Radetski Marşı. Йозеф Рот
Чтение книги онлайн.
Читать онлайн книгу Radetski Marşı - Йозеф Рот страница 9
–Tanış olmasaq da xanımınıza salamlarımı çatdırın. Herr Nexval isə bunu məmnuniyyətlə edəcəyini bildirib arvadının çox sevinəcəyini deyərdi. Uşaqlarının qız yoxsa oğlan olduğunu hər dəfə unudan herr von Trotta soruşardı:
–Uşaqlarınız necədi?
Orkestr rəhbəri deyərdi:
–Ən böyüyü məktəbdə çox yaxşı oxuyur.
Herr von Trotta yüngül bir həqarətlə soruşardı:
–Hər halda musiqiçi olacaq?
–Xeyr, – deyə herr Nexval cavab verərdi, – gələn il hərbi məktəbə girəcək.
–Eləmi, zabit olacaq, demək, – bölgə qubernatoru demişdi. Herr Nexval gülümsəmişdi:
–Əlbəttə! Çox çalışqandır. Bəlkə günlərin birində Baş Qərargaha girər.
–Əlbəttə, əlbəttə, – bölgə qubernatoru demişdi. – Belə vəziyyətlər əvvəllər də reallaşıb.
Hələ heç bir həftə belə keçmədən bütün bunları unutmuşdu. Orkestr rəhbərinin uşaqlarını xatırlamaq vacib deyildi.
Herr Nexval nə az, nə də çox – iki kiçik fincan qəhvə içdi. Virciniya siqaretinin son üçdə bir qismini kədərlənərək söndürdü. Getməyə məcbur idi; tüstülənən bir siqaretlə qalxmaq yaxşı görünməzdi.
–Bu gün hər şey mükəmməl idi. Xanımınıza salamımı çatdırın. Onunla təəssüf ki, hələ də tanış ola bilmədik, – herr von Trotta-Sipolje dedi. Karl Cozef topuqlarını bir-birinə vurdu, orkestr rəhbərini pilləkənin ilk pilləsinə qədər müşayiət etdi. Sonra siqaret otağına geri döndü. Atasının qarşısında dayanıb dedi:
–Mən gəzməyə gedirəm, ata.
–Hə, get yaxşıca dincəl, – deyən herr von Trotta əlini qaldırdı.
Karl Cozef çıxdı. Yavaş-yavaş yeriməyi düşünürdü; tənbəl-tənbəl gəzmək, ayaqlarına tətildə olduqlarını sübut etmək istəyirdi. Yolda ilk hərbçiyə rast gəlincə, orduda deyildiyi kimi özünü unudub yerişini dəyişdi. Şəhərin sərhədinə, günəşin altında ağır-ağır yanan böyük sarı vergi idarəsinə çatdı. Tarlaların şirin qoxusuyla çəmənlik quşlarının fəryada bənzəyən ötüşü üzünə vurdu. Mavi üfüq xəttini qərbdə boz təpələr kəsir; samanlı damlarıyla ilk kənd daxmaları görünür; ev heyvanlarının səsləri yayın səssizliyini bir şeypur kimi dəlib keçirdi. Günəşə, işığa bürünmüş tarlalar yuxudaydı.
Dəmiryolu bəndinin arxasında bir baş çavuşun komandirlik etdiyi jandarm dəstəsi vardı. Karl Cozef baş çavuş Slamanı tanıyırdı. Qapını döyməyi qərara aldı. Qovrulan şüşəbəndə çıxdı, qapını döydü, zəngi basdı, kimsə yox idi. Sonra bir pəncərə açıldı. Frau Slama ətirşahların üzərindən əyilib səsləndi:
–Kimdir? – kiçik Trottanı görüncə dedi: – Bu dəqiqə açıram.
Dəhlizə baxan qapını açdı, içəri sərin idi, yüngülcə ətir iyi gəlirdi. Frau Slama paltarına bir damla ətir vurmuşdu. Karl Cozef Vyananın gecə klublarını xatırladı.
–Baş çavuş yoxdurmu? – deyə soruşdu. Qadın cavab verdi:
–İş başındadı, herr von Trotta. İçəri gəlin.
Karl Cozef indi Slamaların salonunda idi. Qırmızımtıl, alçaq tavanlı, çox sərin bir otaq idi; adam özünü buzxanadaymış kimi hiss edirdi; yastıqlı kresloların yüksək arxalıqları oturunca adamın kürəyini ağrıdan, qəhvəyi rəngə boyanmış yarpaq şəklindəki oyma bəzəklərdən ibarət idi. Frau Slama soyuq limonad gətirdi, narın qurtumlarla içib kiçik barmağını ayrı tuturdu, ayağını ayağının üstünə aşırmışdı. Karl Cozefin yanında üzü ona çevrilmiş şəkildə oturmuşdu, ipək qırmızı başmaq geyindiyi ayaqlarından birini yelləyirdi, ayaqlarına corab geyinməmişdi, çılpaq idi. Karl Cozef əvvəlcə ayağa, sonra da limonada baxdı. Frau Slamanın üzünə baxmadı. Papağı dizlərinin üstündə idi, limonadın önündə sanki iş başındaymış kimi dimdik otururdu.
–Xeyli vaxtdır gəlmirsiniz, herr von Trotta, – qadın dedi. – Çox böyümüsünüz! On dörd yaşınız geridə qaldı hər halda?
–Bəli, çoxdan. – Evdən tezcə çıxmağı düşündü. Limonadı bir qurtumda bitirməli, gözəl bir reverans etməli, ərinə salam deyərək getməli idi. Çarəsizcə limonada baxdı, heç cür bitirə bilmirdi. Frau Slama yarımçıq stəkanı yenə doldurdu. Siqaret gətirdi. Siqaret çəkməsi qadağan idi. Frau Slama bir siqaret yandırıb tüstüsüylə burun pərlərini şişirərək laqeyd halda içinə çəkdi, sonra ayağını yellədi. Birdən-birə heç nə demədən Karl Cozefin dizlərinin üstündəki papağı götürüb masanın üstünə qoydu. Sonra siqaretini Karl Cozefin dodaqlarının arasına dürtdü, əlindən tüstü və odekolon iyi gəlir, güllü yay donunun qolları Karl Cozefin gözlərinin qarşısında parlayırdı. Karl Cozef ucunda hələ də qadının dodaqlarının nəmliyi hiss edilən siqareti nəzakətlə çəkməyə davam edərək limonada baxdı.
Frau Slama siqareti yenə öz ağzına alıb Karl Cozefin arxasına keçdi. Karl Cozef başını çevirməyə qorxurdu. Paltarın parlayan qolları birdən-birə boynunda idi, qadının üzünü saçlarında hiss etdi. Tərpənmədi. Lakin ürəyi dəlicəsinə döyünürdü, içində donub qalmış bədəniylə formasının düymələrinin cilovlamağa çalışdığı fırtına qopdu. Frau Slama “gəl” deyə pıçıldadı. Qucağında oturdu, sürətlə Karl Cozefi öpdü və işvəylə gözlərini çevirdi. Alnına bir tutam saç düşdü, dodaqlarıyla saçı alnından üfürməyə çalışdı. Karl Cozef qadının ağırlığını ayaqlarının üstündə hiss edirdi, eyni anda içində yeni şeylər oyandı; Karl Cozefin qol və ayaqlarındakı əzələləri dartındı. Qadını qollarıyla qucaqladı, formasının sərt parçasının üzərində döşlərinin yumşaq sərinliyini hiss edirdi. Frau Slamanın boğazından yüngül bir səs qopdu, bu hıçqırıqla fit arası bir səs idi; gözləri nəm idi. Sonra geriyə doğru qanrıldı, mehribanlıqla, həvəslə formanın düymələrini bir-bir açmağa başladı. Sərin, yumşaq əlini Karl Cozefin sinəsinə qoyub oğlanın dodaqlarından planlı bir həzlə uzun-uzadı öpdü, sonra sanki bir səsdən ürkübmüş kimi birdən-birə ayağa qalxdı. Karl Cozef də dərhal yerindən atıldı, qadın gülümsəyib dal-dalı qapıya doğru gedərək yavaşca oğlanı arxasınca çəkdi, qollarını irəliyə uzatmış, başını arxaya atmışdı; üzü parlayırdı, qapını ayağıyla itələyərək açdı. Yataq otağına girdilər. Karl Cozef yarıaralı göz qapaqlarının arasından qadının onu soyundurduğunu gördü; yavaşca, etinayla, bir ana kimi. Dəhşət içərisində mərasim formasının cansız parçalar şəklində yerə düşdüyünü gördü, ayaqqabılarının yerə düşərkən çıxardığı boğuq səsi eşitdi, frau Slamanın əlini ayağında