Hekayələr. Азиз Несин
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Азиз Несин страница 10
Mənim də öz planım vardı. Stolumun üstündə yarımlitrlik bir mürəkkəb şüşəsi hazır dururdu. Onu hərifin başına tökəcəkdim. Fişgetdin bəyin idarəmizə gələcəyini öyrənərsə, hərif buraya ayaq basmaz deyə bu məsələni ondan gizlədirdik. Fişgetdin bəyin gələcəyi günü Təkinin də orada olması üçün müxtəlif tədbirlər gördük.
Nəhayət, Fişgetdin bəy gəlib çıxdı. Təkin də bu vaxt bizim otaqda idi. Müdir bir yol tapıb Fişgetdin bəyi bizim otağa gətirəcəkdi. Hamı həyəcan içində idi. Hər kəs hazırlığını başa çatdırmışdı. Çayçı bir vedrə su qaynatmışdı. O bu qaynar suyu Təkin bəyin başına tökəcəkdi. Biz polis idarəsinə də xəbər vermişdik və oradan üç polis gəlmişdi. Onlar hərifi tutub aparacaqdılar.
Nəhayət, Fişgetdin bəy ətrafında müdir və müavini bizim otağa gəldi. İdarəmizin bütün əməkdaşları da qapının arxasına yığışıb gözləyirdilər. Kiminin əlində zopa, kiminin əlində süpürgə…
Fişgetdin bəy içəri girər-girməz Təkin yerindən sıçrayıb ona tərəf cumdu və əlini öpdü. Fişgetdin bəy:
– Sağ ol, oğlum! – dedi.
Təkin:
– Əmidostum necədir, yaxşıdırmı? – deyə soruşdu.
– Allaha şükür, yaxşıdır, hamı canına duaçıdır.
Təkin:
– Əmidostum mənə nə qədər “Təkin, evə gəl, qonaq ol” deyir. Amma heç cür vaxt tapıb gedə bilmirəm. Əmidostumun yanında üzüqara oldum. Məni buraya qulluğa düzəltdiyiniz gündən inanın ki, boş vaxtım olmur.
Fişgetdin bəy bir Təkinə baxdı, bir müdirə:
– Siz necə, Təkindən razısınızmı? – deyə soruşdu.
Müdir:
– Çox razıyam, əfəndim! – dedi.
– Şöbə müdiri kimdir?
Müdir məni göstərdi.
Fişgetdin bəy:
– Necədir, Təkin işin öhdəsindən yaxşı gəlirmi?
– Ah, əlbəttə!
Çölə çıxdılar. Onlar qapıdan çıxanda Təkin Fişgetdin bəyin əlini bir də öpdü. Biz yerimizdəcə quruyub qaldıq.
İki ay sonra Təkinin vəzifəsi böyüdüldü.
Dünən o, yüz lirə versəm, mənə həkimdən biraylıq işdən azadolma kağızı düzəldəcəyini söylədi. Bilmirəm bu pulu ona verim, ya yox. Bu haqda fikirləşirəm.
VƏTƏN BORCU
Həbsxanaya vəlvələ düşmüşdü, təzə xəbər kameradan-kameraya yayılırdı:
– Xəbərin varmı, Vazelin Ehsan tutulub.
– Qardaş, Vazelin Ehsan kimdir axı?
– Siz cavanlar onu tanımazsınız! Onun qılıncının dalı da, qabağı da kəsəndə siz hələ ananızın qucağında idiniz.
Vazelin Ehsan əvvəlcə iki həftə xüsusi təcridxanada saxlanıldı. Sonra onu ikinci şöbədəki kameralardan birinə köçürdülər. Orada məşhur dələduzlar saxlanılırdı. Ehsanın keçmiş dostları, köhnə cinayətkarlar onu tanıyırdılar.
– Xoş gəlmisən, Ehsan ağabəy!4
– Ehsan ağabəy, nə üstündə tutuldun?
Kameradakılar çay içirdilər. Vazelin Ehsan çay məcməyisinə saymazyana bir yüzlük atdı. Təzədən çay dəmləndi. O da necə yaxalandığını danışmağa başladı:
– Vallah, desəm, sizə çox gülməli gələcək, inanmazsınız. Mən özüm də heç inana bilmirəm. Kimə, kimə, daha mənə yox da… Əlli yaşım var, saçım-saqqalım ağarıb, ancaq heç belə oyuna düşməmişdim. Bu dəfə mən vətəndaşlıq borcumu yerinə yetirmək üstündə yaxalanmışam! Vətənim üçün çalışmışdım!..
Siz bilirsiniz ki, mən çayxana işlədirəm. Bir dəfə polis idarəsindən iki nəfər yanıma gəlib dedi: “Bizimlə polis idarəsinə gedəcəksən”. Köhnə polis işçilərinin hamısını tanıyırdım. Təzələri ilə, əlbəttə, işim olmamışdı. Gedək deyirsiniz, gedək də… Soğan yeməmişdim ki, içim göynəsin. İdarəyə girəndə nə görsəm yaxşıdır?! Şirin Heydər polis idarəsində, yuxarı başda oturub. Mənim vaxtımda o, xəfiyyədə işləyirdi, indi isə baş komissar olmuşdu… Onun bir gözü azca çaş baxırdı və nəzərləri mülayim olduğu üçün hamı onu Şirin çağırırdı. Ancaq əslində, Allah da bilir ki, o, istiotdan acıdır.
Mən Şirin Heydərdən soruşdum:
– Qardaş, mənlə işin vardı? Məni çağırtdırmısan?..
– Əyləş, Ehsan, – dedi və oturmaq üçün stul göstərdi.
Əlbəttə, o dəqiqə barmağımı dişlədim, başa düşdüm ki, burada nə isə bir iş var. Mən Heydərin şakərinə yaxşı bələdəm. Əgər səndən keçəsi bir işi yoxsa, heyvan kimi üstünə şığıyacaq, təpik və şapalağı işə salacaq.
Mən onun göstərdiyi yerdə oturdum.
O mənə “Səndən bir şey istəyirəm” deyəndə qanım qaraldı. Məndən nə istəyə bilərdi?! Axı mən axırıncı işdən sonra bu polislərin hamısı ilə halalcasına hesablaşmışdım. Öz payıma düşən məbləğə də çayxana açmışdım.
– Ağabəy, – dedim, – özün bilirsən ki, axırıncı məsələ zamanı hər kəsin haqqını tamam-kamal vermiş, sənin sayəndə xilas olub keçmişimlə tamamilə üzülüşmüşdüm. Bütün köhnə haqq-hesablar ödənilib. Vaxtı da keçib. İndi məndən nə istəyirsən?
O mənə qulaq asdıqdan sonra dedi:
– Köhnə haqq-hesab çürüdülüb, necə deyərlər, keçənə güzəşt deyiblər. İndi sənə başqa bir işimiz düşüb. Biz səni çağırmışıq ki, vətəndaşlıq borcunu yerinə yetirəsən, vətən üçün çalışasan.
Öz-özümə fikirləşdim ki, görəsən, bu vətəndaşlıq borcu nə deməkdir? Hərbi xidmətdir? Əlbəttə! Demək, məni çağırıblar ki, orduya xidmətə göndərsinlər?
Şirin Heydərə dedim:
– Başına
4