinə hopardı. Karl Cozef yemək vaxtı atasına lazım olduğundan çox yaxınlaşmamağa çalışardı. Bir axşam yaşlı Trotta dedi:

      –Buradan payızın iyi gəlir.

      Ümumiləşdirirdi. Frau Slama əsasən əspərək çiçəyi ətirindən istifadə edərdi.

      III

      Portret bölgə qubernatorunun siqaret otağında pəncərənin qarşısındakı divarda o qədər yüksəkdən asılmışdı ki, alın və saçlar köhnə taxta yuxarı kandarın tünd qəhvəyi kölgəsində itirdi. Nəvənin marağı davamlı bir şəkildə babasının aşınmış, solğun cizgiləriylə unudulmağa üz tutmuş şöhrəti arasında gəzişirdi. Pəncərələrin açıq olduğu, şəhər parkındakı şabalıd ağaclarının tünd yaşıl kölgəsinin otağı yay mövsümünün bütün dolğun, güclü sükunətiylə bürüdüyü, bölgə qubernatorunun şəhər kənarında bir komissiya yığıncağını idarə etdiyi, keçə başmaqlarıyla evin içində gəzən Jakın isə ayaqqabı, paltar, külqabı, şamdan və ayaqlı lampaları təmizləmək məqsədilə yığdığı bəzi günortadan sonrakı sakit vaxtlarda Karl Cozef bir kürsünün üstünə çıxıb babasının şəklinə yaxından baxardı. Şəkil saysız dərin kölgəylə aydın işıq ləkələrinə, fırçayla çəkilən cizgilərlə xallara, minlərlə detala və qurumuş boyanın meydana gətirdiyi sərt bir rəngarəngliyə dağılırdı. Sonra Karl Cozef kürsüdən düşərdi. Ağacların yaşıl kölgəsi babasının qəhvəyi pencəyinin üzərində oynayır, fırçayla çəkilən cizgilərlə xallar tanış, amma başa düşülməsi imkansız olan fizionomiyada yenidən bir araya gəlir, gözlər tavanın qaranlığına çevrilmiş alışılmış uzaq ifadəsini qazanırdı. Hər il yay tətilləri nəvənin babayla etdiyi səssiz söhbətlərə səhnə olurdu. Ölü heç bir sirr vermir, oğlan heç bir məlumat əldə edə bilmirdi. İllər bir-birinin ardınca gəlib keçərkən, şəkil sanki Solferino qəhrəmanı bir daha ölmüş, xatirəsini yavaşca özüylə aparıb günlərin birində qara çərçivəli bomboş bir rəsmdən aşağıya baxacaqmış kimi getdikcə solğunlaşıb axirətə qarışırdı.

      Jak aşağıdakı həyətdə taxta balkonun kölgəsində, bir taburetin üstündə oturar, hərbi sıraya görə düzdüyü çəkmələri cilalayardı. Karl Cozef frau Slamanın yanından evə döndükdə həyətə Jakın yanına gedərək bir küncdə əyləşərdi.

      –Babamdan danışın, Jak.

      Jak da fırça, pasta və cilanı bir kənara qoyar, mərhumdan danışmağa başlamazdan əvvəl sanki əllərini təmizləmək istəyirmiş kimi bir-birinə sürtərək daha əvvəl ən azı iyirmi dəfə olduğu kimi sözə başlayardı:

      –Onunla aramız həmişə yaxşı idi! Mən malikanəyə gələndə artıq çox gənc deyildim, heç evlənmədim, evlənməyim mərhumun xoşuna gəlməzdi. Qadınlardan xoşlanmazdı, özününkü, yəni baronessa xaric, amma o da onsuz da erkən öldü, ağciyərləri… Hər kəs mərhumun Solferino müharibəsində imperatorun həyatını xilas etdiyini bilirdi, lakin özü bundan heç danışmazdı, ağzından bir söz belə çıxmadı. Buna görə məzar daşına “Solferino qəhrəmanı” yazdılar. Öldükdə çox da yaşlı deyildi, axşam saat doqquza yaxın, gərək ki, noyabrda idi. Qar yağmağa başlamışdı, günortadan sonra həyətə düşüb məndən soruşdu: “Jak, xəzdərili çəkmələri hara qoydun?” Çəkmələrin harada olduğunu bilmirdim, amma dedim: “Dərhal gətirərəm, herr baron”. “Sabah olsa da olar”, – dedi, amma ertəsi gün onlara ehtiyacı olmadı. Mən heç evlənmədim!

      Bildikləri bu qədər idi.

      Bölgə qubernatoru bir gün (son tətillər idi, bir il sonra Karl Cozef məzun olacaqdı) vidalaşarkən dedi:

      –Hər şeyin yolunda gedəcəyinə ümid edirəm. Sən Solferino qəhrəmanının nəvəsisən. Bunu fikrindən çıxarmasan sənə bir şey olmaz.

      Mayor, müəllimlər və ehtiyat zabitlər də bunu fikirlərindən çıxarmadılar; başqa sözlə, Karl Cozefə həqiqətən də bir şey olmadı. Yaxşı bir minici olmamasına, xəritəni yaxşı çəkə bilməməsinə, triqonometriyada tamamilə müvəffəqiyyətsiz olmasına baxmayaraq imtahanlardan "yaxşı bir qiymətlə" keçdi, leytenant rütbəsiylə məzun olaraq onuncu Süvari Birliyinə təyinatı verildi.

      Gözlərində yeni əldə edilən təntənə və son mərasimdən sonra yaranmış özündən keçmiş bir ifadə, qulaqlarında hələ də mayorun guruldayan məzuniyyət çıxışı, əynində qızılı düyməli mavi uniforma, sol əlində dəri kənarlı papağı, qıpqırmızı minici şalvarı, ayaqlarında par-par parıldayan mahmızlı çəkmələr, ombasında isə geniş qəfəsli bir qılınc – Karl Cozef isti bir yay günü atasının qarşısına bax belə çıxdı. Bu dəfə bazar günü deyildi. Leytenant çərşənbə günü də gələ bilərdi. Bölgə qubernatoru iş otağında oturmuşdu.

      –Rahat ol, – dedi. Gözlüyünü burnunun üzərindən götürdü, göz qapaqlarını qısdı, dikəlib oğlunu süzdü; hər şeyin yolunda olduğu qənaətinə gəldi. Karl Cozefi qucaqladı, bir-birlərinin yanaqlarından qeyri-səmimi şəkildə öpdülər. Bölgə qubernatoru oturmasını tapşırıb leytenantı kresloya doğru istiqamətləndirdi. Özü otaqda o baş-bu başa gedirdi. Sözləri üçün münasib bir başlanğıc düşünürdü. Bu dəfə hər hansı bir qınamadan söz belə gedə bilməzdi, razılıq ifadəsiylə başlamaq da mümkün deyildi. Nəhayət, dedi:

      –İndi alayının tarixiylə maraqlansan yaxşı olar, üstəlik, babanın döyüşdüyü alayın tarixiylə əlaqədar bəzi şeyləri də oxumalısan. Vəzifəmlə bağlı Vyanada iki gün işim var, mənə yoldaşlıq edəcəksən.

      Sonra masa zəngini çaldı. Jak gəldi. Bölgə qubernatoru təlimatını verdi:

      –Frauleyn Hirşvits bu gün masaya şərab qoydursun. Yeməkdə əgər mümkünsə mal ətiylə albalılı keks olsun. Bu gün yeməyə normal vaxtdakından iyirmi dəqiqə gec oturacağıq.

      Jak

Скачать книгу